Qardan sonra bölgələrdəki vəziyyət

Qardan sonra bölgələrdəki vəziyyət
13:13 21 Fevral 2015
72 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Dünən gecə saatlarından başlayaraq Azərbaycanın qərb rayonlarına yağan qar aidiyyəti orqanları hərəkətə gətirib. Samux-Gəncə yolu, eləcə də Samux rayonunu ucqar kəndlərlə birləşdirən avtomobil yollarının qardan təmizlənməsi işləri aparılır.

Trend Kəpəz televiziyasına (Region TV) istinadən xəbər verir ki, 57 saylı Yol İstismar İdarəsi qarlı hava ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Gecə saatlarından etibarən rayon mərkəzi ilə Gəncə şəhərini birləşdirən avtomobil yolunun qardan təmizlənməsinə başlanılıb. Bundan əlavə rayon mərkəzindən uzaq kəndlərə, xüsusən də Gürcüstanla sərhəd olan ərazilərə gediş-gəlişi təmin etmək məqsədi ilə yollar qardan təmizlənir. Qurumun baş mühəndisi Elşad Hüseynovun sözlərinə görə, bu məqsədlə 10-dan artıq ağır texnika, həmçinin işçi qüvvəsi səfərbər olunub.

Ötən gün axşam saatlarından başlayaraq dağ rayonu olan Daşkəsənə də güclü qar yağıb. Qarlı şaxtalı hava Gəncə-Daşkəsən-Xoşbulaq, eləcə də digər kənd yollarında müəyyən çətinliklər yaradıb. Rayon Fövqəladə Hallar Komissyasından verilən məlumata görə, sərt hava şəraitinə baxmayaraq, əhali qaz, işıq və digər kommunal xidmətlərlə bağlı ciddi problem yaşamır.

Göygöl rayonunda da qarlı şaxtalı hava müşahidə olunur. Rayon mərkəzində qarın qalınlığı 5-10, dağlıq ərazilərdə isə 20-25 santimetrə çatıb. Yolları qardan və buzdan təmizləmək üçün “Azəryolservis”in ağır texnikası vasitəsi ilə yollara duz qarışıq qum səpilir. Daha çox çətinliklər Gəncə-Toğanalı avtomobil yolunda yaşanıb. Təhlükəsiz hərəkəti təmin etmək üçün ərazidə nəzarət gücləndirilib.

Digər dağ rayonu olan Gədəbəyə də güclü qar yağır. Qarlı şaxtalı hava rayonun dağ kəndləri ilə rayon mərkəzinin əlaqəsini çətinləşdirib. Şəmkir-Gədəbəy-Novosarotovka yolunun bir hissəsində hərəkət qismən məhdudlaşıb. Yerli yol təsərrüfatı işçiləri fəsadların böyüməməsi üçün müvafiq tədbirlər həyata keçirir. Yasamal aşırımlarında baş verə biləcək qəzaların qarşısını almaq üçün əraziyə əlavə polis naryadı ayrılıb. Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, rayonun aidiyyəti strukturları qara tam hazırdır. Qaz və enerji verlişində uzunmüddətli fasilələr müşahidə olunmur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR