Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir

Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir
20:18 20 Fevral 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 20 fevral, AzərTAc
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki Mərkəzi və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə “Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki Mərkəzin mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin müdiri Fərzalı Səfərov Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu bildirib.
“Naxçıvan” Universitetinin ümumi tarix kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov qeyd edib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları XX əsrin əvvəllərindən başlayıb və bu iddialar soyqırımlarla müşayiət olunub. İstər 1905-1907-ci illərdə, istərsə də 1918-1920–ci illərdə Azərbaycanın əksər bölgələrində - Bakı, Quba, Şamaxı, Lənkəran, İrəvan, Naxçıvan, Cənubi Azərbaycan və digər yerlərdə törədilən soyqırımı aktları buna sübutdur.
Vurğulanıb ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri əvvəlki vandalizm aktlarına davam etdirərək keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı törədiblər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1000 nəfərdən artıq adam, о cümlədən 76 uşaq əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 nəfər girov götürülüb. Bu günədək 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edilib ki, Xocalı faciəsinin dünya dövlətləri tərəfindən tanınması baxımından işlər davam etdirilir. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Tədbirin sonunda “Xocalı faciəsi” adlı sənədli film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xocali_faciesi_beseriyyete_qarsi_toredilmis_cinayetdir-833795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR