"Artsax"ı Azərbaycan dirçəldəcək

"Artsax"ı Azərbaycan dirçəldəcək
18:22 20 Fevral 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Separatçı Dağlıq Qarabağ rejimi "dirçəliş günü"nü qeyd edir. Guya 27 il əvvəl dirçəldiklərini qeyd edən qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbəri bununla bağlı təbrik məktubu yayıb.
 
Əvvəla qeyd edim ki, “Artsax” sözünün erməni xalqının tarixi və dili ilə heç bir əlaqəsi olmayıb və yoxdur. Artsax Urartu dövlətinin bir əyaləti olub. Ermənistan - Hayastan olmadığı kimi, Artsax da hayların vətəni olmayıb.
 
Məktub başdan ayağa ziddiyyətlərlə və özünü inkarla doludur. Bütün dünya həmin əraziləri Dağlıq Qarabağ kimi tanıyıb və bu, bütün beynəlxalq sənədlərdə öz əksini tapıb. Azərbaycanın ərazisi kimi tanınır.
 
İkincisi, ermənilər separatizmlərini rəsmiləşdirdikləri günü bayram etmək əvəzinə, tökdükləri ilk qandan xəcalət çəksəydilər, özləri üçün daha faydalı olardı.
 
Fevralın 20-də Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusu ilə yaşayan Dağlıq Qarabağ erməniləri Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSRİ-nin tərkibinə girməklə bağlı "qərar" qəbul etdilər. Bədnam iqtisadçı akademik Abel Aqanbekyan və Fransa erməniləri bu məsələdə ilkin provokator rolunu oynadılar.
 
Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə birləşməsi ilə bağlı Xalq Deputatları Sovetinin "qərarın"dan iki gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayiş keçirdilər. Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci qətlə yetirdilər. DQ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ Baş Prokrorunun birinci müavini Aleksandr Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqlədi.
 
Üçüncüsü, separatçı rejimin rəhbəri məktubda "müstəqil" respublikanın başçısından daha çox Ermənistanın bir əyalətini idarə edən şəxs təəssüratı yaradır.
 
O, məqsədlərinin ermənilər üçün bir olan vətənin qurulması olduğundan bəhs edir. Görünür, qondarma "respublikanın" başçısı müstəqillik ümidlərini itirib. Bununla o, heç bir dövlət tərəfindən tanınmayan separatçı rejimin Ermənistana birləşəcəyinə eyham vurmuş olur.
 
Əslində o, rəhbərlik etdiyi əhaliyə "müstəqilliy"in gücləndiriləcəyindən və bu istiqamətdə görüləcək işlərdən bəhs etməli idi. Bunun əvəzində isə məktubda həmişəki kimi daxili auditoriyaya hesablanmış pafoslu sözlərə geniş yer verilib.
 
Bir sözlə, təbrik məktubundan da görünür ki, separatçı rejim gələcək barədə ümidli deyil. Dağlıq Qarabağı yalnız bu torpaqların əsl sahibləri olan azərbaycanlılar dirçəldə bilərlər.
 
Azərbaycan gec-tez Dağlıq Qarabağın keçmiş şöhrətini özünə qaytaracaq və əsl dirçəlişin necə olduğunu ermənilərə göstərəcək.

Məftun Salmanov
Trend


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR