Azərbaycan Qızıl Aypara Cəmiyyəti 95 illik böyük və  zəngin tarixə malikdir

15:58 20 Fevral 2015
1037 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov qurumun 95 illik yubileyi ilə əlaqədar AzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Ölkəmizin ictimai-siyasi həyatında önəmli yer tutan, humanizm dəyərlərinin qorunmasında əhəmiyyətli rol oynayan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  yaradılmasından 95 il ötür. Humanitar missiya üzrə fəaliyyət göstərən bu Cəmiyyətin tarixi və keçdiyi yol barədə məlumat verməyinizi xahiş edirik.
- Söhbətə başlamazdan əvvəl mən də AzərTAc-ın bütün kollektivini 95 illik yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram.
Fəxr hissi ilə deyə bilərəm ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 95 illik böyük və zəngin tarixə malikdir. 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinski Azərbaycan Qızıl Aypara Cəmiyyətinə maddi yardım ayrılması üçün hökumətə müraciət etmişdi. Bu müraciət əsasında ilk dəfə olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinə hökumət tərəfindən yardım olunması haqqında qərar qəbul olundu. Buna görə biz Cəmiyyətin yaranması tarixini mənbə kimi həmin vaxtdan götürmüşük.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sonrakı fəaliyyəti 70 il sovet hakimiyyəti dövrünə təsadüf edir. Cəmiyyətin bu müddətdəki fəaliyyətini yüksək qiymətləndirirəm. Bu dövrdə Cəmiyyət çox böyük işlər görməyə müvəffəq olub. Keçmiş SSRİ qanunlarına görə illik əmək haqqı fondunun təxminən bir faizi Qızıl Xaç və Aypara cəmiyyətlərinin fəaliyyətinə yönəldilirdi. Həmin nəhəng qurumların tərkibində ayrı-ayrı tibb ocaqları, xəstəxanalar, tibbi mərkəzlər, əczaxanalar, ictimai-iaşə xidmətləri və s. mövcud idi. Bu amil təbii ki, inkişafa xidmət edirdi, lakin əsas maneə  müstəqilliyimizin olmaması idi. Biz Qızıl Xaç və Qızıl Aypara hərəkatlarında SSRİ-nin tərkibində təmsil olunurduq. Azərbaycan QAC-ın adı demək olar ki, heç bir yerdə çəkilmirdi. Yalnız Sovet Qızıl Xaç və Qızıl Aypara İttifaqının tərkibində olan bir qurum kimi fəaliyyət göstərirdik. 
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Cəmiyyətimiz də müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyinin ilk dövrlərində QAC müəyyən çətinliklərlə üzləşdi. Belə ki, maliyyə imkanlarının məhdudluğu, fəaliyyətimiz üçün hüquqi bazanın olmaması işə mənfi təsir göstərirdi. Müstəqil ölkənin təmsilçisi kimi biz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasında o zaman hələ təmsil olunmamışdıq. Bunun üçün Beynəlxalq Federasiya tərəfindən təsbit olunmuş müəyyən şərtlərə əməl etmək lazım idi.
Yaranmış bu çətin vəziyyətdən çıxmaqda ulu öndər Heydər Əliyevin mühüm rolu oldu. Belə ki, məhz Ümummilli Liderin şəxsi təşəbbüsü ilə Milli Məclisdə 1994-cü il noyabrın 25-də “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işini yaxşılaşdırmaq” haqqında qərar qəbul olundu. Bu qərarla Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının tərkib hissəsi kimi  ölkəmizdə yeganə rəsmi təşkilat kimi tanındı. Bu isə çox vacib idi, çünki Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvü olmaq üçün Cəmiyyət ilk olaraq mütləq dövlət tərəfindən tanınmalı idi. Bu qərar təşkilatımızın Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvü olmasına təkan verdi. Bundan sonra 1995-ci ilin noyabrın 1-də QAC Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən tanındı. Həmin il noyabrın 26-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam, daimi, bərabərhüquqlu üzvü seçildi.
Lakin bütün bunlara baxmayaraq Cəmiyyətin fəaliyyətində problemlər, çətinliklər hökm sürməkdə davam edirdi. Belə ki, müstəqilliyin ilk illərində ölkədə yaranmış çətin vəziyyət, müharibə, torpaqlarımızın ermənilər tərəfindən işğala məruz qalması, iqtisadi artımın olmaması, 1 milyondan çox qaçqın və məcburi köçkün ordusunun yaranması bütövlükdə təkcə respublikaya deyil, eləcə də QAC-ın fəaliyyətinə öz mənfi təsirini göstərirdi. Həmin dövrdə Sabirabad, Biləsuvar, İmişli zonalarında bizim tərəfimizdən çadır şəhərcikləri salınmışdı. Təşkilatımız Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası vasitəsilə həmin şəhərciklərdə yaşayan insanlara yardım edirdi. Buraya ərzaq yardımı, tibbi xidmətlər, psixoloji yardımlar və s. daxil idi. O dövrdə milli Cəmiyyətimiz ancaq donorlardan asılı idi. Mən məsuliyyətlə deyirəm ki, bu asılılığın aradan qaldırılmasında, fəaliyyətin yoluna qoyulmasında Ulu Öndərin əvəzsiz xidmətləri olub. Azərbaycan xalqı Ümummilli Liderin bu mərhəmətli missiyasını heç vaxt unutmayacaq.
Çox sevindirici haldır ki, hazırda bu siyasət və mərhəmətli missiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkəmizdə söz, mətbuat azadlığına münasibət, tolerantlıq, iqtisadiyyata sistemli yanaşma, beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, aparılan islahatlar və s. əldə etdiyimiz böyük uğurlardandır. Bu nailiyyətlər təbii ki, bizim fəaliyyətimizdə də özünü göstərməkdədir. Təsəvvür edin, əgər 1920-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə yardım olunmasına dair yalnız bir dövlət sənəd mövcud idisə, müstəqillik dövründə QAC-la bağlı 12 sərəncam və digər qanunverici aktlar qəbul olunub. Buraya xüsusi olaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 2004-cü il 31 yanvar tarixli Sərəncamını və Milli Məclis tərəfindən 2007-ci il mayın 8-də qəbul edilən “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanunu qeyd etmək istəyirəm. Ölkə Prezidentinin 2008-ci il 7 aprel tarixli Sərəncamı ilə hər il martın 10-u respublikamızda “Qızıl Aypara Günü” kimi qeyd edilir.
 - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar layihələri necə maliyyələşdirilir? Belə demək mümkündürsə, büdcəniz hansı mənbələr hesabına formalaşır? 
- Əvvəla qeyd edim ki, bu gün bizim Cəmiyyətimiz donorlardan asılı deyil. Müqayisə üçün deyim ki, MDB məkanındakı müvafiq təşkilatların demək olar hamısı donorlardan asılıdır. Biz isə bütün humanitar layihələri öz vəsaitlərimiz hesabına həyata keçiririk. Digər bir məsələ ondan ibarətdir ki, biz donorlardan asılılığı aradan qaldırmaqla yanaşı, özümüz donora çevrilmişik. Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti Somaliyə, Türkiyəyə, İrana, Ukraynaya və digər ölkələrə humanitar yardımlar edir. Türkiyədə, Soma vilayətində kömür mədənində baş vermiş qəzadan zərər çəkmiş insanlara kömək etmək məqsədilə kampaniya təşkil etdik. Müəyyən miqdarda vəsait yığıldı. Bu aksiyada Milli Məclisin deputatları çox fəal iştirak etdilər. Bunu xüsusi olaraq vurğulamaq lazımdır. Bu gün bəzi böyük ölkələrin donor təşkilatları donorluq siyasətini həyata keçirə bilmirlər. Onların özlərinin yardıma ehtiyacları var.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkədə baş verən təbii fəlakətlərdən əziyyət çəkən insanlara da daim humanitar yardımlar göstərib. Bir neçə il əvvəl Kür çayının daşması nəticəsində yaranmış təbii fəlakət zamanı Sabirabad, İmişli, Hacıqabul ərazilərində bir sıra problemlər yaşandı. Təşkilatımız məhz həmin vaxtda müvafiq dövlət qurumları ilə bərabər problemlərlə üzləşən insanlara kömək əli uzatdı.
Bu gün ölkəmizdə qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti, onların inkişafı üçün hər cür şərait yaradılıb. Həmin şəraitdən istifadə edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti fəaliyyət dairəsini daim genişləndirir. Regionda, MDB məkanında nümunəvi bir quruma çevrilən QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasının demək olar ki, bütün strukturlarında təmsil olunur. Biz beynəlxalq arenada qəbul olunan qərarlara təsir etmə gücünə malikik, bizimlə məsləhətləşirlər. Bir sözlə, bu gün biz güclü  və analoqu olmayan bir milli təşkilat qurmağa müvəffəq olmuşuq. Bütün bunlar məhz Prezident İlham Əliyevin xüsusi diqqət və qayğının sayəsində mümkün olub. Azərbaycan Respublikası Prezidentinin təşkilatımızın fəxri üzvü olması bu qurumun dəyərini, xüsusi çəkisini artırıb. Dövlətimizin başçısının “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 31 yanvar 2004-cü il tarixli  Sərəncamı qarşımızda yeni üfüqlər açıb. Belə ki, bu Sərəncamdan sonra müxtəlif dövlət qurumları tərəfindən bizə xeyli dəstək verildi. Bundan əlavə, dövlətimizin başçısının imzaladığı sərəncamlarla QAC-da çalışanlar, könüllülər orden və medallarla təltif olunublar.          
 “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən bütün müasir tələblərə cavab verən qanun kimi digər ölkələrə nümunə olaraq tövsiyə edilib. Bu gün həmin ölkələr bizim bu təcrübəmizdən bəhrələnirlər.
Biz dövlət tərəfindən rəsmən tanınan ictimai təşkilatıq. QAC yeganə qeyri-hökumət təşkilatıdır ki, fəaliyyəti xüsusi qanunla tənzimlənir.
Bir məqamı da diqqətə çatdırmaq yerinə düşər. Mən MDB məkanında bu sahədə fəaliyyət göstərən yeganə cəmiyyət rəhbəriyəm ki, məvacib almıram. Bu cəmiyyətin könüllüsüyəm və bununla da fəxr edirəm.   
Bütün bunlarla yanaşı, bəzən çətinliklərlə də üzləşirik. Təşkilatımızın maliyyə mənbələri ilk növbədə üzvlük haqlarından, fiziki və hüquqi şəxslərin ianələrindən, o cümlədən digər humanitar yığımlardan formalaşır. Üzvlərimizin sayı 300 min nəfərə yaxındır. Aylıq üzvlük haqqı cəmi 18 qəpikdir. Əgər Cəmiyyətin bütün üzvləri üzvlük haqlarını ödəsələr, problemlərimiz həllini tapar. Əfsuslar olsun ki, üzvlük haqlarını tam yığa bilmirik. Bəzən 50-60, bəzən də cəmi 40 faizini yığmaq mümkün olur. Nəzərə almaq lazımdır ki, bu üzvlük haqlarının hesabına digər aztəminatlı, ehtiyacı olan insanlara yardımlar edilir. Yəni, Cəmiyyətimizin üzvləri bu məsələdə səfərbər olmalıdırlar.
- Humanitar fəaliyyət adətən  dövlət qurumları, müxtəlif donorlar, xarici təşkilatlarla qarşılıqlı əlaqələr tələb edir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu əlaqələri  hansı səviyyədədir?
- Bizim müxtəlif dövlət qurumları ilə çox yaxşı əlaqələrimiz var, mütəmadi olaraq əməkdaşlıq haqqında sənədlər imzalanır. İlk belə bir Əməkdaşlıq Memorandumu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə imzalanıb. Bu əməkdaşlıq çox müsbət nəticələr verir. Bu yaxınlarda Təhsil Nazirliyi ilə də belə bir sənəd imzalanıb. Əsas məqsəd hər bir təhsil ocağında gənclərə təbii fəlakətlər zamanı necə davranmağın lazım olduğu, ilk tibbi yardımın göstərilməsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatı barədə məlumatların verilməsindən ibarətdir. Eyni zamanda, Səhiyyə Nazirliyi ilə də əməkdaşlığımız mövcuddur.
Biz respublika üzrə qan donorluğu işində də fəallıq nümayiş etdiririk. Bu yaxınlarda daha bir qanvermə aksiyasını reallaşdıracağıq. Biz minlərlə insanı artıq bu işə cəlb etmişik və onlar bu nəcib aksiyaya qoşulmaqla qana ehtiyacı olanlara, belə demək mümkünsə, həyat verirlər.
Dövlət Miqrasiya Xidməti ilə Cəmiyyətimiz arasında  çox yaxşı işgüzar əlaqələr qurulub. QAC tərəfindən ölkəmizdə olan miqrantlara ödənişsiz Azərbaycan dili kursları keçirilir. Bu kursların sayəsində miqrantlar Azərbaycan dilini mükəmməl öyrənirlər və cəmiyyətə inteqrasiya edirlər.
ANAMA Agentliyi ilə əməkdaşlıq çərçivəsində isə minadan zərər çəkən insanlara müxtəlif yardımlar göstərilir. Həmçinin, yaxın gələcəkdə Müdafiə Nazirliyi ilə də Əməkdaşlıq Memorandumunun imzalanması planlaşdırılır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin beynəlxalq əlaqələri də yüksək səviyyədədir. Təşkilatımız Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatında iştirak edən bütün qurumlarla yaxından əməkdaşlıq etməkdədir. Bu hərəkatın tərkibinə Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və hər bir ölkənin milli cəmiyyətləri daxildir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ikitərəfli əməkdaşlığa da böyük önəm verir. Bizim Türkiyə Qızıl Ay, İran Hilali Əhmər, Avstriya Qızıl Xaç və digər milli cəmiyyətlərlə ikitərəfli münasibətlərimiz mövcuddur.  
Ümumiyyətlə, QAC beynəlxalq əlaqələrini həm ikitərəfli münasibətlər qurmaqla, həm də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası vasitəsilə genişləndirir.  
 Fürsətdən istifadə edərək Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 95 illiyi ilə əlaqədar Cəmiyyətin bütün işçi heyətini, üzvlərini, könüllülərini, veteranlarını səmimi qəlbdən təbrik edir, onlara səadət, xoşbəxtlik diləyirəm.
 
Əsəd Məmmədov
AzərTAc-ın müxbiri 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Qizil_Aypara_Cemiyyeti_95_illik_boyuk_ve__zengin_tarixe_malikdir-833658

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR