Uşaq alkoqolizmi

Uşaq alkoqolizmi
17:47 20 Fevral 2015
121 Sosial
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər əsas günahı valideynlərdə görürlər

Rusiyalı həkim-narkoloqların fikirlərinə görə, təxminən 5 milyon yeniyetmə ölkədə alkoqolizmdən əziyyət çəkir. Ekspertlər xəstəliyin cavanlaşmasının səbəblərini axtarırlar. Onların fikrincə, əgər əvvəllər “yaşıl ilan” yeniyetmələrin yaxınlığında fırlanırdısa, amma bu gün spirtli içkilərə aludəçilik 11-13 yaşlı uşaqlara keçib. Hətta, bəzi hallarda 5 yaşlı içki düşkünlərinə də rast gəlinir. Rusiyada iddia edirlər ki, ölkədə bütünlüklə uşaq sərxoşluğu yoxdur. 60 faiz alkoqolizmə meyl edənlər isə 10 yaşına qədər uşaqlardır. “Bəzən bu, valideynlərin öz razılığı ilə olur. Məsələn, evdə qurulan məclislər zamanı şərabın və ya pivəni dadmaq üçün uşaqlarına verirlər. Müntəzəm olaraq spirtli içkilərdən istifadə edənlərin əksəriyyəti isə rifah halı yaxşı olmayan ailələrin, daha doğrusu, valideynləri sərxoş olan uşaqların payına düşür. Uşaq yaşında alkoqol bütün orqanlara təsir edir. Məsələn, 18 yaşından aşağı 40 faizə qədər uşaqlarda zəhərlənmə alkoqolla bağlıdır.

Həkimlər qeyd edirlər ki, bu ağır xəstəliyin səbəbləri müxtəlifdir. Problemin kökü böyüklərin öz uşaqlarına kifayət qədər vaxt ayırmamasındadır. “Elə hallar olur ki, uşaqlar spirtli içkilərə məktəbdə xoşagəlməzliklərlə qarşılaşdıqda aludə olurlar. Və yaxud məsələn, onlar valideynləri ilə ümumi dil tapa bilmirlər. Bəzən də cavabsız sevgi ilə qarşılaşırlar. Bu baxımdan, öz dərdini unutmaq üçün şərab təkcə böyüklərin dadına çatmır”.

Bəzən valideynlərin onlara məktəb bufeti üçün verdiyi pulu uşaqlar ayrı məqsədlərə istifadə edirlər. Belə ki, bir çox hallarda onlar “kampaniya” xətrinə içirlər. Həmçinin içən valideynlər də övladları üçün pis nümunədir. Uşaqlar onları əhatə edənlərin davranışlarını təkrarlayırlar. Çox vaxt onlara elə gəlir ki, hətta, ən zəif alkoqollu içki içdikdə belə yaşlarından böyük görünürlər və dostları onlara hörmət etməyə başlayır. Bu isə onunla nəticələnir ki, uşaqlar və yeniyetmələrdə özlərinə nəzarət hissi itir, onlar tez-tez alkoqoldan istifadə edir və bu, artıq sərxoşluğun ağır formasına keçir.

Ekspertlər təəssüflə bildirirlər ki, son illər yeniyetmələr arasında xüsusən, pivə çox populyarlaşıb. Hətta, "pivə alkoqolu" termini yaranıb. “Pivəyə aludə olmaq çox asandır. Çünki bu xəstəlik sürətlə formalaşır. Həmçinin anadangəlmə alkoqolizmə də rast gəlinir. Bu, uşaqlar ana bətnində olanda valideynləri alkoqoldan istifadə edərkən baş verir. Görünür, alkoqolun dərəcəsi hələ onların daxildə inkişaf dövründə başlayır. Bu cür uşaqlar doğulandan sonra da tələb olunan dozaya adətkər olurlar. Bir çox "xeyirxah" analar uşaqlarını sakitləşdirməkdən ötrü hətta, onların ağzını araqla isladırlar”.

Ekspertlər bildirirlər ki, hətta, uşaq yaşlarında alkoqolun istifadəsi nadir hallarda belə kifayət qədər təhlükəlidir. Bu, hər şeydən əvvəl uşağın psixikasını formalaşdırır. Uşaq alkoqolizmi təəssüf ki, çox ağır fəsadlar verir. Məsələ bundadır ki, 18 yaşına qədərki dövrdə insanın əsəb, endokrin və ürək-damar sistemi formalaşır, ancaq alkoqol bu sistemin işinə zərbə vurur. “İlk növbədə, uşağın əsəb və mədə-bağırsaq sistemi korlanır. Alkoqol istənilən insanın mədəsinə və ciyərinə öldürücü təsir edir. Ancaq uşaqlarda fermentlərin fəaliyyətinin çatışmazlığı səbəbindən daha böyük ziyan vurur. Nəticədə beyində və bütün orqanlarda etil spirtinin toksid hərəkatı güclənir. Belə uşaqlar yuxunu itirir, onlarda tez-tez qıcolma halları, sayıqlama ilə müşahidə olunan psixi pozuntular baş verir. Uşağın əqli və fiziki inkişafı zəifləyir”.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin psixiatriya və narkologiya kafedrasının professoru Yuriy Sivolap hesab edir ki, uşağa qarşı kobud münasibət, ailədə münaqişələr və zorakılıq, valideyn nəvazişinin yoxluğu, onlarda erkən dövrlərdə alkoqolizmin inkişaf riskini artırır. Belə ki, alkoqol asılılığı valideyn, xüsusən ana nəvazişinin çatışmadığı uşaqlarda baş verir. Ailədə sevilməyən uşaqlar öz dərdlərini alkoqolla ovudurlar. “Qətiyyən içməyən valideynlərin də bəzən sonradan alkoqol düşkünü olan övladları yetişir. Bu, daha çox xarici amillərin təsiri ilə baş verir”.

Problemin kifayət qədər ciddi olduğunu bildirən professor Adil Baxşəliyev hesab edir ki, uşaqlar o zaman alkoqola meyl edirlər ki, onların valideynlərində içkiyə aludəlik olsun. Belə ki, uşaq ailədə göz açıb içən valideyni görürsə, onda da məktəb yaşından spirtli içkilərə meyillilik yaranır: "Onlar içkiyə pivədən başlayır və yavaş-yavaş tünd içkilərə – arağa, müxtəlif növ evdə düzələn spirtli içkilərə keçirlər". Spirtli içkilərin sağlamlıq üçün zərərindən danışan professor onun ilk növbədə beynə mənfi təsirini qeyd etdi: "İçkilər ilk növbədə beynin düşüncə tərzini məhv edir. Beyində tədricən deqradasiya əmələ gəlir. O, beyin hüceyrələrinin spirtli içkiyə tələbatını ödəmək üçün min cür yol axtarır. Bundan əlavə, içkinin ürək-damar sisteminə mənfi təsiri var. O cümlədən aritmiyalar törədir. Pivə içənlərdə daha çox ürək genişlənməsi yaranır. Həddi-buluğa çatmayanlar içki içəndə onlarda cinsi aktivlik artır, amma sonrakı illərdə zəifləyir".

Psixoloq Dəyanət Rzayevin fikrincə, uşaq orqanizmi formalaşmadığından spirtli içkilər onlara psixoloji baxımdan mənfi təsir edir: “Asılılıq onlarda özünü daha çox büruzə verir. Ola bilər ki, yaşlarının müəyyən dövründə həmin təsir hiss olunmasın, amma gələcəkdə bu fəsad özünü mütləq göstərəcək. Onların davranışında psixopatologiya yaranır”. Psixoloq hesab edir ki, uşaqların alkoqolizmə meyli daha çox natamam ailələrdə baş verir. Belə ki, valideynləri alkoqola meyilli olan uşaqlarda bu, genetik amilə çevrilir”. Psixoloq övladları az yaşda alkoqola meyilli olan valideynlər tərəfindən çalışdığı mərkəzə çoxlu müraciətlər olduğunu da qeyd etdi.

Bununla belə, həkimlər hesab edir ki, əgər vaxtında müraciət olunsa, vəziyyət o qədər də ümidsiz deyil. Sadəcə, valideynlərin uşaqlarına düzgün yanaşması lazımdır ki, onların problemi vaxtında həll olunsun.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR