Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi keçiriləcək
17:58 20 Fevral 2015
286 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Fevralın 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirəcək.
TQDK-dan AzərTAc-a bildiriblər ki, imtahan respublikanın altı şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəranda, ümumilikdə 38 imtahan mərkəzində aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13.00-da başlanacaq.
Ərizə vermiş bakalavrlar imtahanda iştirak üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əslini; “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.
Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Ərizələrin qəbulu internet vasitəsilə bu il fevralın 3-dən 12-dək aparılıb. Ərizə qəbulu haqqında elan, elektron ərizələrin doldurulma qaydası, qəbul imtahanlarında iştirak etmək üçün yerinə yetiriləcək prosedurların xronoloji ardıcıllığı və digər zəruri məlumatlar “Magistr” jurnalının ikinci nömrəsində və Komissiyanın rəsmi internet resurslarında bakalavrlara təqdim olunub. İmtahanda iştirak etmək üçün 23 min 230 (ötən il 24 min 560) bakalavr ərizə təqdim edib. Onlardan 20 min 706-sı Azərbaycan bölməsi, 2 min 524-ü rus bölməsi üzrə imtahan verəcək.
Bakalavrlardan 11 min 620-si cari ilin məzunları, 11 min 610-u isə əvvəlki illərin məzunlarıdır, 50 nəfəri isə xarici ölkə vətəndaşıdır.
İmtahanın idarə olunmasına 161 imtahan rəhbəri, 1759 nəzarətçi-müəllim cəlb olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ali_tehsil_muessiselerinin_magistratura_seviyyesine_qebul_imtahaninin_birinci_merhelesi_kechirilecek-833728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR