Görkəmli alimin yubileyi qeyd edilib

Görkəmli alimin yubileyi qeyd edilib
19:03 20 Fevral 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) görkəmli bioloq alim, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü İdris Axundzadənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, tədbirdə GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov alimin həyatı və zəngin elmi fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Bildirilib ki, Tovuz rayonunda ziyalı ailəsində anadan olan İdris Axundzadə əvvəlcə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, sonra isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İ.Axundzadə 1934-cü ildə akademik N.İ.Vavilovun dəstəyi ilə Rütubətli Subtropik Elmi-Tədqiqat Mərkəzinin aspiranturasına qəbul olunub. 1956-1961-ci illərdə İ.Axundzadə AMEA-nın Genetika və Seleksiya İnstitutunda (indiki Genetik Ehtiyatlar İnstitutu) direktor, 1956-1987-ci illərdə şöbə müdiri vəzifələrində çalışıb. 1965-ci ildə İ.Axundzadə biologiya elmləri doktoru elmi dərəcəsi, sonra isə professor adı alıb. Alim elmi fəaliyyəti müddətində bir cırtdan alma, bir innab, iki feyxoa, dörd nar sortu yaradıb, 30-dək elmlər namizədi hazırlayıb.
Professor 200 elmi məqalə, altı monoqrafiya, bir dərslik və aqronomlar üçün üç məsləhət kitabçasının müəllifidir. İ.Axundzadənin elmi, təcrübi, pedaqoji, ictimai fəaliyyəti sahəsindəki böyük xidmətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Digər çıxış edənlər də İ.Axundzadənin elmi fəaliyyətindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonda alimin qızı, Bakı Dövlət Universitetinin müəllimi Aelita Axundova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gorkemli_alimin_yubileyi_qeyd_edilib-833754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR