Nazirlik gələndə marketlər niyə boşalır? - FOTO

Nazirlik gələndə marketlər niyə boşalır? - FOTO
12:42 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür ki, paytaxtın iri supermarketlərinin vitrinləri boşalıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə həmin vəziyyətin görüntülərini əks etdirən fotolar paylaşılıb.

Vəziyyəti öyrənmək üçün qafqazinfo-nun əməkdaşı bir neçə iri marketə baş çəkib. Məlum olub ki, həqiqətən də, marketlərdə boşluq var və bu problem dünəndən davam edir. Maraqlıdır ki, gündə bir neçə dəfə ərzaqları yeniləyən super marketlər iki gündür vitrinləri yeniləmir. Market əməkdaşları ərzaqlarda qıtlıq yaranmasının səbəbini Vergilər Nazirliyinin əməkdaşlarının yoxlama aparması ilə əlaqələndiriblər.

Problemlə əlaqədar Qafqazinfo Vergilər Nazirliyinin Analitik informasiya şöbəsinə sorğu göndərib. Sorğuya verilən cavabda bildirilir ki, Konstitusiyanın 73-cü maddəsinin I bəndinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək vergi orqanlarının hüququdur. Xronometraj üsulu ilə müşahidə aparılması qaydaları Vergi Məcəlləsinin 50-1-ci maddəsi ilə tənzimlənir. Ticarət obyektlərində satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə xronometraj metodu ilə müşahidə aparılması vergi orqanlarının vəzifə səlahiyyətlərinə aid olan bir proses olaraq onun keçirildiyi obyektin fəaliyyətinə maneçilik törətmədiyindən, öz işini mövcud qanunvericilik çərçivəsində quran vergi ödəyicilərinin narahatçılıq keçirmələri üçün heç bir əsas yoxdur.

Bəs maraqlıdır nazirlik yoxlama reydlər keçirən zaman vitrinlər niyə boşalır? Qafqazinfo məlumat verir ki, əslində, bu cür mənzərənin yaranması marketlərin vergidən yayınma əməlinin üstünü açan faktdır. Belə ki, başqa vaxtlar marketlər ticarət dövriyyəsini düzgün kassa aparatına vurmadıqları üçün fərqli, yəni aşağı məbləğdə alver etdiklərini göstərir və bununla da vergidən yayınırdılar. Nazirlik əməkdaşlarının müşahidə apardığı müddətdə isə dövriyyə gizlədilə bilmədiyindən fərqli mənzərə ortaya çıxmaması üçün onlar vitrinlərini süni şəkildə boşaltmağa məcbur olurlar. Bu da belə bir həqiqəti üzə çıxartmalı olur.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/325902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR