Bayram Səfərov: Dağlıq Qarabağın qondarma rejimi danışıqların hər hansı mərhələsində iştirak edə bilməz

17:33 20 Fevral 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

"Bu zamanadək danışıqların hər hansı bir mərhələsində Dağlıq Qarabağın qondarma rejimi iştirak etməyib və edə də bilməz". Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov ATƏT Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında dialoq va etimadla bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı icması dialoq məsələsində daima konstruktiv mövqe sərgiləyir və dialoqa açıq olduğunu bildirir: “Bu baxımdan biz dəfələrlə bildirmişik ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoq vacibdir və bu qarşılıqlı inamın bərpa olunması və sülh sazişinin əldə olunmasından sonra əhəmiyyətli rol oynaya bilər. Lakin Ermənistan tərəfi bu məsələdə də konstruktiv mövqe sərgiləmir. Biz dəfələrlə bu cür görüşlərin təşkil olunmasına çağırsaq da, qarşı tərəf buna imkan vermir və hər vəchlə mane olur”.

B.Səfərov qeyd edib ki, dialoq və etimadın qurulmasında həmsədrlərin də rolu çox vacib və önəmlidir. Həmsədrlər bu məsələdə ciddi səy göstərməli və ciddi təkliflər irəli sürməlidirlər: “Biz bütün görüşlərimizdə həmsədrlərə Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyini açıq şəkildə bildiririk və inanırıq ki, dialoq və etimad quruculuğunun vacibliyindən danışarkən bizim bu barədə ciddi səy və təkliflərimizi nəzərə alacaqlar”.

Bundan başqa, İcma sədri bildirib ki, dialoq və etimad məsələsində daima destruktiv mövqe sərgiləyən Ermənistan indi də yeni bəhanələrə əl atır: “Belə ki, Ermənistan xarici işlər naziri ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşdə qondarma rejimin danışıqlarda iştirakı kimi cəfəng fikirlə çıxış edib. Lakin bu zamanadək danışıqların hər hansı bir mərhələsində qondarma rejim iştirak etməyib və edə də bilməz”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik bir neçə gün əvvəl Ermənistan KİV-lərinin birinə “Ermənistan və Azərbaycan prezidentləri biri-biriləri ilə çox səmimi idilər” başlığı altında verdiyi açıqlamasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında dialoq va etimad kimi bir sıra önəmli məqamlara toxunub. Həmsədr bildirib ki, qarşılıqlı inamın bərpası üçün tərəflər arasında görüşlərin keçirilməsi çox vacibdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2366576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR