“Sonsuz dəhliz” Londonda nümayiş etdirilib - FOTO

“Sonsuz dəhliz” Londonda nümayiş etdirilib - FOTO
16:42 20 Fevral 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:38 ]

Bakı - APA. Fevralın 19-da Londonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Justice for Khojaly!” (Xocalıya ədalət!) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, tədbirdə iki yüzdən çox dəvətli - siyasətçilər, diplomatlar, incəsənət xadimləri, Böyük Britaniya parlamentinin üzvləri, Azərbaycan diasporasının fəalları və mətbuat nümayəndələri iştirak edib.

 

AAC-ın direktoru Lionel Zetter tədbirdə çıxış edərək deyib ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində belə tədbirlər təşkil etməkdən böyük məsuliyyət duyurlar. Bu kampaniya Xocalı dəhşətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başlayıb. Kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikanın yüz ölkəsində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib.

 

“Tarix həmişə müzakirə və şərh üçün açıqdır. Lakin 1992-ci ildə Xocalıda baş vermiş qanlı olaylar insanların yaddaşlarında dərin iz buraxıb. İki gün bundan əvvəl, sizin indi seyr edəcəyiniz filmin Ankaradakı nümayişi zamanı mən Valeh Hüseynovla görüşdüm. O, həmin dəhşətli gecənin şahidlərindən biridir. O, həm də bu filmdə çəkilib. Onun həyat yoldaşını qətlə yetirib, özünə isə ağır işgəncələr veriblər.

 

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə rəğmən Dağlıq Qarabağ və yeddi ətraf rayon hələ də Ermənistan hərbi qüvvələrinin işğalı altındadır. Torpaqlarının 20 faizi kimi işğal altında olan Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkün var. Bu tədbir Xocalı qurbanların xatirəsinə və ürəyində sadəcə bir arzusu - doğma yurd-yuvalarına qayıtmaq arzusu olan azərbaycanlıların şərəfinə həsr olunub. Ümid edirəm ki, “Sonsuz dəhliz” filmi ilə “Xocalıya ədalət” üçün bir addım daha irəliləyəcəyik. Nəyin bahasına olursa olsun, nə qədər zaman alırsa alsın, sonda ədalət öz yerini tapacaq”, - deyə Lionel Zetter vurğulayıb.

 

Litvanın məşhur kinematoqrafı, “Endless Corridor” filminin prodüseri və rejissoru Aleksandras Brokas filmin 5 ilə ərsəyə gəldiyini qeyd edib. 20 il bundan əvvəl baş verən qanlı olaylara tarixi ekskurs etdiyini deyən A. Brokas bildirib ki, film üzərində çalışmağa başlananda adını “Sonsuz dəhliz” qoymaq qərarına gəliblər: “Filmi bu faciənin bir daha təkrar olunmaması ümidi ilə çəkdik. Bununla belə, ötən 5 il ərzində biz yenə də müharibələrin və insanların qətlə yetirilməsinin şahidi oluruq. Ümid edirik ki, bu film yeni müharibələrin qarşının alınmasında öz rolunu oynayacaq və siyasətçilərə sübut edəcək ki, onlar düzgün qərar çıxarmalıdırlar”.

 

Xatırladaq ki, “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

 

Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə çıxışında deyib ki, həmin gecə 600-dən çox ocaq söndürüldü: “Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, həmin ocaqların yenidən yandırılması deməkdir. Filmdə insanların öz dilindən, onların başına gələnlərdən bəhs edilir. Valehin başına gələnlər və qızını Xocalı qətliamı zamanı dünyaya gətirən ananın yaşadığı acı anlar heç kəsi biganə qoya bilməz. Mən bu filmi ərsəyə gətirən rejissora öz təşəkkürümü bildirirəm. Mənə “nə üçün Xocalı faciəsi Azərbaycan üçün aktual mövzu kimi daim gündəmdə qalır və Azərbaycan bunun əvəzini çıxmaq istəyirmi” sualı ilə tez-tez müraciət edirlər. Bildirirəm ki, biz intiqam eşqində deyilik - biz ədalətin bərqərar olmasını istəyirik”.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR