Cəbhə bölgəsində yerləşən Tərtərdə ötən il 457-si daimi olmaqla, 1235 yeni iş yeri yaradılıb

Cəbhə bölgəsində yerləşən Tərtərdə ötən il 457-si daimi olmaqla, 1235 yeni iş yeri yaradılıb
17:38 20 Fevral 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 20 fevral, Tahir Ağaməmmədov, AzərTAc
Ötən il Tərtər rayonunda 108 milyon manatlıq məhsul istehsal edilib. Bunun 6,3 milyon manatlığı sənaye, 44,2 milyon manatlığı kənd təsərrüfatı məhsullarından ibarət olub. Həmçinin il ərzində 12,2 milyon manatlıq tikinti və quraşdırma işləri görülüb.
AzərTAc xəbər verir ki, bu faktlar rayonda 2014-cü ilin yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2014-cü ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə və video-slayda baxıblar.
Gənclər Mərkəzində keçirilən yığıncaqda bildirilib ki, hesabat dövründə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 12,9 milyon manat olub. İl ərzində 457-si daimi olmaqla, 1235 yeni iş yeri yaradılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə tikinti-quruculuq işləri geniş vüsət alıb.
Hesabat dövründə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının, qaz istismarı sahəsinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının binalarının tikintisi başa çatdırılıb, rayon icra hakimiyyətinin inzibati binası, Qazyan və Borsunlu kənd məktəbləri əsaslı təmir olunub, Rəcəbli kənd ümumi orta məktəbi üçün 150 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Beş yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər kəndlərarası avtomobil yolu, Tərtər şəhərinin mərkəzi meydanı yenidən qurulub, prospekt və küçələrdə geniş abadlıq-quruculuq işləri aparılıb, “nümunəvi məhəllə”lər, Heydər Əliyev parkında uşaqlar üçün əyləncə mərkəzi yaradılıb. Hazırda Olimpiya İdman Kompleksinin, 100 yerlik uşaq bağçası-körpələr evinin, şahmat məktəbinin tikintisi davam etdirilir.
Təmas xəttinə yaxın olan Qapanlı, Qazyan, Hüsənli, Dəmirçilər və Borsunlu kəndlərində ümumilikdə 8,5 kilometr uzunluğunda yolun işıqlandırılması təmin edilib, 4 yaşayış məntəqəsini birləşdirən Qapanlı-Seysulan avtomobil yolunun çınqıl örtüyü əsaslı təmir olunub, 2 kilometrlik yola asfalt döşənib. Ötən dövrdə rayonda ekoloji tarazlığın qorunması məqsədilə yaşıllaşdırma işləri diqqət mərkəzində saxlanılıb, 38 min 500 müxtəlif növ ağac və 7000 gül kolu əkilib.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan bəhs olunub. Bildirilib ki, cari ildə əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq üçün 32 subartezian quyusu qazılıb, kollektor və drenaj sistemləri lildən təmizlənib. Qapanlı və Qaraağacı arxlarına 1080 metr uzunluqda beton üzlük çəkilib.
Yığıncaqda çıxış edənlər görülən işlərdən, əldə olunan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışıblar.
Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cebhe_bolgesinde_yerlesen_Terterde_oten_il_457_si_daimi_olmaqla_1235_yeni_is_yeri_yaradilib-833713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR