Naxçıvan Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib - FOTOSESSİYA

Naxçıvan Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib - FOTOSESSİYA
10:52 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 10:45 ]


Bakı. Musa Əhmədov – APA-Economics. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

 

Dövlət Gömrük Komitəsindən (DGK) “APA-Economics”ə verilən məlumata görə, Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, gömrük orqanları qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etməklə Naxçıvanın sosial-iqtisadi inkişaf dinamikasının qorunmasına mühüm töhfələr verib.

 

Vurğulanıb ki, muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin gömrük xidmətini də əhatə etməsinin nəticəsidir ki, ötən ilin may ayının 7-də Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün inzibati bina və kinoloji xidmət binası istifadəyə verilib, “Naxçıvanterminalkompleks” Birliyi üçün inşa olunan yeni inzibati binada işlər tamamlanıb, infrastrukturun yenidən formalaşdırılması istiqamətində xeyli iş görülüb.

 

Sədərək sərhəd-gömrük buraxılış məntəqəsi üçün modern kompleksin qurulmasını muxtar respublikada həyata keçirilən mühüm infrastruktur layihələrindən biri kimi dəyərləndirən komitə sədri sərhəd-keçid kompleksinin beynəlxalq standartlara cavab verən və müasir dizaynı ilə seçilən baş planının hazırlandığını və ərazidə torpaqlama işlərinin yekunlaşdırıldığını deyib.

 

Vurğulanıb ki, Culfa və Şahtaxtı sərhəd-keçid məntəqələrindən sonra 2014-cü ildə Sədərək sərhəd-keçid məntəqəsində də X-Ray tipli rentgen-nəzarət qurğusunun istifadəyə verilməsi ilə regiona bütün istiqamətlərdən gələn yüklərə gömrük nəzarəti daha da gücləndirilib, bununla da risk əmsalı minimuma endirilib.

 

2014-cü ildə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, elektron xidmətlərin keyfiyyəti artırılıb. Gömrük-sərhəd buraxılış məntəqələrindən keçən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortalanması işinin sürətləndirilməsi və sığortanın müddətinə operativ nəzarət olunması, o cümlədən müvəqqəti saxlanc anbarları və gömrük anbarlarında yerləşdirilmiş malların uçotunun aparılması və hesabatların elektron formada əldə olunması üçün müvafiq proqram təminatları hazırlanaraq istifadəyə verilib.

 

Qeyd olunub ki, gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması məqsədilə 2014-cü il üçün müəyyən olunmuş 6 mln. manata qarşı 10 mln. manat vəsait toplanaraq, proqnoz-tapşırığa 167% əməl edilib. Toplanmış vəsait Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 13,6%-ni təşkil edib. Gömrük ödənişlərinin 59%-i avtonəqliyyat vasitələrinin, 41%-i isə digər malların rəsmiləşdirilməsi hesabına əldə olunub. Ümumiyyətlə, gömrük rüsumu və vergilərin bank, POST-terminal və ya internet üzərindən elektron qaydada ödənilməsinə diqqət artırılıb.

 

2014-cü ildə tabeli gömrük orqanlarının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə yanaşı, 11 sahibkarlıq subyektinin ümumi gömrük auditi aparılıb, ümumilikdə 27 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

 

Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 2013-cü illə müqayisədə 3,1% artaraq 517 mln. 427 min ABŞ dolları səviyyəsinə çatıb. Ümumilikdə, 56 xarici dövlətlə ticarət əməliyyatları aparılıb. 2013-cü illə müqayisədə ixracın həcmi 2% artdığı halda, idxalın həcmi 1% azalıb. İxracın  23%-ni sənaye, 77%-ni kənd təsərrüfatı məhsulları, idxalın 40%-ni sənaye məhsulları, 34%-ni nəqliyyat vasitələri və onların hissələri, 16%-ni ərzaq məhsulları, 1%-ni tikinti materialları, 9%-ni isə digər mallar təşkil edib.

 

Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə çərçivəsində əməliyyat-axtarış tədbirləri və hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət genişləndirilib, müasir texniki vasitələrin və kinoloji xidmətin imkanlarından geniş istifadə olunub. Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə tədbirləri çərçivəsində gömrük orqanları tərəfindən il ərzində 2 cinayət tərkibli fakt aşkarlanıb, ümumilikdə 131 qram marixuananın, 191,7 qram tiryəkin, 20,1 qram həşişin muxtar respublika ərazisinə gətirilməsinin qarşısı alınıb. Digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən səkkiz əməliyyat-axtarış tədbiri nəticəsində 20,8 qram heroin, 20,4 qram həşiş qətranı, 168,5 qram marixuana, 26,4 qram metadon suyu, 6,9 qram metam­fetamin, müxtəlif adda 393 ədəd pisixotrop tərkibli dərmanların qanunsuz yollarla gətirilməsinə imkan verilməyib.

 

Bir cinayət tərkibli fakt isə dövriyyəsinə yalnız müvafiq dövlət orqanlarının icazəsi əsasında yol verilən ümumi dəyəri 4368 manat olan 13900 ədəd pirotexniki vasitələrin gömrük sərhədindən gizlin, qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınması ilə ortaya çıxıb.

 

İl ərzində milli əxlaqi keyfiyyətlərimizə mənfi təsir göstərən 253 ədəd elektron məlumat daşıyıcısı  və dini dəyərlərimizlə uzlaşmayan 649 ədəd dini kitab və broşür, 47 ədəd elektron məlumat daşıyıcısının xaricdən muxtar respublikaya gətirilməsinin qarşısı alınıb. Gömrük qaydalarının pozulmasına görə ümumilikdə inzibati qaydada 543 icraat aparılıb,  39 min manat məbləğində cərimə ödənişi təmin olunub.

 

Komitə sədri qeyd edib ki, gömrük orqanları tərəfindən daxili bazarın qorunması tədbirlərinin davamlı və sistemli formada həyata keçirilməsi kənd təsərrüfatı və sənayenin dinamik inkişafının təmin olunmasına stimullaşdırıcı təsir göstərib. Bunun nəticəsidir ki, muxtar respublikada zəruri istehlak mallarının yerli istehsal hesabına ödənilməsi ilə ərzaq təhlükəsizliyi təmin edilib, xaricə valyuta axınının qarşısı alınmaqla onun yerli istehsala cəlb olunması təşviq olunub. İxracyönümlü istehsal sahələri hesabına muxtar respublika iqtisadiyyatı inkişafın yeni mərhələsinə qədəm qoyub.

 

Muxtar respublikada qəbul olunmuş Dövlət Proqramlarından, Ali Məclisin sessiyalarından, keçirilən müşavirələrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daxili bazarın qorunması sahəsində illik fəaliyyətin əsas istiqamətini təşkil edib. Ümumilikdə, 2014-cü il ərzində daxili bazarın qorunması məqsədilə 21 min 180 kq əmtəənin muxtar respublikaya gətirilməsinin qarşısı alınıb. İl ərzində üzərində istehlak müddəti olmadığından və ya bitdiyindən, tərkibində nitratların həcmi normadan artıq olduğundan, keyfiyyəti standartlara cavab vermədiyindən 88 min 800 kq əmtəə geri qaytarılıb, 8 min 300 kq əmtəə isə müvafiq qaydada məhv edilib.

 

A.Məmmədov qarşıda duran vəzifələrdən də danışıb. Vurğulanıb ki, daxili bazarın mütəmadi olaraq öyrənilməsi işi davam etdirilməli, qiymət dəyişmələrinin səbəbləri vaxtında araşdırılmalı, idxalın tənzimlənməsi ilə real bazara operativ müdaxilə olunmalıdır. Müvafiq dövlət orqanlarından istehsal sahələri və onların bazar payı barədə məlumatlar əldə olunmaqla ayda bir dəfə xarici təsirlərdən qorunmalı və rəqabət qabiliyyəti aşağı olan istehsal məhsullarının siyahısı hazırlanmalı, qeyri-tarif tədbirlərinin tətbiqi ilə analoji malların idxalı tamamilə məhdudlaşdırılmalıdır. Əhalinin keyfiyyətli məhsullarla təchiz olunması üçün gətirilən bütün mallar Naxçıvan Gömrük Ekspertizası İdarəsinin müvafiq rəyinə əsasən muxtar respublikaya buraxılmalıdır. Komitədə və tabeli gömrük orqanlarında fəaliyyət göstərən Məsləhət Şuraları xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri ilə görüşlər keçirməli, gömrük rəsmiləşdirilməsi və nəzarətinin daha da asanlaşdırılmasına dair birgə müzakirələr aparmalı, mövcud çatışmazlıqlar öyrənilməli və aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir.  

 

Sonra tabeli gömrük orqanlarının rəisləri idarələrin illik fəaliyyəti ilə bağlı hesabat veriblər.

 

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR