Hərbi ekspert: Ermənistan 2015-ci ildə Azərbaycan Ordusunun gücünü hiss edəcək

15:48 20 Fevral 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

"Böyük əminliklə deyirəm ki, 2015-ci ildə Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin gücünü hiss edəcək". Bunu son aylar Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrin mümkün nəticələrini Trend-ə şərh edən hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla sərhəddə və işğal etdiyi Azərbaycan ərazilərində, qoşunların təmas xəttində müxtəlif təxribatlar törətməsi cəhdləri artıq bizdə təəccüb doğurmamalıdır: “Bu, artıq Ermənistan tərəfindən bir gün, bir ay, bir il deyil, illərlə davam edən tərbiyəsizlik, həyasızlıqdır. Onlar Azərbaycan torpaqlarını işğal etmələri azmış kimi, hələ gəmidə oturub gəmiçi ilə dalaşırlar və öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Lakin Ermənistan bununla çox kobud səhvə yol verir və yanılır. Artıq Azərbaycan həmin Azərbaycan deyil, ordusu da həmin ordu deyil. İllər öncə onların ağızlarında şirə qalıb ki, guya onlar bu dəfə də hərbi əməliyyatlara başlasalar, nəyəsə nail olacaqlar. Elə Azərbaycan Müdafiə Nazirliyinin onlara ciddi xəbərdarlıq etməsi göstərir ki, Ermənistan çox amansız və sərt cavab alacaq. Onlar noyabrın 12-də cəbhə xəttində törətdikləri helikopter təxribatına görə aldıqları cəzanın daha ağırını alacaqlar. Bu dəfə onlar çox böyük həm maddi, həm də mənəvi itkilərə uğrayacaqlar”.

Hərbi ekspert hesab edir ki, lakin bu məsələdə təkcə Ermənistan günahkar deyil. Çünki bu ölkə təkcə rəsmi Yerevan tərəfindən deyil, havadarları tərəfindən də idarə edilir, yönləndirilir. Amma ermənilər bu yaxınlarda dəstək baxımından çox ciddi zərbə aldılar: “Məlum oldu ki, Dağlıq Qarabağda əgər hər hansı ciddi hadisələr baş verərsə, Ermənistanın çox böyük ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və digər qurumların heç biri onlara kömək edə bilməyəcək. Düzdür, onlar cəbhənin Azərbaycanın Tovuz, Qazax, Ağstafa rayonları ilə həmsərhəd olan hissələrində bəzi təxribatlara əl atırlar, amma bunun ermənilərə heç bir xeyri olmayacaq. Çünki hamı gözəl anlayır ki, Azərbaycanın Ermənistana qarşı heç zaman ərazi iddası olmayıb, söhbət işğal altnda olan ərazilərimizdən gedir. Bu mənada, mən bunu böyük əminliklə deyirəm ki, 2015-ci ildə Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin gücünü hiss edəcək. Lakin o zaman Ermənistan üçün artıq gec olacaq. Ona görə də onlar nə qədər tez qərar versələr və işğaldan çəkinsələr, bir o qədər elə özləri üçün yaxşı olar”.

Ü.Cəfərovun fikrincə, yaxın bir neçə ay ərzində cəbhədəki əməliyyatların geniş miqyas alacağı və total xarakter daşıyacağı gözlənilməsə də, sonrakı mərhələdə bunu istisna etmək olmaz: “Əgər total müharibə başlayarsa, kənar müdaxilələr olmayacaq, Azərbaycan Silahlı Qüvvələri öz gücünə çox qısa müddətdə Ermənistanı geri oturda və işğal altında olan əraziləri üzərində öz suverenliyini bərpa edə bilər. Buna heç kimin şübhəsi olmasın. Çünki bu gün bütün resurslar Azərbaycanın xeyrinədir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hər bir üzvü ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə can atır və bunun üçün yalnız müvafiq əmri gözləyirlər. Hesab edirəm ki, bu əmr 2015-ci ildə verilə bilər və inşallah biz bunun canlı şahidi olacağıq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2366516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR