Baş kəsməyə imkanı olmayanlar

Baş kəsməyə imkanı olmayanlar
12:42 2 Yanvar 2015
82 Dünya
Ölkə mətbuatı
A- A+

Vatikandakı hazırkı papanın bütün humanist çıxışlarına və çağırışlarına baxmayaraq, katoliklər ən qatı dini kəsim olaraq qalmaqdadırlar. Müsəlmanlara birmənalı şəkildə nifrət edirlər. Xeylisi üzdə özünü nəzakətli göstərsə də, ürəyinin dərinliyində qarşısındakının başını kəsmə planı qurur. Bu şişirtmə deyil, həqiqətən belədir, sadəcə dövlətin, hüququn mövcudluğu onlara bunu etməyə imkan vermir.

Sıravi azərbaycanlı hər hansı bir katoliklə nisbətdə çox dünyəvidir. O hər hansı yaradıcı bir qüvvənin varlığına inanır, təməl şərtləri qəbul edir, gerisini isə düşünmür. Məsələn, azərbaycanlı düşünmür ki, sünni haqlıdır, ya şiə. Hətta ən qatı şiələr və qatı sünnilər də qarşı tərəflə müəyyən qaydalar çərçivəsində razılaşmaya gedir və heç bir tərəf bir-birini nədəsə ittiham etmir. Doğrudur, axır zamanlar cənubdan və qərbdən gələn təsirlərlə bu məsələ radikallaşmağa doğru getsə də ümumi mənzərə bu cürdür. Azərbaycanlı məscidə nadir hallarda gedir. Onun yolu bu ibadət yerinə ya ölüsü düşəndə, ya işi düşəndə, ya da Aşurada düşür. O toyda, şənlikdə yıxılana qədər içir, qadağan olunmuş şeyləri "nemət" kimi istifadə edir, donuz ətinə "ceyran əti" adı qoyub yeyir.
Azərbaycanlı müsəlman digər dinlərə xeyli dözümlü yanaşır. İllərdir ünsiyyətdə olduğu, dost qazandığı adamlar rus, gürcü olduğu üçün azərbaycanlıya dini fərq o qədər də fərq eləmir. Ümumiyyətlə, bu toplumun özünə məxsus idarəçiliyi, xüsusi bir dini, qayda-qanunları var.
Azərbaycanlı İslamın bir neçə əsas qanununu təməl alaraq özünə bambaşqa bir din yaradıb, lakin onun adını dəyişdirməyib. Bu baxımdan demək olar ki, o dini bir şəxsdən daha çox dünyəvidir. Onun planlarının on faizdən də az bir qismi axirətə aiddir. O öz dini gerçəklərinə görə az-az hallarda başqasını ittiham edər, məsələn, başqasına cəhənnəmdə yanacaq adam gözüylə baxmaz. O Allah haqqında bir qədər daha məntiqli düşünür: əgər o varsa, yaxşı əməlləri mütləq dəyərləndirəcək.

Katolikin isə müsəlman haqqındakı düşüncələri bir xeyli baxımdan stereotipləşib. Əlbəttə, burada onun müsəlmanları yalnız öz ölkəsinə gələn mühacirlər qismində görməsi də rol oynayır. O heç vaxt onlarla iç-içə yaşamayıb və müsəlman coğrafiyasından aldığı xəbərlərin hamısı qan, ölüm və dəhşətdən ibarətdir. Bu həqiqətən belədir, xüsusən də İŞİD-dən sonra bu xəbərlərin sayı və dəhşəti daha da artıb. Bu baxımdan o bir qədər ehtiyatlı davranır, bir az da qorxur. Bu qorxu da onu müdafiədən hücuma getməyə səsləyir. Başlayır harda müsəlman görəndə ona bu və ya digər yolla hücum etməyə.

Bəzənsə katolik özünü artistliyə vurur. Özünü elə aparır ki, sanki din tarixində insanları tonqallarda yandırmayıb, kiçik bir günaha görə ən dəhşətli işgəncələrə məruz qoymayıblar. O elə zənn eləyir ki, inandığı din sadəcə gözəl ehkamlardan və insanların xeyrinə deyilən sözlərdən ibarətdir. Amma həqiqət budur ki, əgər dövlətlər və qanunlar bu dini kilsəyə sıxışdırmasaydı, xristian aləmi bu gün İŞİD-dən daha betər olardı, inkvizisiya tüğyan edərdi.

Əlbəttə, problemin məhiyyətində müsəlmanların yerli şəraitə uyğunlaşmaması, yeni qaydalara alşmaması da gəlir. Amma radikallığın mahiyyətində əsasən savadsızlıq, məlumatsızlıq, fanatiklik dayanır. Avropa insanı nə qədər qəribə olsa da sərhədlərin aşıldığını, hər şeyin bir-birinə qarışdığını, birmənalı olmadığını çətin anlayır. Onun üçün, məsələn, qafqazlıların illərdir dini sərhədləri aşaraq formalaşdırdıqları vahid mədəniyyət çox qəribədir. Öz dininə gəldikdə isə o dini qaydaların dünyəvi qayda qanunlarla qarışmasını əsl din hesab edir və dərhal da başqalarını günahkar olmaqda suçlayır. Bəzən qarışmanı anlamır, bəzənsə bu qarışma ona konkretlik kimi gəlir.

Lakin o sadəcə bölgədə mövcud olan hüquqi dövlətin, illərdir aparılan maarifçiliyin gücünün fərqində deyil. Həqiqətdə isə Avropada da din uğrunda radikallıq edəcək, insan öldürəcək xeyli sayda fanatik var.

Yeni Müsavat


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR