Qaradağ rayonunda Xocalı soyqırımına həsr olunan elmi-praktik konfrans keçirilib

Qaradağ rayonunda Xocalı soyqırımına həsr olunan elmi-praktik konfrans keçirilib
20:58 20 Fevral 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı: Siyasi-hüquqi qiymətləndirmə prosesində” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət guşə ilə tanış olublar. Daha sonra Xocalı qətliamının dəhşətlərini əks etdirən film nümayiş etdirilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib.
Qeyd edilib ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə məlumatlandırma kampaniyaları həyata keçirilir, erməni vandalizmi bütün gerçəklikləri ilə dünyaya nümayiş olunur.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında Xocalı sakinlərinə qarşı soyqırımı aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etdiyini deyib. Deputat bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırımı kimi qiymət verildiyini qeyd edib.
Milli Məclisin deputatı Mixail Zabelin Xocalı faciəsinin erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu söyləyib.
Digər çıxış edənlər terrorun dininin və milliyyətinin olmadığını bildirib, erməni millətçiləri tərəfindən törədilmiş bu faciəni təkcə azərbaycanlılara deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndiriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaradag_rayonunda_Xocali_soyqirimina_hesr_olunan_elmi_praktik_konfrans_kechirilib-833822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR