Azərbaycanda milli dövlət quruculuğu istiqamətində islahatlar davam etdirilir

15:58 20 Fevral 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, Həsrət Mahmudova, AzərTAc
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, eləcə də bütövlükdə ölkəmizin beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.
AzərTAc xəbər verir ki, bu fikir fevralın 20-də “Dövlət qulluqçusu: Milli dövlət quruculuğu istiqamətində kadr hazırlığı” mövzusunda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən konfransda bildirilib.
Dövlət himninin səsləndirilməsindən sonra konfransın moderatoru, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının departament rəhbəri Əzizə Nəcəfova müzakirə olunan mövzunun əhəmiyyətini vurğulayıb.
ADPU-nun prorektoru Rafiq Bəxşəliyev çıxışında müasir dövrdə gənc nəslin peşəkar kadrlar kimi yetişməsi istiqamətində görülən işlər, mövcud tələblər və perspektivlər barədə məruzə ilə çıxış edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın şöbə müdiri Afaq Hüseyn “Dövlət qulluğuna kadrların seçilməsi və insan resurslarının idarə edilməsi”, qurumun əməkdaşı Anar Mirzəyev “Dövlət qulluğuna qəbul prosesi”, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov “Gənc nəslin milli dövlətə xidmət ruhunda formalaşdırılması” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlarda milli dövlət quruculuğu istiqamətində kadr hazırlığından danışılıb. Bildirilib ki, dövlət qulluğu dövlət idarəçiliyinin əsas istiqamətlərindən biridir. Azərbaycanda dövlət qulluğunun konstitusional prinsiplərinin əsasını Azərbaycan Respublikasının Konstitusiyasının maddələri əks etdirir. Digər normativ hüquqi aktlarda isə bu prinsiplər daha da konkretləşdirilir.
Diqqətə çatdırılıb ki, müasir dövrdə dövlətlərin beynəlxalq aləmə inteqrasiya prosesinin sürətləndirilməsi üçün hər bir dövlətin idarə edilməsinin yüksək səviyyədə təşkil olunması çox əhəmiyyətlidir. Azərbaycan Respublikası da müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlarını davam etdirir.
Sonda tələbələrin sualları cavablandırılıb.
Konfrans Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən birgə təşkil olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_milli_dovlet_quruculugu_istiqametinde_islahatlar_davam_etdirilir-833659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR