Dədə Qorqud sözünün işığında (FOTO)

Dədə Qorqud sözünün işığında (FOTO)
16:58 20 Fevral 2015
89 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili gününə həsr olunmuş “Kitabi-Dədə Qorqud” saz və söz işığında” adlı tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan “Kitabi Dədə Qorqud”u dünya dastan sənətinin böyük hadisəsi kimi qiymətləndirib. Bu il “Kitabi - Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü olduğunu xatırladan İ.Həbibbəyli qeyd edib ki, bu məqsədlə ölkə daxilində və xaricdə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Akademikin sözlərinə görə, dastanın elmi müstəviyə çıxarılmasının 200-cü ildönümünün dünya səviyyəsində qeyd olunması Azərbaycan tarixi və mədəniyyətinin təbliğində çox önəmlidir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla ölkəmizdə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Ötən ay Bakıda dünyanın məşhur qorqudşünas alimlərinin iştirakı ilə “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumunun keçirildiyini xatırladan natiq bu cür tədbirlərin daha geniş müstəvidə, regionlarda da təşkil ediləcəyini söyləyib. H.Abdulla qeyd edib ki, Bilik Fondu bu sahədə layihələrin həyata keçirilməsində əməkdaşlığa hazırdır. Fond “Kitabi-Dədə Qorqud”un ideyalarını yaşatmaq, tədqiq və təbliğ etmək istiqamətində mühüm işlər görməyi planlaşdırır. Milli sərvətimiz olan bu qədim sənət abidəsini yaşatmalı və qorumalıyıq. O, bugünkü tədbirin Beynəlxalq Ana Dili Günü ərəfəsində keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
AMEA-nın həqiqi üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev ““Kitabi-Dədə Qorqud” – dilimiz, düşüncəmiz” mövzusunda məruzə edib. Dünya dastançılıq ənənələrindən danışan T.Hacıyev “Kitabi-Dədə Qorqud” boylarının dilinə dair ətraflı məlumat verib.

Tədbirdə ““Kitabi-Dədə Qorqud”un musiqi dünyası” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Zemfira Səfərova dastanda adı çəkilən ən qədim simli çalğı aləti qopuz haqqında geniş məlimat verib.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının əməkdar artisti Mehriban Zəki və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlunun iştirakı ilə “Kitabi-Dədə Qorqud” dastanından maraqlı bədii kompozisiyalar təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR