Dövlət Əmək Müfəttişliyi Xidməti müşavirə keçirib

Dövlət Əmək Müfəttişliyi Xidməti müşavirə keçirib
15:43 20 Fevral 2015
176 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Fevralın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti tədbirlərinin nəticələri və bu sahədə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a verilən məlumata görə, müşavirədə çıxış edən DƏMX-in rəisi Fuad Əlizadə deyib : “Hesabat dövründə 11527 müəssisədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı əksəriyyəti özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında olmaqla ümumən 20417 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Onlardan böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Digər pozuntuların aradan qaldırılması vaxt tələb etdiyi üçün onların ləğvi ilə bağlı işəgötürənlərə icrası məcburi olan göstərişlər verilərək icrası nəzarətə götürülüb”.
Aşkar edilmiş hüquq pozuntularına görə aidiyyəti üzrə 3113 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edildiyi, onlara ümumilikdə 4292600 manat məbləğində inzibati cərimə tətbiq olunduğu, bunun 2013-cü ilə nisbətən 6,8 dəfə çox olduğu bildirilib. “Tətbiq edilmiş cərimələrin 44,6 faizi dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. Bununla yanaşı, görülmüş tədbirlər nəticəsində vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş ödəmələrin ümumi məbləği 527574 manat olub. Bu məbləğin 88,8 faizi (468434 manat) əmək haqları, 6,4 faizi (33932 manat) zərər əvəzi ödənclər, 4,8 faizi (25208 manat) sosial müavinət və kompensasiyalar olub”, - deyə xidmət rəisi bildirib.
Bildirilib ki, bu ilin yanvar ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 28,5 faiz azalaraq 15-ə enib. Bu hadisələr nəticəsində xəsarət alanların sayı da 50 faiz azalmaqla 10 nəfər təşkil edib. Ötən ilin yanvar ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, bu ilin yanvar ayında belə hadisə baş verməyib.
F. Əlizadə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqinin ötən ilin uğurlu islahat tədbirlərindən olduğunu qeyd edib, bu sistemin qeyri-rəsmi məşğulluğun aşkarlanaraq aradan qaldırılmasında, əmək bazarına nəzarətin gücləndirilməsində roluna toxunub.
Müşavirədə əmək hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi sahəsində yol verilən nöqsan və çatışmazlıqlardan da bəhs olunub. Nöqsanlara yol verdiklərinə görə DƏMX-in 4 region üzrə dövlət əmək müfəttişliklərinin rəislərinə və 8 nəfər əmək müfəttişinə töhmət verilməsi, 1 nəfər əmək müfəttişinin tutduğu vəzifədən azad edilməsi qərara alınıb. Həmçinin 4 region üzrə dövlət əmək müfəttişlikləri rəislərinin və 18 nəfər əmək müfəttişinin rotasiya qaydasında yerlərinin dəyişdirilməsi barədə qərarlar qəbul olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Amek_Mufettisliyi_Xidmeti_musavire_kechirib-833654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR