Kitaba söz ardı....

Kitaba söz ardı....
19:09 20 Fevral 2015
65 Sosial
Ölkə mətbuatı
A- A+

Bacım Vüsalənin "Cəhənnəmdə böyük çığırtı" kitabı təkcə girovluq məşəqqətləri yaşamış insanların cəhənnəm çığırtıları deyil...

Mən də, Vüsalə də, digər yaşıdlarımız, sinif yoldaşarımız da, qonum-qonşunun uşaqları da 91-ci ilin ikinci yarısından sonra böyümədik. Müharibə bizi yeniyetmə ikən qocaltdı. Bu kitab o böyüməyən uşaqlığımızın, yaşamadığımız gəncliyin, bombalanmış arzularımızın çığırtısıdır....

Xocalı faciəsi ərəfəsində və sonra hər gün bombardman səsləri ilə oyanır, o səslərin səksəkəsindən gecələri yata bilmirdik. Məktəbdən qayıdanda başımızın üstündən qırıcı təyyarələr erməni mövqelərinə tərəf uçurdu, bomba səpələyib qayıdırdı. Təyyarələr “öz işini görüb” gözdən itənəcən yolda daş hasarların dibinə qısılıb qorxudan səsimizi udurduq. Bu kitab o vaxt uddugumuz səsimizin çığırtısıdır....

“Qrad” səsini bircə dəfə də olsun eşidən insanlar bilir ki, o necə vahiməli və tükürpədicidir. “Sanki sənin başına yağır” kimi hiss edirsən... Allahın veridyi hər günə, evimizdə yeyə bildiyimiz hər tikəyə şükr edib süfrəyə oturanda “Qrad” atəşi başlayırdı. Tikəmiz boğazımıza tıxanırdı. Bu kitab həm də o boğazımıza tıxanan tikənin çığırtısıdır.....

Biz Qarabağda ev ucaldanda zirzəmisini qara günlərdə sığınmaq, güllədən qorunmaq üçün tikmirdik. Amma evimizin sağına da, soluna da top mərmisi düşəndə, şüşələrimiz cilik-cilik olanda, “Qrad” səsləri gələndə pomidor-xiyar turşusu bağlayıb yığdığımız zirzəminin küncünə qısılırdıq. Kimisi sağ çıxırdı, kimisinin evinə mərmi düşüb elə zirzəmi qarışıq uçururdu, evinin dağıntıları altında qalırdı. Bu kitab həm də o zirzəmilərdən sağ çıxmayanların çığırtısıdır....

Məhləmizin başında Hüseyn kişi vardı, avtobus sürürdü. Bombardman başlayanda avtobusunu məhlənin ortasında saxlayır, bütün qadın və uşaqları, yaşlıları mindirib şəhərdən kənara çıxardır, orada gözləyir, bəzən gecələyir, ara sakitləşəndə geri qaytarırdı. Bomba yağışı altında Hüseyn kişinin avtobusuna minməyə geçikənlər də olurdu. Sonra onların bəzilərinin elə öz həyətindəcə meyidi tapılırdı. Bu kitab həm də Hüseyn kişinin avtobusuna gecikənlərin çığırtısıdır....

Həftədə bir neçə dəfə qonşularımızın evinə əsgər meyidi gətirilirdi. Çəpər qonşumuz Fatma xalanın oğlu Vüqarın qəfil gətirilən cənazəsi üstündə qopardığı hayqırtı hələ də qulağımdadır. Bu kitab həm də Fatma xalaların əsgər balasının tabutu başındakı çığırtısıdır....

Müharibədən bəhs edən filmlərə belə baxmayıb ovqatını korlamaq istəməyənlər bizim kimi müharibə qurbanlarına “qaçqın” deyib sanki dünyanın ən iyrənc məxluqu, ən sağalmaz infeksiyası haqda danışırmış kimi üzünü türşüdanda, ağzını əyəndə ruhumuz, qürurumuz hər dəfə yenidən bombalanır. Bu kitab həm də “qaçqın”a həqarət edənlərə qarşı qaçqın ruhların, qaçqın qəlblərin çığırtısıdır....

“Qaçqın” məndən yaxşı dolanır deyənlər bilmədi ki, “BİZ”lər hansı məhrumiyyətlərlə oxuduq, necə dişimizlə-dırnağımızla mövqe qazandıq, necə iynəylə gor qazdıq, neçə dirçəldik, necə yenidən ev qurduq. Amma bu məşəqqətli yolda əsil-nəcabətimizin, adət-ənələrimizin çoxunu itirdik. Qarabağ elinin məxsusi qayda-qanunlarının, adət-ənənələrinin, yaşam tərzinin əksəriyyəti elə o torpaqlarda da əsir qaldı. Bu kitab həm də o “əsirlərin” cəhənnəmdən gələn çığırtısıdır.

23 il keçir, amma ailəmizdə hər kəs hələ də hansı mövzuda olursa-olsun, yuxu görəndə evimizdə görürük, hadisələr orada cərəyan edir. Bizim kimi milyonlarla qarabağlının yuxusu tez-tez yanıb dağılmış, kol-kos basmış, ilan, canavar yuvasına çevrilmiış evlərimizə “ziyarətə gedir”. Bu kitab həm də bizim tifağı dağılmış evlərimizin çığırtısıdır....

Bu kitab Vüsalənin özünün dediyi kimi bir qarabağlı xanımın hərbi xidmətidir, Qarabağ qarşısında vətəndaşlıq borcudur. Amma ən əsası bu kitab anama müharibədə itirdiyi hər şeyin əvəzinə verilən bir hədiyyədir. Anam müharibənin bütün dəhşətlərini, zərbələrini içinə gömərək mətanətlə bizi böyütdü, oxutdu və bu günədək hər bir addımımızda ən böyük dəstəkçimiz, enerji və güc mənbəyimizdir. Müharibədə verdiyi bütün maddi və mənəvi itkilərə dözərək bir dəfə də olsun nə bizə, nə də taleyin bizdən dönən üzünə “çığırmayan” anamın da çığırtısıdır bu kitab!!!!!

Əlin, qələmin, ürəyin, ruhun, qababağlı qeyrətin VAR OLSUN, Vüsalə!

P.S. Ailəmiz adından"Cəhənnəmdə böyük çığırtı" kitabının ərsəyə gəlməsinə dəstək verən hər kəsə təşəkkür edirəm.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR