Argentinada Ermənistan-Azərbaycan münaqişəsinə dair kitabın təqdimatı keçirilib

16:07 21 Fevral 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 16:04 ]


Bakı-APA. Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Azərbaycanın Argentinadakı Səfirliyi tərəfindən “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu” adlı kitabın təqdimat mərasimi keçirilib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Argentinanın icraedici və qanunverici orqanlarının, elmi-akademik dairələrinin, ictimai təşkilatlarının, ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.

 

Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının təşəbbüsü ilə dərc olunan kitabın ön sözünün müəllifi həmin kafedranın əlaqələndiricisi professor Paulo Bottadır.

 

Kitabda Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin rəsmi sənədləri kimi yayılmış məruzələr, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələri, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair xəritə və müvafiq statistik məlumatlar öz əksini tapıb.

 

Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Xocalı soyqırımının anılmasının 23-cü ildönümü münasibətilə Argentinada ispan dilində “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu” adlı kitabın dərc edilməsinin dünyanın ispan dilli oxucularına Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair həqiqətlərin, habelə məsələ ilə bağlı dünyanın ən böyük beynəlxalq təşkilatının nüfuzlu orqanlarının münasibətinin çatdırılması üçün önəmini qeyd edib.

 

Kitabdakı Xocalı soyqırımına dair sənədi xüsusi olaraq vurğulayan M.Əhmədzadə, həmin sənədin Xocalıda baş vermiş cinayətin müəllifləri, onun kvalifikasiyası və ona münasibətdə beynəlxalq hüquqi məsuliyyətin müəyyənləşdirilməsi üçün əhəmiyyətli mənbə olduğunu qeyd edib.

 

Sonra çıxış edən professor Paulo Botta bildirib ki, İberoamerika bölgəsində ilk və hələ ki, yeganə olan Azərbaycanşünaslıq kafedrasının öz fəaliyyətinin üçüncü ilində belə bir təşəbbüslə çıxış etməsinin səbəbi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı obyektiv və dolğun məlumatın ispan dilli ictimaiyyətə çatdırılmasıdır. P.Botta kitabdakı sənədlər barədə məlumat verib və kitabın Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini, tarixini, nizamlanması üçün hüquqi əsaslarının öyrənilməsi nöqteyi-nəzərdən dəyərli mənbə olduğunu bildirib.

 

P.Botta münaqişəyə dair digər nüfuzlu beynəlxalq və regional təşkilatlar tərəfindən də BMT-nin mövqeyinə uyğun çoxsaylı sənəd və qətnamələrin qəbul edildiyini və bütün bu sənədlərin münaqişənin həlli üçün önəmli hüquqi-normativ baza təşkil etdiyini vurğulanıb.

 

Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR