Özbəkistanın “Dunyo boylob” televiziya kanalı bu ölkədə yaşayan azərbaycanlılar haqqında proqram hazırlayıb

18:13 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Daşkənd, 20 fevral, AzərTAc
Özbəkistanın “Dunyo boylob” televiziya kanalı bu ölkədə yaşayan azərbaycanlılar haqqında özbək dilində geniş proqram hazırlayaraq təqdim edib.
Təxminən 40 dəqiqəlik proqramda Daşkənddəki Respublika Azərbaycan İctimai Birliyinin icraçı direktoru Firdovsi Hüseynov Özbəkistanda yaşayan azərbaycanlılar haqqında məlumat verib. Qeyd olunub ki, Daşkənd şəhəri ilə yanaşı, Səmərqənd, Buxara, Sırdərya və Fərqanədə də mədəniyyət mərkəzləri fəaliyyət göstərir və məqsədyönlü iş aparılır.
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov mərkəzdə fəaliyyət göstərən muzey və dərnəklər, burada keçirilən tədbirlər haqqında ətraflı söhbət açıb. Qeyd olunub ki, mərkəzdəki rəqs, rəsm, naxıştikmə dərnəklərində yalnız azərbaycanlı uşaqlar deyil, digər xalqların nümayəndələri də pulsuz məşğələlərdə iştirak edirlər.
Proqramda Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov bu qurumun xətti ilə görülən işlərdən söz açıb.
Verilişdə Daşkənddə yaşayan soydaşlarımız, Özbəkistan Dövlət Konservatoriyasının professoru, Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov, konservatoriyanın professoru, Nərgiz Poladxanova, Daşkənddəki Əlişir Nəvai adına Opera və Balet Teatrının solisti Cəbrayıl İdrisov, rəssam Zaur Mansurov, müğənni Rəna Əzizova və başqaları gördükləri işlərdən söz açın və xalqlarımız arasındakı dostluq əlaqələrindən söhbət açıblar.
Proqramda Daşkənddə yaşayan Süleyman Həsənovun beynəlmiləl ailəsi haqqında da məlumat verilib. Deyilib ki, ailə başçısının xanımı özbək qızıdır. Həsənovlar ailəsində 11 uşaq böyüyüb, bunların 6-si qız, 5-i isə oğlandır.
Verilişdə AMM-nin “Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimizi ifa edib.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozbekistanin_Dunyo_boylob_televiziya_kanali_bu_olkede_yasayan_azerbaycanlilar_haqqinda_proqram_hazirlayib-833732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR