Xocalı qurbanları Brüsseldə yad edilib

14:22 21 Fevral 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 14:20 ]

Bakı – APA. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa və Türkiyədə keçirilən silsilə tədbirlər davam edir.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, fevralın 19-da Belçikanın paytaxtı Brüssel şəhərində “Bozar” incəsənət mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konsertə 400-dən artıq qonaq - diplomatlar, ictimaiyyət nümayəndələri, Belçikada fəaliyyət göstərən Avropa İttifaqı qurumlarının təmsilçiləri və media mənsubları qatılıblar.

 

AAC-nin Belçikadakı nümayəndəliyinin rəhbəri Mark Vervilghen çıxışında bildirib ki,  tədbir 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil edilib. Kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikanın yüz ölkəsində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M. Vervilghen qeyd edib ki, Azərbaycanın əzəli torpaqlarının Ermənistanın işğalı altında olması faktı üzündən azərbaycanlı məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmaq iqtidarında deyil. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə və ATƏT-in Minsk qrupunun 21 ildən artıq vasitəçilik missiyasını həyata keçirməsinə rəğmən danışıqlarda heç bir irəliləyiş yoxdur.

 

Belçikanın Flandriya inzibati regionunun mədəniyyət naziri Sven Gatz çıxışında qeyd edib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində anım konsertinin təşkil edilməsi avropalılara Dağlıq Qarabağda, xüsusilə də Xocalıda baş verən dəhşətli hadisələri xatırlamağa kömək edir.

 

Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov vurğulayıb ki, Xocalı faciəsi 1992-ci ilin fevralında baş vermiş qorxunc vəhşilik idi: “Eyni vəhşilik sonradan Balkanlarda da baş verdi. Azərbaycan unikal, müasir, dünyəvi və inkişaf etmiş ölkədir. Davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə rəğmən Azərbaycan öz stabilliyini saxlamağa, inkişaf etməyə və regionun mühüm lideri olmağa nail olub. Təəssüf ki, ərazilərimizin təxminən 20 faizi hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır və müntəzəm olaraq ölkəmizə qarşı bir sıra zorakılıqlar və təxribatlar aparılır. Bununla  belə, biz münaqişənin sülh yolu ilə həllinə inanırıq və ümid edirik ki, Avropa və beynəlxalq ictimaiyyət bu həll yolunda öz köməyini əsirgəməyək. Bu axşam biz Azərbaycan xalqını, Dağlıq Qarabağı xatırlayırıq və xüsusilə də Xocalıda həlak olanların ruhunu yad edirik”. 

 

Konsert proqramında fransız bəstəkarı Pyer Tiloyun “Xocalı 613” əsərinin Belçika premyerası da keçirilib. Musiqiçilər isə Sabina Rakçeyeva (skripka), Annaliza Klement (klarnet) və Maqma Strinq kvartetindən ibarət olub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR