Videogörüntü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi

Videogörüntü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi
15:12 21 Fevral 2015
88 Sosial
Ölkə mətbuatı
A- A+

Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev: “Belə təxribat xarakterli xəbərlər quşçuluq fabriklərinin nüfuzuna xələl gətirir”
Son vaxtlar Azərbaycanda quşçuluq təsərrüfatları inkişafdadır. Dövlətin yaxından dəstəyi ilə yerli sahibkarların istifadəyə verdiyi broyler sexləri əhalinin quş ətinə olan tələbatını ödəməkdədir. Amma son günlər sosial şəbəkələr və yerli televiziya kanallarında quş ətinin şişirdilməsini əks etdirən video-çarxın nümayişi vətəndaşları arasında narahatlığa səbəb olub. Kadrlarda toyuqlara xüsusi maddə vurulduğu görünür. Bunun nəticəsində 300 qramlıq toyuq ətinin çəkisi azı 500 qrama qədər artır. Bu və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev cavablandırıb.

O bildirib ki, Azərbaycanda quşçuluq təsərrüfatının inkişafı yüksək səviyyədədir: “2014-cü ilin nəticələrinə görə, ölkə əhalisinin quş ətinə olan tələbatı 98%, yumurtaya olan tələbatı isə 100%-i təmin olunub. Keçən ilin göstəricilərinə görə, ölkədə 101 min ton toyuq əti, bir milyard altı yüz milyon ədəd yumurta istehsal olunub. Prezident İlham Əliyev son beş ildə quşçuluq təsərrüfatına böyük dəstək verib. 40 quşçuluq təsərrüfatına 110 milyon manat güzəştli kredit verilib. Həmçinin ölkə ərazində yeni quşçuluq sahələri tikilib, digər quşçuluq təsərrüfatları daha da genişləndirilib, müasir avadanlıqlarla təchiz olunub, damazlıq quşçuluq sahələri yaradılıb”.

Məlum video-çarxa gəlincə, A.Vəliyev qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafına kölgə salmaq istəyənlər bu cür təxribat xarakterli videolar yayırlar: “Bu mənbəyi bilinməyən xəbərlər istehlakçılar arasında çaşqınlıq yaratmaqla yanaşı, quşçuluq fabriklərinin işgüzar nüfuzuna xələl gətirir. Bizim quşçuluq təsərrüfatlarında saxlanılan toyuqlar ətlik cinsdəndir. Yəni bu növlər kökəlməyə meyllidirlər. Yenidən həmin toyuqların iynə vurularaq kökəldilməsi nəyə lazımdır ki? Onsuz da iki gün artıq saxladıqda toyuqlar istənilən çəkini verir. Quşçular məgər millətin düşmənidir? Bütün respublika üzrə quşçuluq sahəsində 30 min insan çalışır və onlar da iş yerlərində gündə bir dəfə həmin toyuqlarla qidalanırlar. İndiyədək quş təsərrüfatının işçilərindən heç biri xəstələnməyib. Çünki toyuq əti insan orqanizmi üçün ən münasib və vitaminli qidadır”.

A.Vəliyev bildirib ki, yerli quşçuluq müəssisələri tərəfindən məhsul istehsalı, qablaşdırılması və istehlakçılara çatdırılmasının yüksək səviyyədə təşkil olunması bu sahədə milli brendlərin və istehlakçıların inamının formalaşmasına səbəb olub: “Quşçuluq fabriklərinin fəaliyyətinə, o cümlədən istehsal və qablaşdırma prosesinə aidiyyəti dövlət strukturları tərəfindən mütəmadi olaraq nəzarət həyata keçirilir".

Müsahibimizin sözlərinə görə, Azərbaycanda hazırda quşçuluq təsərrüfatının ən böyük problemi yem bazasının lazımi səviyyədə inkişaf etməməsidir: “Toyuq məhsullarının maya dəyərinin 65-70%-ni yem tutur. Toyuqların kökəlməsi intensiv yemlənmə ilə bağlıdır. Lakin quş yemlərinin təxminən 80%-i xaricdən idxal olunur”.

A.Vəliyev vurğulayıb ki, videogörüntü ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib: “Bu videogörüntüləri çəkənlər və yayanlar tapılıb ictimaiyyətə açıqlanacaq. Lakin belə bir fikir də var ki, bu görüntülər bizim ölkədə çəkilməyib. Başqa ölkədə çəkilərək sonradan videoya səs effekti verilib. Çünki bu işlə məşğul olmaq cinayətdir və heç kim bunu çəkib yaymaq istəməz. Bizim quşçuluq müəssisələri beynəlxalq standartlara cavab verir. Şirkətlərdə ən yüksək texnoloji avadanlıqlardan istifadə edilir və işçilərin əksəriyyəti öz işlərini bacarıqla yerinə yetirir”. A.Vəliyev qeyd edib ki, bu videodan sonra insanların yerli istehsala qarşı inamı azalmayıb: “Toyuq məhsullarının satışının azalmasına səbəb qış fəslidir. Çünki hər il qış fəslində toyuq ətinə tələbat az olur. Bu fəsildə daha çox balıq ətinə tələbat artır”. A.Vəliyev yerli məhsullara yönəlmiş təxribatlara qarşı mübarizə aparacaqlarını da bildirib: “Biz jurnalistləri quşçuluq fabriklərinə dəvət edirik. Bir neçə gündür media nümayəndələrini quşçuluq müəssisələrinə aparır və onları vəziyyətlə yerindəcə tanış edirik”.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR