Mənbəyi məlum olmayan əsassız informasiyaların psixoloji fəsadı

14:43 21 Fevral 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Son günlərdə broyler toyuqları ilə baglı sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı müxtəlif fikirlər səsləndirilir.

“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva Trend-ə bildirib ki, təəssüf ki, bəzi KİV nümayəndələri mənbəyi bilinməyən və daha çox qərəzli görünən bu “məlumat”ı yaymağa maraq göstərirlər.

Ümumilikdə isə, ilk olaraq internetdə yerləşdirilmiş videoda görüntülərin hansı şəraitdə və ya hansı müəssisədə çəkilməsi barədə heç bir məlumat verilmir. Necə deyərlər, heç bir mənbəyə söykənməyən informasiyadır. Məkanı bilinməyən bu “çəkilişin” ölkəmizdə fəaliyyət göstərən hər hansı broyler fabrikinə aid etmək düzgün olmazdı. İstehlakçı psixologiyasına mənfi təsir göstərən bu cür hərəkətlər istər-istəməz istehlakçılarda quş ətinin keyfiyyəti barədə şübhələrin yaranmasına səbəb olur. Bu mənbəyi bilinməyən xəbərlər istehlakçılar arasında çaşqınlıq yaratmaqla yanaşı, quşçuluq fabriklərinin işgüzar nüfuzuna da xələl gətirir.

Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz edilib. Bu fabriklərdə istehsal prosesi tamamilə avtomatlaşdırılıb, robot kəsim, başqa sözlə, əl dəyməyən istehsal tətbiq olunub, istehsal və qablaşdırma tam olaraq müasir texnologiyalar əsasında aparılır və sanitar-gigiyenik normalar ən yüksək səviyyədə gözlənilir. Bu gün ölkədə quşçuluq müəssisələrinin sayı onlarla ölçülür və satışda kifayət qədər müxtəlif çeşidli quş əti və quş əti məhsulları vardır.

Belə bir şəraitdə, kiminsə “sex istehsalı” olan “yaradıcılıq məhsulu”nu sosial şəbəkəsində yerləşdirməsi hesab edirəm ki, qərəzli, qısa müddətdə sürətlə inkişaf etmiş quşçuluq sənayesinin inkişafına “kölgə salmaq” cəhdindən uzağa gedə bilməyib.

Onu da qeyd etmək yerinə düşərdi ki, quş əti balıq məhsullarından sonra ən tez həzm olunan qida məhsuludur və onun orqanizm üçün faydası böyükdür. Nəzərə alsaq ki, Azərbaycan istehlakçısının ərzaq rasionunda quş əti və quş məhsullarının xüsusi çəkisi o qədər az deyil, bu cür yoxlanılmamış, kiminsə şəxsi maraqlarına xidmət edən məlumatların yayılması həm də biz istehlakçıların zərərinə işləyir. Quş əti barədə yayılan əsassız məlumatlar istehlakçıları daha baha qiymətə digər “əvəzedici” məhsulların - ət və ət məhsullarının almağa sövq etməklə yanaşı psixoloji fəsadlara da gətirib çıxarır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR