Yunan-Roma güləşi üzrə Azərbaycan millisi ilk dəfə dünya kubokuna sahib olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi ilk dəfə dünya kubokuna sahib olub
20:28 20 Fevral 2015
227 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Azərbaycan güləşçiləri növbəti tarixi uğura imza atıblar. Azərbaycan millisi Tehranda keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.
AzərTAc xəbər verir ki, Azərbaycan yığmasının Rusiya millisi ilə final görüşü 4:4 hesabı ilə başa çatıb. Həlledici görüşdə güləşçilərimizdən Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq) və İslam Abbasov (85 kq) xalçadan qalib ayrılıblar. Hesab bərabər olsa da, Azərbaycan güləşçiləri xalların keyfiyyətinə görə (18:17) qələbəyə layiq görülüb. Millimizin birinci yerə layiq görülməsində güləşçimiz İslam Abbasovun rəqibini vaxtından əvvəl təmiz qələbə ilə məğlub etməsi də böyük rol oynayıb.
Beləliklə, yunan-Roma güləşi üzrə milli komandamız tarixi ərzində ilk dəfə dünya kubokuna sahib olub.
Turnirdə “B” qrupunda mübarizə aparan millimiz ilk olaraq yerli İran idmançıları ilə qarşılaşıb və pəhləvanlarımız gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurublar. Ardınca Almaniya və İsveç komandalarını 7:1 hesabı ilə məğlub edən yığmamız qrup mərhələsini lider kimi tamamlayıb.
Bürünc medallar uğrunda görüşdə isə Türkiyə millisinə qalib gələn İran yığması üçüncü pillədə qərarlaşıb. Beşinci yer uğrunda görüşdə Macarıstan İsveç millisinə qalib gəlib. Almaniya güləşçilərinə məğlub olan Ermənistan yığması isə dünya kuboku yarışlarını sonuncu pillədə başa vurub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yunan_Roma_gulesi_uzre_Azerbaycan_millisi_ilk_defe_dunya_kubokuna_sahib_olub-833797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR