Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları təşkil olunub

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları təşkil olunub
15:38 21 Fevral 2015
418 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc 
Fevralın 21-də Bakı şəhərinin rayonlarında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 0,4 ton ət, 0,1 ton ağartı, 3 ton tərəvəz, 3 ton meyvə və digər məhsullar təklif olunur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov deyib ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Badımcan 2 manata, kartof 70-90, soğan 40-50 qəpiyə təklif edilir. Burada, həmçinin qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, yumurtanın bir ədədi 8-9 qəpiyə satılır.
Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya Salyan, Qusar, Astara, Şabran, eləcə də Sabirabad, Quba, Göyçay, Gədəbəy, Kürdəmir, Bərdə, Xaçmaz rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 139,6 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər kənd məhsulları çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verərək bildirib ki, yarmarkada mövsümə uyğun bütün növ kənd təsərrüfatı məhsulları var. Məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır. Nəzarət tərəzisi qoyulub, bazarlarla müqayisəli qiymətlər göstərilib.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı, Sabirabad və digər rayonlardan 17 tondan çox kənd təsərrüfatı məhsulu çıxarılıb. Burada alıcılara kartof, soğan, alma, qoz, fındıq, şabalıd, alma, nar, heyva, naringi və sitrus meyvələri təklif edilir. Mal ətinin kiloqramını 5 manat 50 qəpiyə satdığını deyən sabirabadlı fermer Dadaş Babayev yarmarkada yaradılmış şəraiti yüksək qiymətləndirir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirib ki, yarmarkada məhsulların keyfiyyəti ciddi yoxlanılır, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda -“Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından, ümumilikdə, 15,7 ton məhsul çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirib ki, hər iki yarmarkada mövsümi kənd nemətlərindən göyərti, kartof, soğan, badımcan, kələm, alma, armud, nar, heyva, xurma, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir.
Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya isə Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 315 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İsmayıl Sərdarlı məlumat verib ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından ucuzdur. Məhsulların keyfiyyətinə və qiymətinə də ciddi nəzarət olunur.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada müxtəlif çeşiddə meyvə-tərəvəzlər, bostan və süd məhsulları nəzərə çarpırdı. Fermerlər Bərdə, Siyəzən, Goranboy, Ağstafa və digər rayonlardan gətirdikləri məhsulları bazardakından 20-30 faiz ucuz qiymətlərə satırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, yarmarkaya 29,3 ton meyvə-tərəvəz, süd və bostan məhsulları çıxarılıb.
Şəhər sakinləri yarmarkalarda yaradılan şəraitdən və məhsul bolluğundan razılıqlarını bildirirlər.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzərTAc-a bildirib ki, son 10 gündə aparılan monitorinqlərin nəticələrinə görə, bazarlarda və yarmarkalarda satışa çıxarılan bəzi məhsullarda, xüsusilə də heyvandarlıq məhsullarında ucuzlaşma müşahidə olunur.
Yarmarkalarda qoyun ətinin kiloqramı 5 manat - 5 manat 50 qəpiyə, mal əti 4 manat 50 qəpik - 5 manata, quş əti 2 manat 20 qəpik - 4 manata, pendir 3 manat – 4 manat 50 qəpiyə, üzüm 2 manat – 2 manat 50 qəpiyə, pomidor 90 qəpik – 2 manata, heyva 60 qəpik - 1 manata, armud 1-2 manata, naringi 70 qəpik – 1 manat 20 qəpiyə, nar 1 manat - 1 manat 80 qəpiyə, yerkökü 50 – 90 qəpiyə, xiyar 1 manat 10 qəpik - 2 manata, çuğundur 40-80 qəpiyə, alma 50 qəpik – 2 manata, kartof 70-90 qəpiyə, soğan 45 qəpik - 1 manata, kələm və balqabaq 50-70 qəpiyə, yumurtanın biri isə 6-10 qəpiyə təklif olunur.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_kend_teserrufati_mehsullarinin_novbeti_satis_yarmarkalari_teskil_olunub-833942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR