“Azərsu”da elmi-praktiki konfrans işinə başlayıb - FOTO

“Azərsu”da elmi-praktiki konfrans işinə başlayıb - FOTO
16:12 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:08 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanmış Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair Müqavilə çərçivəsində bu gün “Azərsu”da “Azərbaycanda sudan istifadənin müasir problemləri və onun idarə olunması” mövzusunda ikigünlük elmi-praktiki konfrans işinə başlayıb.

 

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, konfransda “Azərsu”, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) gənc alim və mütəxəssisləri, tələbələr, magistr və doktorantlar iştirak edib.

 

Konfransın açılışında çıxış edən “Azərsu”nun sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatının tarixi, ölkənin əsas su mənbələri və su təchizatı sistemləri barədə məlumat verərək bildirib ki, son illər prezident İlham Əliyevin bu sahənin inkişafına  göstərdiyi böyük diqqət və qayğı  sayəsində  Bakı şəhəri və Abşeron  yarımadası, eləcə də regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr uğurla həyata keçirilir. Fəaliyyətində yeni texnologiyaların istehsalata tətbiqinə, təhsil və elmi müəssisələrlə əməkdaşlığa, kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirən Səhmdar Cəmiyyət tərəfindən mütəmadi olaraq elmi konfranslar, treninq və  təcrübə kursları təşkil olunur: “Qlobal miqyasda su çatışmazlığı probleminin kəskinləşməsi  son illər sudan səmərəli istifadə məsələsinin aktuallığını daha da artırır.  Bu konfrans içməli su və kanalizasiya təsərrüfatının qlobal problemlərinin öyrənilməsi və onların aradan qaldırılması, yeni texnologiyalardan istifadə imkanlarının araşdırılması baxımından olduqca əhəmiyyətlidir. İçməli sudan səmərəli istifadə, tullantı sularının emal edilərək digər məqsədlərə yönəldilməsi hazırda dünyada prioritet məsələlər sayılır. Ümidvaram ki, konfrans yüksək səviyyədə keçiriləcək və səmərəli nəticələrlə yekunlaşacaq”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova  qlobal miqyasda su problemlərinə böyük diqqət yetirildiyini bildirmiş,  bu baxımdan konfransın əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Rektor “Azərsu” ilə əməkdaşlığın real nəticələrindən və faydasından bəhs edib: “Nəzəri bilikləri təkmilləşdirmək üçün təcrübə keçmək, istehsalat sahələrində olmaq vacibdir. İstehsalatla sıx əlaqənin yaradılması və təcrübə mübadiləsinin aparılması baxımından “Azərsu” ilə əməkdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq çərçivəsində ötən müddətdə birgə tədbirlər keçirilmiş, universitetin tələbələri  “Yay məktəbi”, istehsalat təcrübələrinə cəlb olunmuş, “Təqaüd Proqramı”nın imkanlarından faydalanıblar. “Azərsu”nun maddi texniki bazası, həyata keçirdiyi layihələr universitetimizin elmi potensialının zənginləşdirilməsi baxımından əhəmiyyətlidir”.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru professor Ramiz Məmmədov su ehtiyatlarının respublika üzrə paylanması, suyun keyfiyyəti ilə bağlı xəritələrin işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi istiqamətində son illər görülən işlər barədə məlumat verib.

 

“Azərsu”nun “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru, professor Yaşar Kəlbiyev, AzMİU-nun kafedra müdiri, professor Fəqan Əliyev, “Azərsu”nun Elmi Araşdırmalar və xarici əlaqələr şöbəsinin rəisi professor Çingiz Abdullayev konfransın əhəmiyyətindən, belə tədbirlərin gənc alim və mütəxəssislər üçün faydasından bəhs ediblər.

 

Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında içməli su təchizatı və kanalizasiya sektorunun aktual problemləri haqqında məruzələr  dinlənilmiş, ətraflı müzakirələr aparılıb. Konfransın ikinci günü, fevralın 21-də tədbir iştirakçılarının Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Mərkəzi Laboratoriyaya səfərləri təşkil olunacaq. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR