Qəpiyin "qara qəpiklik" dəyəri də qalmayıb

Qəpiyin "qara qəpiklik" dəyəri də qalmayıb
14:22 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Ekspert: "Qəpik pulu gözdən salan elə özümüzük"
Bu gün hər birimizin evində, ümumiyyətlə, istifadə etmədiyimiz onlarla 3 və 5 qəpikliklər mövcuddur. Adətən, xırda pulları ya dilənçiyə verir, ya da heç istifadə etmədən bir qırağa qoyuruq. Qəpiklərin bu qədər bol olması və necə deyərlər, arada qalması isə təbii ki, dükan-bazarlardakı qiymətlərdən irəli gəlir.

Nadir hallarda elə mağazalara rast gəlinər ki, orda satılan ərzaq və təmizlik məhsullarında xırda qəpiklər rol oynamasın. Əksərən böyük marketlərdə qiymətlərin 97, 25, 61 qəpik olaraq qeyd olunması insanların məcburən 10 qəpiklərindən, keçmələrinə, əvəzində isə 3 və 5 qəpiklər almasına səbəb olur ki, sonradan da bu qəpiklərdən ümumiyyətlə, istifadə edilmir. Gündəlik avtobus, metro xərclərində də bu qəpiklərdən istifadə etmirik.

Şəhər sakini, tələbə Aytən Rəsulova deyir ki, pul qabında ovuc-ovuc belə qəpiklərin olması ağırlıqdan başqa bir şey deyil. Avtobus sürücüləri hətta 5 qəpiyi belə qəbul etmirsə,

1 qəpik vermək söymək kimi bir şey olar. "Qəpiklərin hamısını ərzaq mağazasından almışam. Son vaxtlar isə ümumiyyətlə, qəpik götürməkdən imtina edirəm. Çünki heç yerdə istifadə etmək olmur. Bəzən inadıma düşür, mağazada tutaq ki, 61 qəpik olan ərzağa elə 61 qəpik olaraq ödəniş edirəm, amma satıcının qınayıcı baxışlarından özümdən utanıram. Bu cür qiymətlər sadəcə mağazalara sərf edir ki, insanlar kiçik qəpikləri almır və "dama-dama göl olur" misalına uyğun olaraq pul böyüyür".

Bir sıra ölkələrdə məhz bu kimi səbəblərdən xırda qəpiklərin çapı, ümumiyyətlə, dayandırılıb. Çünki həmin qəpiklərin istehsalına çəkilən xərclər, belə demək mümkünsə, havayı gedir. Əksər ölkələrdə isə market alış-verişində bu cür xırda qəpiklər olduqca işləkdir. Alınacaq ərzaqlar əksər hallarda bu qəpiklərlə edildiyindən qəpiklərin işləkliyi və dəyəri olduqca yüksəkdir.

Azərbaycanda kiçik nominallı pul nişanları ilk dəfə 1992-ci ildə dövriyyəyə buraxılsa da, özünü doğrultmadığından çox keçmədi ki, yığışdırıldı. İkinci dəfə dövriyyəyə buraxılması isə 2006-ci ildə manatın denominasiyasından sonra mümkün oldu. Amma görünür, bu pul nişanları hələ də özünü doğrulda bilməyib. Ona görə də bu gün 1, 2, 3 qəpiklərdən, demək olar ki, istifadə edilmir. Hətta bir çox hallarda xırda qəpiklər alıcı və satıcılar, sürücü və sərnişinlər arasında narazılıqlara səbəb olur. Baş çəkdiyimiz dükanlarda isə satıcılardan öyrəndik ki, onlar alış-veriş zamanı 1, 2, 3 qəpiklərdən istifadə edirlər. Mağaza satıcısı Elşad Quliyevin sözlərinə görə, xüsusən 5 qəpikliklər daha çox istifadə olunur. Xırda kimi qaytarılmalı olan 1 və 3 qəpiklər isə elə mağazada qalır, çünki müştəri bu pulları götürmür: "Bizə verilən 1 qəpiyi belə alırıq. O da puldur və haqqımız yoxdur ki, imtina edək. Eləcə də müştərinin qalıq pulu 1 qəpikdirsə, biz onu geri veririk. Götürüb-götürməmək öz işləridir. Götürülməyən qəpiklər kassanın əlavə bölümünə daxil edilir ki, sonrakı hesabda problem yaranmasın".

Ekspert Tofiq Kərimlinin sözlərinə görə, əskinasların çap xərci dəyərindən azdırsa, çapının dayandırılmasına ehtiyac yoxdur. Üstəlik əhalinin heç də hamısı bu qəpiklərdən imtina etməyib. Alınan malın qalıq borcu olaraq 1, 3, 5 qəpiklik qaytarılırsa, deməli, bu qəpiklər dövr edir və gərəklidir. Qəpikləri gözdən salanlar isə elə özümüzük: "Xırda qəpiklərin çapının maya dəyəri özünün nominal dəyərindən bəzən baha başa gəlir. Həmin qəpikləri istehsal etmək çox vaxt maya dəyərindən ucuz olduğundan iqtisadi cəhətdən də sərfəli deyil. Azərbaycanda onsuz da xırda qəpiklərdən çox istifadə olunmur. Qərbdə bunun çıxış yolu çox sadə üsulla həyata keçirilir. Kart üsulu ilə alış-veriş edildiyindən nəinki qəpiyə, heç kağız pula da ehtiyac qalmır. Amma bizdə gündəlik həyatda kart ödənişindən istifadə az edildiyindən, bu problem yaranır. İkinci halda problem yaradan insanlardır. Bu qəpiklər mağazada işlənilirsə, deməli, işləkdir və nəqliyyat da daxil bu qəpiklərin işlək olmasını tələb etmək lazımdır. Bu gün müştəri piştaxtada qalan 3 qəpiyi pul hesab edib götürmürsə, qəpiyi dəyərdən salan elə özüdür".

Ekspress.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/325924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR