Bakı, 21 fevral, AzərTAc
Ötən həftə ABŞ-da şaxtalı hava və güclü qar səbəbindən 23 nəfər həyatını itirib.
AzərTAc CNN telekanalına istinadla xəbər verir ki, həlak olanlardan 18-i Tenessi ştatının payına düşür. Hava şəraiti ilə əlaqədar 2,7 min nəfər insan elektrik enerjisiz qalıb. Saysız-hesabsız avtomobil qəzaları baş verib.
Ən güclü şaxtalar fevralın 20-də Minnesota ştatının Embarras şəhərində qeydə alınıb: mənfi 40 dərəcə. Çikaqoda 22, Nyu-yorkda 17 dərəcə şaxta olub.
Şaxtalı və küləkli hava şərq sahillərinin çox hissəsində təsirini qoruyur. Meteoroloqlar növbəti iki gündə də qar və buz yağışları yağacağını proqnozlaşdırırlar. Yeni İngiltərə bölgəsinin cənubuna 8-13 santimetr yağıntı düşəcəyi gözlənilir. Hökumət damların uçmasının qarşısını almaq üçün əhaliyə qarı təmizləməyi tövsiyə edib.