İnnovativ yanaşmalar Azərbaycanda aqrar sektorun yeni simasının formalaşmasını təmin edəcək

20:53 20 Fevral 2015
176 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Prezident İlham Əliyevin Sərəncamı ilə 2015-ci il ölkədə “Kənd təsərrüfatı ili” elan edilib. Bu il çərçivəsində müəyyən edilən  hədəflərə  çatmaqda aqrar sahədə çalışan alimlərin də üzərinə çox böyük məsuliyyət düşür.
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru Cavanşir Təlai AzərTAc-a müsahibəsində “Kənd təsərrüfatı ili”ndə elmi-tədqiqat müəssisələrinin, o cümlədən  rəhbərlik etdiyi qurumun qarşısında duran vəzifələrə aydınlıq gətirir.
 -Cavanşir müəllim, aqrar sahədə çalışan bir alim kimi 2015-ci ildən hansı nəticələri gözləyirsiniz? 
-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bütövlükdə ölkədə aqrar-sənaye kompleksinin inkişafında və dolayısı ilə əhalinin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Bu da təsadüfi deyil. Çünki kənd təsərrüfatı ölkə iqtisadiyyatının strateji sahələrindən biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı həmişə önəmli yer tutub. Ulu Öndərimiz bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayarkən  etibarlı ərzaq təminatının hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərti olması prinsipini əsas götürürdü. Dahi rəhbərimizin qəti mövqeyi belə idi ki, ərzaq təhlükəsizliyi, ilk növbədə, hər bir ölkənin milli ərzaq müstəqilliyinə əsaslanmalıdır.
Bu sahədə fəaliyyət göstərən bir alim kimi Ümummilli Liderin siyasi xəttini qətiyyətlə və zamanın çağırışlarına uyğun yaradıcılıqla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Kənd təsərrüfatı ili”nin aqrar sektorun inkişafında yeni səhifə açacağına əminəm.
-Sizcə, cari ilin bu sahədə uğurlu nəticələrlə yekunlaşacağına təkcə “Kənd təsərrüfatı ili” çərçivəsində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi şərait yaradacaq, yoxsa digər amillər də mövcuddur?
  -Cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı surətdə müvafiq tədbirlərin həyata keçirilməsi tələb olunur. İlinuğurlu olacağına“Kənd təsərrüfatı ili” çərçivəsində müəyyən edilmiş tədbirlərlə yanaşı, Prezident İlham Əliyevin imzaladığı silsilə Dövlət proqramları da tam  zəmanət verir. Buna misal olaraq icrası tamamlanan və ya davam edən, ayrı-ayrı dövrləri əhatə edən yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramlarını, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını və digər rəsmi sənədləri göstərmək olar.
Digər mühüm amil cari ilin “Kənd təsərrüfatı ili” elan edilməsinin “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasının başa çatması ilə bir dövrə təsadüf etməsidir. Azərbaycan Prezidentinin bu ilin ölkədə “Kənd təsərrüfatı ili” elan edilməsinə  dair müvafiq Sərəncamı Dövlət Proqramının 2015-ci il üçün əsas hədəflərinə çatmaqda stimullaşdırıcı rol oynayacaq. Xüsusən də bu, özünü kənd təsərrüfatının prioritet sahələrindən olan və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi rola malik  taxılçılığın inkişafında göstərəcək.
–Cavanşir müəllim, bir halda ki, söhbət taxılçılıqdan düşdü, deyə bilərsinizmi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm vasitə olan bu sahənin inkişafı üçün hansı işlər görülür?
- Hazırda kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması üçün dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır. Keçən il və 2013-cü ildə müasir Azərbaycanın tarixində mühüm hadisə olan Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi Azərbaycanda hələ sovet dövründə mövcud olan ciddi problemin - onilliklər boyu  müxtəlif səbəblərdən şoranlaşıb sıradan çıxmış torpaqların, necə deyərlər, yenidən həyata qaytarılmasına, başqa sözlə, yeni əkin sahələrinin dövriyyəyə buraxılmasına hədəflənib. Bu isə son nəticədə  ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm vasitə olan taxılçılığın daha da inkişaf etdirilməsinə şərait yaradacaq.
Qeyd etməliyəm ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda təsbit edilmiş tədbirlər planında bu sahədə  elmi-tədqiqat institutlarının qarşısında mühüm vəzifələr qoyulur. Bu gün elmi-tədqiqat institutlarında icra olunan tədqiqat proqramlarının əsas strateji istiqamətlərinə kənd təsərrüfatında məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi, təbii ehtiyatların və bioloji müxtəlifliyin səmərəli istifadə edilməsi, milli proqramların möhkəmlənməsi daxildir. Bu baxımdan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkədə ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının stimullaşdırılması, genetik ehtiyatların və biomüxtəlifliyin qorunması, tingçilik, toxumçuluq və damazlıq işlərinin, mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi öz əksini tapıb.
–Şübhəsiz, elmi-tədqiqat müəssisələrinin əldə etdikləri innovativ elmi nəticələr də “Kənd təsərrüfatı ili”ndə aqrar sektorun inkişafına öz töhfəsini verəcək.
-Bəli, tamamilə doğrudur. Biz inanırıq ki, elmi-tədqiqat müəssisələri əldə etdikləri innovativ elmi nəticələrlə “Kənd təsərrüfatı ili”ndə aqrar sektorun inkişafına zəmin yaratmış olacaqlar. Buna son beş ildə əldə olunan elmi nəticələr də tam əsas  verir.  Son beş ildə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarına məxsus 42 dənli, dənli-paxlalı, tərəvəz, pambıq, meyvə bitki sortları rayonlaşıb, seleksiya nailiyyətləri Dövlət reyestrinə daxil edilib və patentləşdirilib. Bunun 35 faizə qədəri Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun payına düşür. Son beş ildə Əkinçilik İnstitutunun alimlərinin yaratdıqları 14 sort, o cümlədən 8 yumşaq buğda, 4 arpa, 1 noxud və 1 yerfındığı sortu rayonlaşıb və patentləşib. Yaradılmış 19 dənli və dənli-paxlalı bitki sortu isə rayonlaşmaq üçün Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib.
Eyni zamanda, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda qlobal iqlim dəyişmələri şəraitində suvarma və dəmyə əkinçiliyində mütərəqqi resurs mühafizəedici texnologiyaların elmi-təcrübi əsasları işlənib hazırlanıb və fermer təsərrüfatlarında tətbiq edilib. Hər il taxıl toxumçuluğunda orijinal, superelit və elit toxumlarının istehsalına olan dövlətin sifarişi artıqlaması ilə ödənilir. İstehsal olunan elit toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında 100-dək özəl və dövlət toxumçuluq təsərrüfatlarına paylanır. Bu sahədə məqsədyönlü şəkildə aparılan seleksiya işlərinin məntiqi nəticəsidir ki, ölkədə buğda, arpa əkinlərinin 80 faizə qədəri məhz Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yaratdığı sortların payına düşür. Əldə olunan bu müvəffəqiyyətlər dövlətimizin başçısının toxumçuluq sahəsinə göstərdiyi diqqət və qayğının təzahürüdür.
-Sizcə, cari ilin ölkədə “Kənd təsərrüfatı ili” elan edilməsi daha hansı uğurlara yol açacaqdır?
- “Kənd təsərrüfatı ili”ölkədə aqrar sahənin elmi təminatının yaxşılaşması və kadr potensialının yüksəldilməsi tədbirlərinin sürətlənməsinə də öz müsbət təsirini göstərəcək. Buraya Kənd təsərrüfatı Nazirliyində elmi-tədqiqat institutlarının restrukturizasiyası və modernləşdirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, əsas elmi araşdırmaların istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər daxildir.
Tarixi əhəmiyyət kəsb edən bu Sərəncam kənd təsərrüfatının prioritet hədəflərinin yeni çağırışlar fonunda müəyyən edilməsi, aqrar sektorda institusional strukturun və idarəetmənin təkmilləşdirilməsi və innovativ dəyişikliklərə təkan verəcək. Bütün bunlar isə, öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun  tamamilə yeni simasının formalaşmasını təmin edəcək.  

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Innovativ_yanasmalar_Azerbaycanda_aqrar_sektorun_yeni_simasinin_formalasmasini_temin_edecek-833821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR