“Mən qalmaqalı axtarmıram, məni tapsa, başqa məsələ” - MÜSAHİBƏ

“Mən qalmaqalı axtarmıram, məni tapsa, başqa məsələ” - MÜSAHİBƏ
13:04 21 Fevral 2015
572 Şou
Ölkə mətbuatı
A- A+

Sevda Yahyayeva: “Türkiyə şou-biznesinə qatılmaq istəmirəm”

 

Müğənni Sevda Yahyayeva yaradıcılıq işlərindən danışıb. Lentaz-a müsahibə verən ifaçı konsertə hazırlaşmasından, Türkiyə şou-biznesinə qatılmaq istəməsindən və həmkarı İradə İbrahimovanın şou aləmi ilə bağlı dediyi fikirlərə qarşı çıxmasından tutmuş, bir çox məqamlara toxunub.

 

 

- Yaradıcılığınızda nə yenilik var?

 

- Bu yaxınlarda “Aç, mənə vərəq yaz” adlı mahnımı təqdim etdim. Bu bəstədən öncə “İtmiş ada” adlı mahnım işıq üzü görmüşdü. Yaradıcılığımda yeni işlərim çoxdur. İnşallah bu il maraqlı işlər görəcəm. May ayında maraqlı bir layihə də həyata keçirəcəyəm. İlin axırında isə solo konsert verməyi düşünürəm. Daha maraqlı, fərqli bir konsert olacaq. Bu elə bir konsertdir ki, buna 11 ay hazırlaşmaq lazımdır. Bu layihənin detalları barədə danışmaq istəmirəm. Hələlik sirr qalsın.

 

- Səhv etmirəmsə, sonuncu solo konsertiniz “Yaşıl teatr”da olmuşdu. Növbəti konsert harada olacaq?

 

- Bu dəfə Heydər Əliyev Sarayında konsert verəcəm. Amma dəqiq tarix müəyyənləşdirməmişəm.

 

- Adətən şou əhli “qonşudan geri qalma” prinsipi ilə hərəkət edirlər. Bir çoxu Türkiyə şou-biznesinə can atır. Bəs Sevda necə?

 

- Açığı, mən Türkiyə şou-biznesinə qatılmaq istəmirəm. Ola bilər ki, gələcəkdə mən də özümü Türkiyə şou-biznesində sınayım. Amma indi dəqiq deyə bilmərəm. Türkiyə şou aləminə qatılmaq deyəndə ki, biz gedib orada yalnız klip çəkdirib, mahnı oxuya bilərik. Sırf Türkiyə şou-biznesinə qatılmaq isə, bu, çox çətin məsələdir. Çünki hər ölkənin öz müğənnisi özünə yaxındır. Məsələn, illərdir xalq artisti Aygün Kazımova, müğənni Röya Ayxan, Azəri Günel Türkiyə şou-biznesinə qatılıblar. Onlara uğurlar arzulayıram. İşləri daha da yaxşı olsun. Amma orada iş görmək çox çətindir. Kənardan söz demək çox asandır. Ancaq bu işin içində olmaq lazımdır ki, nə cür çətinlikləri olduğunu biləsən.  İnşallah qismət olar, mən də gələcəkdə Türkiyədə yenə də iş görərəm. 2010-cu ildə bəstəsi Nailə Mirməmmədliyə məxsus “Gecdir daha” adlı mahnıya Türkiyədə klip çəkdirmişdim. Qardaş ölkədə necə tanınmaq və iş görməyin neçəyə başa gəldiyini bilirəm.

 

- Yəqin həmkarınız İradə İbrahimovanın şou-bizneslə bağlı sonuncu açıqlamasından xəbərdarsınız?

 

- Hansı açıqlama? Maşallah İradə son dövrlər çox açıqlamalar verir.

 

 

- Açıqlamasında deyib ki, hazırda şou-biznesdə durğunluqdur. Boşluq var. Şou aləmində əvvəlki rəngarənglik, rəqabət yoxdur. Bu cür davam etsə, yenidən Türkiyəyə qayıdacaq.

 

- Mən İradənin bu fikri ilə razı deyiləm. Şou-biznesdə hər kəs bacardığı qədər işləyir. İradə də Azərbaycana gəlib, xoş gəlib. Ona da uğurlar arzulayıram. Gözəl müğənnimizdir. Amma onun söylədiyi fikirləri mən şəxsən özümə götürmürəm. Nə zaman bu sənətdə oxumayacamsa, o zaman mənim üçün durğunluq olacaq. Başqalarının yerinə danışa bilmərəm. Bacardığım qədər mahnılar və yeni-yeni işlər görürəm. Yəni, onun dediyi sözlərin mənə aidiyyatı yoxdur.

 

- Azərbaycan şou-biznesinin hazırkı vəziyyəti sizi qane edirmi?

 

 

-  İndi keçid dövrüdür. İnsanları təəccübləndirmək, yeni nələrsə etmək çox çətinləşib. Ümid edirəm ki, bir müddət sonra vəziyyət yaxşı olacaq. Məncə, şou-biznes 5 il bundan öncə daha maraqlı idi. Əvvəllər rəqabət çox idi. Hazırda işləyənlər çox olsa da, rəqabət yoxdur. Yaradıcılığında yeni-yeni işlər görənlər var. Mən tam deyə bilmərəm ki, işləyənlər yoxdur.

 

- Rəqabətin yerini qalmaqallar tutub?

 

- Heç indi insanlara qalmaqallar da maraqlı deyil. Sadəcə müvəqqəti gündəmdir. O da heç mənə lazım da deyil. (gülür)

 

- Bu günə qədər kimləsə qalmaqalınız olubmu?

 

- Yox,  olmayıb. Düşünürəm ki, bundan sonra da olmaz. Mən qalmaqalı axtarmıram, məni tapsa, başqa məsələ. Heç vaxt yüngül, ucuz yolla gündəmdə qalmağın tərəfdarı olmamışam. Kimləsə dalaşmaq istəməmişəm. Əksinə, söz-söhbətlərdən, qalmaqallardan qaçan insan olmuşam. Hər zaman da belə olacaq. İndi də bəzi verilişlərə dəvət edirlər, mövzunu öyrənib, sonra razılaşıram. Çünki elə mövzular var ki, o barədə danışmaq istəmirəm. Çalışıram ki, özümü qoruyum, qalmaqallar məndən uzaq olsun. Bu günə qədər şou aləmində kimsə barəmdə pis fikir söyləməyib. İnşallah, bu gündən sonra da belə olar.

 

- Cəmiyyətdə şou-biznes əhli barədə elə də yüksək fikir formalaşmayıb...

 

- Bilirsiniz, qurunun oduna, yaş da yanır. Bu, həmişə belə olub. Çox vaxt ad çəkilmir, ümumi danışılır. Problem də elə ondadır. İndi tamaşaçı elədir ki, ağı qaradan yaxşı seçir. Şou aləmində kim necədirsə, tamaşaçılar yaxşı bilir.

 

- İmicinizdə tez-tez dəyişikliklər edirsiz. Nə ilə bağlıdır?

 

- Eynilikdən bezirəm. Hər zaman istəyirəm ki, dəyişim. Hər dəfə fərqli imiclərdə görünməyi çox sevirəm. Eynilikdən çox yoruluram.

 

- Açıqlamanızda söyləmişdiniz ki, sizi Türkiyənin tanınmış müğənnisi Sibel Cana bənzədirlər.

 

- Hə, ona da oxşadırlar. O qadını çox sevirəm. Mən də Sibel Canın yaşında onun kimi gözəl olmaq istəyərdim. Amma əvvəllər məni daha çox Türkan Şoraya bənzədirdilər. Amma indi Sibel Candan savayı,  Gülbən Ərgənə də oxşadanlar var. Olsun. Çalışmıram ki, özümü kiməsə oxşadam. Kimlərsə məni hansısa tanınmışa bənzədirlərsə, bu normaldır.

 

- Amma bəzi həmkarlarınız var ki, bilərəkdən özlərini hansısa dünya ulduzuna bənzədirlər. Lakin elələri də var ki, onu kiməsə bənzədəndə kompleksə düşür...

 

 

- Yox, mən özümü kiməsə oxşatmıram. Məni kiməsə oxşadanda da qətiyyən kompleksə düşmürəm. Yəqin məni yaxşı qadınlara bənzədirlər, ona görə. 







Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR