Kiyev Milli Linqvistika Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Kiyev Milli Linqvistika Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
17:48 20 Fevral 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 20 fevral, AzərTAc
Kiyev Milli Linqvistika Universitetinin nəzdində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin dəstəyi ilə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Tədbir Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının fəalları, Kiyev Milli Linqvistika Universiteti tələbələri İpək Hüseynzadə, Valeriya Kolobova, Cənnət Behbudova və Nigar Əmirzadə tərəfindən təşkil edilib.
Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməyə Kiyev Milli Linqvistika Universitetinin professor və müəllimləri, bu ali məktəbin tələbələri, Azərbaycan diasporunun nümayəndələri gəlib.
Ukrayna nümayəndələrinin tədbirdəki çıxışlarının leytmotivi belə olub: “Bu kədərli günlərdə bütün Azərbaycan xalqı ilə birlikdə ukraynalılar da qüssələnirlər. Biz həmişə - xoş günlərdə də, çətin anlarda da Azərbaycan xalqı ilə bir yerdə olmuşuq və bundan sonra da bir yerdə olacağıq”.
Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının vitse-prezidenti İsgəndər Zamanov tədbirdə çıxış edərək Ukrayna tərəfinə təşəkkürünü bildirib ki, bu xalqın müxtəlif nəsillərə mənsub nümayəndələri Xocalı soyqırımında həlak olmuş azərbaycanlıların xatirəsinin yad edildiyi tədbirə laqeyd qalmayıb, anım tədbirinə gəliblər.
Kiyev Milli Linqvistika Universitetinin türk dili müəllimi Növzat Qayabaş Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycan tərəfə dərin hüznlə başsağlığı verərək vurğulayıb ki, türk xalqı qardaş Azərbaycan xalqı ilə həmişə bir yerdə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq.
Sonra Heydər Əliyev Fondunun sifarişi ilə çəkilmiş “Xocalı şəhərinin bir günü” adlı sənədli film nümayiş etdirilib.
Anım tədbirinin sonunda iştirakçılar Xocalı soyqırımında həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq onların fotoşəkilləri önünə çiçəklər düzüblər.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kiyev_Milli_Linqvistika_Universitetinde_Xocali_soyqirimi_qurbanlarinin_xatiresi_yad_edilib-833718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR