Beş yüzdən çox poltavalı Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının kədərini bölüşmək üçün toplaşdı

Beş yüzdən çox poltavalı Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının kədərini bölüşmək üçün toplaşdı
18:33 20 Fevral 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 20 fevral, AzərTAc
Azərbaycan Respublikasının Xarkov şəhərində fəxri konsulluğu tərəfindən fevralın 19-da keçirilmiş görüş-rekviyem zamanı Poltava İqtisadiyyat və Ticarət Universitetinin (PİTU) 500 nəfərlik akt zalı tamamilə dolmuşdu. Tədbirdə Poltava vilayət şurasının sədri Pyotr Vorona, onun müavini Vladimir Mikiyçuk, universitetin rektoru Aleksey Nestulya və prorektor Oleq Durmanenko, vilayət administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr departamentinin dinlər və millətlərin işi üzrə sektor müdiri Vladimir Sostin və başqaları iştirak ediblər.
PİTU-nun rektorluğu tədbirin keçirilməsində böyük maraq göstərib. Çünki universitetdə Azərbaycandan təxminən 300 tələbə təhsil alır. Bu ali məktəbin nəzdində isə bir neçə ildir ki, Bakı Slavyan Universitetinin dəstəyi ilə Azərbaycan Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Tədbirdə çıxış edən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov bildirib ki, fevralın 26-sı Azərbaycanda Xocalı soyqırımı günüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qruplaşmaları və onların qaniçən əlaltıları tərəfindən Azərbaycan şəhəri Xocalıda dinc sakinlər kütləvi öldürülüb və bu, Qarabağ müharibəsi tarixində ən böyük və qəddar qırğın olub.
Fəxri konsul tədbir iştirakçılarına bu qanlı cinayətin ermənilər tərəfindən necə törədildiyi barədə müfəssəl məlumat verib və Xocalı faciəsi qurbanlarının nurlu xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.
Sonra çıxış edən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin direktoru, dosent Yaşar Alxasov qeyd edib ki, Qarabağ münaqişəsinin, o cümlədən Xocalı faciəsinin faktlarını dərindən araşdırıb.
Y.Alxasov həmçinin daxili qoşun leytenantı, poltavalı Oleq Babakın Ermənistan-Azərbaycan, o, Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatlarda xalqımızın tərəfində vuruşmağından, o cümlədən konflikt zonasından qadınların və uşaqların təxliyə olunmasına kömək etməyindən danışıb. Vurğulayıb ki, cəsur zabit erməni silahlılarının mühasirəsində olarkən son gülləyədək vuruşaraq, qəhrəmanlıqla həlak olub. Onun fədakarlığı nəticəsində tabeçilikdə olan hərbçilərin həyatı xilas olub və dinc sakinlərə divan tutulmasının qarşısı alınıb. Azərbaycanlı alim xüsusi vurğulayıb ki, Oleq Babak ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu cəsur və gözəl insan haqqında məlumatlar Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində saxlanılır.
Poltava vilayət şurası sədrinin müavini Vladimir Mikiyçuk, universitetin rektoru Aleksey Nestulya və digər ictimaiyyət nümayəndələri çıxışlarında Azərbaycan xalqını dəstəklədiklərini bildiriblər.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bes_yuzden_chox_poltavali_Xocali_soyqirimi_ile_bagli_Azerbaycan_xalqinin_kederini_bolusmek_uchun_toplasdi-833739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR