“Bakı-2015” ilk Avropa Oyunları ABŞ-ın idman televiziya şəbəkəsi ilə yayım sazişi imzalayıb

20:33 20 Fevral 2015
44 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
“Bakı-2015” ilk Avropa Oyunları bu mötəbər idman yarışının ABŞ-da yayımlanmasını təmin etmək məqsədilə “Universal Sports Network” ilə saziş imzalayıb.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, “Universal Sports Network” iyunun 12-dən 28-dək öz kanalında və “UniversalSports.com” internet səhifəsində möhtəşəm açılış və bağlanış mərasimləri də daxil olmaqla Avropa Oyunları haqqında gündəlik proqram yayımlayacaq. “Universal Sports Network”, həmçinin Avropa Oyunlarının Kanadada yayımlanması hüququnu da əldə edir.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Universal Sports Network” ilə bu sazişin imzalanması “Bakı-2015” üçün mühüm təkandır və Oyunların dünyanın ən böyük tamaşaçı auditoriyasına nümayiş etdirilməsini təmin edir. Bu saziş birinci Avropa Oyunlarına bütün dünyada ciddi marağın olduğunu bir daha sübut edir. Əminəm ki, ABŞ-da yaşayan idman həvəskarları bu yay təşkil ediləcək yarışları izləməkdən zövq alacaqlar”.
“Bakı-2015” Avropa Oyunları bu saziş ilə yarışların dünyanın 50 ölkəsində yayımlanacağını elan edib.
“Universal Sports Network” bütövlükdə ABŞ ərazisində “Time Warner Cable”, “Cox Communications”, “Bright House Networks”, “Verizon FioS”, həmçinin “DIRECTV” və “DISH” kimi peyk yayımları və ölkədə fəaliyyət göstərən bir sıra regional kabel və IPTV operatorları vasitəsilə yayımlanır.
“Universal Sports Network” şirkətinin məzmun və kommunikasiya üzrə birinci vitse-prezidenti Robert Ceyms deyib: “İlk Avropa Oyunlarının nümayişi şirkətimizin beynəlxalq Olimpiya yarışlarına dair öhdəliyini əks etdirir. Oyunlarda təmsil olunacaq Avropa ölkələri və iştirak edəcək atletlər ABŞ-dakı idman həvəskarlarının maraqlı və həyəcan verici yarışlar izləyəcəyini vəd edirlər”.
“Universal Sports Network” ABŞ-da Olimpiya, güc və ekstremal idman növləri haqqında proqramların başlıca ünvanıdır. Hər il 1200 saatdan çox orijinal proqram yayımlayan “Universal Sports Network” 25-dən çox dünya çempionatını eksklüziv yayımlama hüququna malikdir. Qurum ildə idmanın 40-dan çox növü üzrə yarışan ən uğurlu idmançıların çıxışlarını tamaşaçılarına təqdim edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_2015_ilk_Avropa_Oyunlari_ABS_in_idman_televiziya_sebekesi_ile_yayim_sazisi_imzalayib-833801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR