Coğrafiya İnstitutu elmi şurasının növbəti iclasında bir sıra məsələlər müzakirə olunub

Coğrafiya İnstitutu elmi şurasının növbəti iclasında bir sıra məsələlər müzakirə olunub
21:28 20 Fevral 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutun elmi şurasının növbəti iclasında bir sıra cari məsələlər müzakirə olunub.
İnstitutdan AzərTAc-a bildirilib ki, iclasda bu elm müəssisəsinin dissertantı Natiq Qubadoğlu çapa təqdim etmək üçün Ənvər Çingizoğlu ilə birgə yazdığı “Azərbaycanın tarixi yurdlarının coğrafiyası” kitabı ilə bağlı məruzə edib. Bildirib ki, kitabı yazmaqda əsas məqsəd Cənubi Qafqaz ərazisindəki qədim yer adlarını araşdırmaqla həmin yaşayış məskənlərinin azərbaycanlıların qədim yurd yerləri olduğunu sübuta yetirməkdir. Əsərdə müəlliflər qədim ərəb, fars, gürcü, erməni mənbələrinə istinad edərək üzdəniraq qonşularımızın mənimsəyərək özününküləşdirməyə çalışdıqları toponimləri, hətta yer üzündən silinmiş qədim türk adlarını araşdırıb, onların mənalarını açıqlamağa çalışıblar.
İclasda çıxış edənlər əsərin ictimaiyyət üçün maraq kəsb etdiyini və əhəmiyyətini vurğulayıb, eyni zamanda, irad və təkliflərini bildiriblər.
İclasın sədri, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov müzakirələrə yekun vuraraq kitabın adında dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb.
Sonra institut direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə bu elm müəssisəsinin 70 illik yubileyinə həsr olunmuş tədbirlərə hazırlığın gedişi barədə məlumat verib.
Sonra yubileylə əlaqədar Azərbaycan Coğrafiya Cəmiyyətinin “Coğrafiya və təbii resurslar” jurnalının çapa təqdim olunması haqqında məsələ müzakirə edilib, jurnalın tərtibatı və çapı ilə bağlı fikir və təkliflər bildirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cografiya_Institutu_elmi_surasinin_novbeti_iclasinda_bir_sira_meseleler_muzakire_olunub-833830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR