Bilik Fondunun təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” saz və söz işığında” tədbiri keçirilib

17:22 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 17:16 ]


Bakı. Cavid Zeynallı - APA. Prezident yanında Bilik Fondu və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Ana Dili gününə həsr olunmuş ““Kitabi-Dədə Qorqud” saz və söz işığında” adlı tədbir keçirilib.

 

Fonddan APA-ya verilən məlumata görə, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan “Kitabi Dədə Qorqud”u dünya dastan sənətinin böyük hadisəsi kimi qiymətləndirib.

 

Bu il “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü olduğunu xatırladan İ.Həbibbəyli qeyd edib ki, bu məqsədlə ölkə daxilində və xaricdə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Tədbirdə Bilik Fondunun sektor müdiri Hacı Abdulla qeyd edib ki, Bilik Fondu “Kitabi-Dədə Qorqud”un ideyalarını yaşatmaq, tədqiq və təbliğ etmək istiqamətində bir neçə tədbirlər həyata keçirməyi planlaşdırır.

 

“Kitabi-Dədə Qorqud”un musiqi dünyası” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü Zemfira Səfərova dastanda adı çəkilən ən qədim simli çalğı aləti qopuz haqqında məlumat verib.

 

Tədbirin bədii hissəsində əməkdar artist Mehriban Zəki və Opera və Balet Teatrının solisti, “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlunun iştirakı ilə “Kitabi-Dədə Qorqud” dastanından bədii kompozisiyalar təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR