Mircəfər Bağırovun oğluna hörmətsizlik (VİDEO)

Mircəfər Bağırovun oğluna hörmətsizlik (VİDEO)
23:46 20 Fevral 2015
215 Ölkə
Ölkə mətbuatı
A- A+

ANS olaraq Azərbaycanın hərb tarixində xüsusi xidmətləri olan şəxslərin xatirələrinə salınmış abidələrin vəziyyəti bizi daim düşündürüb və düşündürür də.

Əslən Qubadan olan, Böyük Vətən Müharibəsində xüsusi şücaət göstərmiş Cahangir Bağırovun büstü 8 ildən çoxdur ki, lazımsız əşya kimi, Qubadakı tarix və diyarşünaslıq muzeyinin həyətinə atılıb qalıb. Görəsən, niyə? Bu, bizim hərb tarixinə olan böyük bir hörmətsizlik deyilmi?

Cahangir Bağırov təxminən 20 il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun oğludur. Barəsində yazılan və danışılan xatirələr onun çox vətənpərvər olduğundan xəbər verir.

Ailənin Xaçmazda yaşayan qohumu Məmmədtağı Bağırov deyir ki, Böyük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən Cahangir cəbhəyə könüllü gedib. 1941-ci ilin iyun ayında yaralanaraq geri qayıdıb. Uzun müddət müalicədən sonra isə yenidən cəbhəyə qayıdan Cahangir 1943-cü ildə alman təyyarəsilə vuruşda həlak olub. 1996-cı ildə Qubada sadə insanların xahişi və vəsaitilə şəhərin Nizami parkında igid təyyarəçinin büstü qoyulub. Amma təəssüf ki, onun xatirəsinə hörmət uzun çəkməyib.

“Büstün altına naməlum əsgər yazılmışdı. İllər keçdi sonra naməlum əsgəri də götürdülər. Naməlum əsgər götürüləndən sonra büstü də götürdülər“, – deyə Cahangir Bağırovun qohumu Məmmədtağı Bağırov bildirdi.

Quba sakinləri də Böyük Vətən Müharibəsində bir neçə alman təyyarəsini məhv edərək qəhrəmanlıqla ölən, atasının vəzifə səlahiyyətlərindən heç vaxt istifadə etməyən Cahangir Bağırova biganə münasibəti doğru saymırlar.

Quba sakini Sabir Səfərov deyir ki, büstü camaat öz vəsaiti hesabına düzəltdirib. Kiminsə, xoşuna gəlmədi, gəlib apardı. Bu cür şəxsin büstünə belə bir hörmətsizlik doğru deyil.

Ayaqlar altında qalan büstlə bağlı artıq keçən ilin may ayından yeni iki mərtəbəli binaya köçən Quba tarix və diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva ilə görüşdük. Müsahibə vermək istəməyən direktor muzeyin rəsmi açılışı olmadığından tam işləmədiklərini dedi.

Cahangir Bağırovun büstünün köhnə binanın həyətində atılıb qalmasına gəlincə isə Məryəm Hacıyeva bu barədə danışa bilməyəcəyini söylədi. Bildirdi ki, bu məsələ rayon rəhbərliyindən asılıdır. Qubanın yeni icra başçısı Yaşar Məmmədovla görüşdən sonra büstün də taleyinə aydınlıq gətiriləcək. Gözləyək və ümid edək ki, elə büst də tezliklə aydınlığa çıxar.

Mənbə
ANS TV: Aytəkin Alxaslı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR