Əmək mədəniyyəti və milli inkişaf

Əmək mədəniyyəti və milli inkişaf
16:33 21 Fevral 2015
316 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc 
Azərbaycan Respublikası sürətli sosial-mədəni, o cümlədən iqtisadi tərəqqi nəticəsində ən dinamik inkişaf edən dövlətlərdən və müasir sivilizasiyanın mədəni mərkəzlərindən birinə çevrilir. Bu, iqtisadiyyatın, təhsilin, elmin, incəsənətin, təbabətin, idmanın, turizmin və bütöv bir sistem olan mədəniyyətin digər sahələrinin inkişafında qazanılan uğurlar, tarazlaşdırılmış daxili və xarici siyasət, yüksək urbanizasiya və dövlət idarəçiliyi mədəniyyəti sayəsində mümkün olur.
Respublikada idarəçilik sisteminin modernləşdirilməsi ilə əlaqədar, ənənəvi idarəçilik modellərindən fərqlənən və vətəndaşların tələbatına istiqamətlənmiş, dövlət strukturlarının fəaliyyətində şəffaflığı və əhaliyə xidmətlər təqdim edən orqanlar arasında rəqabəti təmin edən müasir idarəçilik modeli qurulması zərurəti yaranıb. Bu modernləşmə prosesində dövlət idarəçiliyi mədəniyyətinin səmərəli texnologiyalarının tətbiq edilməsi, yeni tipli kadrlar hazırlanması və onlardan istifadə edilməsi hesabına peşəkar dövlət xidmətinin formalaşması məqsədilə mütərəqqi islahatlar həyata keçirilir. Bu kadrların səciyyəvi əlamətləri səriştəlilik, kreativ təfəkkür, vəzifəli şəxslərlə vətəndaşlar arasında ünsiyyətin yüksək mədəniyyəti, məsuliyyət və vətənpərvərlik, idarəetmə əməyinin nəticələrinin qiymətləndirilməsində ictimai rəyin nəzərə alınması kimi xüsusiyyətlərdir. Nəticə etibarilə yaradılmış yeni dövlət idarəçiliyi modeli vətəndaşların müasir innovasiyalar vasitəsilə reallaşdırılan şəffaf, keyfiyyətli, operativ və rahat xidmətlərdən bəhrələnməsinə əsaslanır.
Azərbaycan xalqının rifahının yüksəldilməsinə və həyat keyfiyyətinin artırılmasına yönəlmiş dövlət siyasətinin ən uğurlu nəticələrindən biri 2014-cü ildə milli idarəçilikdə struktur dəyişiklikləri şəraitində “ASAN xidmət” – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Bu Agentliyin məqsədi “ASAN xidmət” mərkəzlərinin işinin təşkili və əlaqələndirilməsi, dövlət strukturlarının məlumat bazalarının inteqrasiyası, ölkədə elektron xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, dövlət xidmətlərinin işində şəffaflığın artırılması, məmurlarla əhali arasında münasibətlərin yaxşılaşdırılması, habelə vətəndaşların vaxtına və vəsaitinə qənaət edilməsidir.
“ASAN xidmət” mərkəzlərinin hüquqi statusu, onların fəaliyyətinin təşkili və xidmətlər təqdim edilməsi qaydaları, habelə bu mərkəzlərin daxili intizam qaydaları Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 5 sentyabr 2012-ci il tarixli Fərmanı və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlər təqdim edilməsi qaydaları” ilə tənzimlənir. Həmin Qaydalara müvafiq olaraq bu mərkəzlərin fəaliyyətinin məqsədləri aşağıdakılardır: vətəndaşların xərclərinin və vaxt itkisinin azaldılması; vətəndaşlarla münasibətlərdə etik qaydalara riayət edilməsinə, nəzakətli davranışa nail olmaq; peşəkarlıq səviyyəsinin artırılması; dövlət idarələrinə etimadın möhkəmlənməsi; şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin güclənməsi; elektron xidmətlərdən daha geniş istifadə edilməsi; bu sahədə institusional islahatların səmərəsinin artırılması.
Bu gözəl innovasiya layihəsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya praktikasında analoqu olmayan siyasi mədəniyyət brendi ölkəmizin milyonlarla sakininin rəğbətini qazanıb.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti dövlətçilik mədəniyyəti baxımından mühüm siyasi məsələnin həllinə - dövlət sisteminin bazar şəraitinə yaxınlaşması və dövlətin inzibati xidmətlərinə əhalinin tələbatının daha tam təmin edilməsi hesabına idarəçilik mədəniyyətinin səviyyəsini və onun səmərəsini artırmağa şərait yaradır. “ASAN xidmət” dövlət idarəçiliyinin ən mühüm funksiyalarından birini - əhaliyə xidmət funksiyasını həyata keçirir. Bu fəaliyyətin praktiki dəyəri həm də onunla bağlıdır ki, Agentlik dövlət idarəçiliyinin digər mühüm funksiyasının həyata keçirilməsinə - əhalinin rifahını dəstəkləməyə yönəlmiş həyat fəaliyyətinin tənzimlənməsinə müsbət təsir göstərir. Bu halda “ASAN xidmət” mərkəzlərinin dövlət qulluqçuları üçün səciyyəvi olan korporativ mədəniyyət xüsusi peşə etikasını, cəmiyyət və dövlət qarşısında yüksək sosial və siyasi məsuliyyət mədəniyyətini əhatə edir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti siyasi-etik baxımdan ölkədə yüksək vətəndaş mədəniyyəti formalaşdırmağa, insanların vətənpərvərlik, şəxsiyyətlərarası və beynəlxalq münasibətlər mədəniyyəti, milli mədəni dəyərlərin, o cümlədən Azərbaycan xalqının çoxəsrlik mədəni tarixi boyu ona xas olan ənənəvi multikulturalizm dəyərlərinin qorunub saxlanması və inkişaf etdirilməsi ruhunda tərbiyə edilməsinə yönəlmiş azərbaycançılıq ideologiyası məcrasında həyata keçirilir.
Dövlət quruculuğunun və idarəçiliyinin ən mühüm istiqamətlərindən biri kimi “ASAN xidmət”in əhəmiyyəti bundadır ki, onun strategiyası və texnologiyaları cəmiyyətdə mənəvi mühitə, sosial-siyasi sabitliyə, ictimai münasibətlər mədəniyyətinə, habelə dövlət qulluqçularının, siyasətçilərin və məmurların idarəçilik mədəniyyətinə böyük təsir göstərir.
“ASAN xidmət”in fəaliyyəti üçün istər kollektivin özündə, istərsə də işçilərin müraciət edən vətəndaşlara münasibətində yüksək əmək və ünsiyyət mədəniyyəti xarakterikdir. Vətəndaşlarımızın bu Dövlət Agentliyində hiss etdiyi psixoloji rahatlıq, onların Agentliyin əməkdaşlarının yüksək peşəkarlığından və etik mədəniyyətindən razılıq hissi milli mənlik şüuruna müsbət təsir göstərir, müxtəlif yaş və peşələrdən olan insanlarda öz xalqına və dövlətinə görə qürur hissini gücləndirir. “ASAN xidmət”in heyətinin yüksək estetik mədəniyyət, səliqəli brend geyimi ilə fərqlənməsi Agentlikdə hökm sürən müsbət ab-havada heç də az rol oynamır.
Dövlət idarəçilik mədəniyyətinin strategiya, texnologiya, etika, “public relations” və dizayn kimi elmi prinsiplərindən, habelə sosial injinirinqin ən müasir metodlarından bacarıqla istifadə edən “ASAN xidmət” dövlət qulluqçularının yüksək etik mədəniyyətinin milli standartlarının onların vətəndaşlar ilə ünsiyyəti prosesində təsdiq edilməsində yüksək nəticələrə nail olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarəçiliyinin yüksək səmərəliliyinin təmin edilməsi üçün belə mədəniyyətin əhəmiyyətini çıxışlarında dəfələrlə vurğulayıb.
“ASAN xidmət”in uğurunu bir çox cəhətdən onun fəaliyyət istiqamətlərindən olan treninqlərin və kursların keçirilməsi şərtləndirir. Agentliyin işçilərini uğurlu treninqlərlə təmin etmək üçün xüsusi “Treninq qaydaları” işlənib hazırlanıb və təsdiq edilib. Həmin qaydalarda müvafiq istiqamətlər üzrə treninq strategiyası, o cümlədən innovativ metod və təhsil texnologiyaları əsasında qurulan səmərəli model əksini tapıb. Bu strategiya “informasiya cəmiyyəti” sisteminin müasir təhsil standartlarına və infrastrukturuna cavab verən, kadr potensialının, xüsusən yüksək peşəkarlıq, kreativlik, innovativ təfəkkür, milli-mədəni dəyərlərə sadiqlik səviyyəsinə malik gənclərin formalaşdırılmasını təmin etmək məqsədi daşıyan xüsusi innovativ təhsil yaratmaq məqsədi daşıyır.
Məlum olduğu kimi, dövlət idarəçiliyi prosesi dinamik xarakter daşıyır və hər bir ölkənin konkret tələbatına, dünya sivilizasiyasının çağırışlarına müvafiq dialektik dəyişikliklərə, islahatlara və təkmilləşdirilməyə meyillidir. Bu qanunauyğunluqdan çıxış edərək, treninqlər “ASAN xidmət”in təkcə Bakıda deyil, həm də Gəncə, Sumqayıt, Sabirabad və Bərdədə təmsil olunan və durmadan inkişaf edən təşkilatlar şəbəkəsi üçün kadrların məqsədyönlü kulturoloji hazırlığını və yenidən hazırlığını həyata keçirir. Heyət treninqlər zamanı Azərbaycan və dünya mədəniyyəti və sivilizasiyası tarixi, bəşəri münasibətlər, əmək, xidmət və idarəçilik, peşəkar etika, hüquq mədəniyyəti, məsuliyyət mədəniyyəti, özünüidarəetmə və özünütəkmilləşdirmə mədəniyyəti, azərbaycançılıq ideologiyası, insan kapitalının inkişafının xüsusiyyətləri, multikulturalizmin əsasları sahəsində universal biliklərə, habelə psixoloji biliklərə yiyələnir. Bu biliklərin yayılması “ASAN xidmət” kollektivlərinin xüsusi həyat fəlsəfəsinin və korporativ mədəniyyətinin, işçilərdə yüksək peşəkarlıq səviyyəsinin formalaşmasına kömək edir. Dövlət agentliyinin işçilərinin əmək mədəniyyətini qiymətləndirərkən işin səmərəlilik meyarı qismində onların vətəndaşların tələbat və maraqlarını maksimum təmin etmək, sosial-məişət problemlərinin həllində onlar üçün rahat şərait yaratmaq bacarığı götürülür.
Treninqlərin üstünlüyü ondadır ki, onlar Agentliyin işçilərinin potensial bacarıqlarını reallaşdırmaq üçün əlverişli şərait yaratmağa kömək edir, heyətin şüuruna və motivasiyasına müsbət təsir göstərir. Məşğələlər əməkdaşların səriştəsinin, özünə inam hissinin artmasına imkan yaradır, inandırmaq, kollektivdə komanda ruhu, sağlam mənəvi-psixoloji mühit formalaşdırmaq bacarığı inkişaf etdirir. Bütün bunlar son nəticədə “ASAN xidmət” kollektivlərində əməyin yüksək səmərəliliyini təmin edən ciddi idarəçilik resursuna çevrilir. Treninqlər nəticəsində kollektivdə yaranan sağlam mənəvi-psixoloji mühit “ASAN xidmət”in hər bir əməkdaşının ətrafdakıların məhəbbətini, hörmətini və dəstəyini qazanmasına şərait yaradır. Bu güclü mənəvi motivasiya öz növbəsində işə marağın artmasına, təşkilatda öz potensialını reallaşdırmağa, mədəniyyəti harmonikləşdirməyə, ümumi işin səmərəliliyini və keyfiyyətini yüksəltməyə imkan verir.
Agentliyin treninqləri innovativ və interaktiv xarakter daşıyır. Onlar Agentliyin əməkdaşlarına həmişə formada olmaq, xüsusi və universal bilik səviyyələrini artırmaq, ortaya çıxan problemləri sistemli təhlil etmək, konkret vəziyyətlərdə vaxtında və düzgün qərarlar qəbul etmək imkanı verən intellektual işgüzar oyunlar və beyin hücumları ilə müşayiət olunur.
Təlimlər işçilərin intellektual mədəniyyətinin artması və praktik fəaliyyətdə əldə etdikləri biliklərdən istifadə vərdişi hesabına əhaliyə göstərilən xidmətin səmərəliliyinin yüksəlməsinə kömək edir. Təlimlər dövlət qulluqçularında intellektin, texnoloji təchizatın və praktiki təcrübənin inkişafına, onlarda əməyə və öz sənətinə məhəbbətin formalaşmasına, həmçinin milli ənənələr, vətəndaşların xarakteri, psixologiyası və temperamentləri haqqında biliklərin yayılmasına, insanlarla işləmək bacarığına kömək edir. Təlimlər pozitiv enerjinin, özünüidarə mədəniyyətinin yaranmasına, yüksək əmək mədəniyyəti standartlarına uyğun texnoloji servis və peşəkar ustalığın təkmilləşməsinə kömək edir.
Təlim prosesində işçilərdə nizam-intizama, qoyulmuş qaydalara riayət edilməsini, onların xoşxasiyyətli və nəzakətli olmasını, insanlara xidmət zamanı şəxsiyyətə hörmət etmələrini, düzgün və ədalətli olmalarını, habelə pozitiv xarakterin formalaşmasını və kompromisə getmək bacarığını nəzərdə tutan yüksək mədəni keyfiyyətlərin formalaşdırılmasına böyük diqqət ayrılır. Bunun nəticəsində, təlim keçmiş dövlət qulluqçuları, bir qayda olaraq, Agentliyə müraciət edən adamlara münasibətdə böyük diqqət, təmkin, empatiya nümayiş etdirir, onların xarakterlərini, maraqlarını və psixologiyasını daha yaxşı nəzərə alır, sosial-məişət problemlərinin həllində onlara kömək etməyə çalışırlar.
Ekspertlərin iştirak etdiyi belə təlimlər nəticəsində respublika əhalisinə xidmətdə dövlət qulluqçularının bacarıqları, onların beynəlxalq əmək mədəniyyəti standartlarına istiqamətlənən peşəkarlıq və etika səviyyəsi daim təkmilləşdirilir. Beləliklə, Agentliyin təlim fəaliyyəti dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş insan kapitalının inkişafında strateji milli vəzifələrin praktik olaraq həyata keçirilməsinə mühüm töhfəsini verir.
Xüsusi təlimlərin keçirilməsi həmçinin “ASAN xidmət” işçilərinin diskresion fəaliyyətə cəlb olunmasına imkan yaradır. Bu fəaliyyət qanunun icrası və əhaliyə xidmətdə uğurlu məqsədlərə çatmaq üçün qərar verməkdə onların hüquqları və məsuliyyətləri ilə bağlıdır. Bu fəaliyyət prosesində “ASAN xidmət”də akkreditə olunmuş nazirliklərin və respublikanın digər idarələrinin nümayəndələri də öz peşəkarlıqlarını və etik mədəniyyətlərini yüksəldirlər.
Yaxın vaxtlarda Mərkəz dövlət agentliyinin rəhbər işçiləri üçün liderlik mədəniyyəti üzrə təlimlər keçirməyi planlaşdırır. Bu təlimlər “ASAN xidmət” mərkəzlərinin və bölmələrinin rəhbərlərinə uğurlu liderlik mədəniyyəti vərdişlərini, o cümlədən tapşırıqların sistemli təhlili, heyətlə və kollektivin hər bir üzvü ilə ayrılıqda yeni idarəetmə metodlarının öyrədilməsini nəzərdə tutur. Buraya tapşırıqların qoyuluşu və təşkilatçılıq mədəniyyətləri, planlaşdırma, brifinq və təlimatın, monitorinqin keçirilməsi, nəzarət edilməsi, nəticələr və onların qiymətləndirilməsi, vaxtın əsaslı və məhsuldar idarə olunması daxildir.
Heyətin xüsusi ədəbiyyatdan bacarıqla istifadə etməsi, təlimlərdə qazanılmış universal və xüsusi biliklərin təcrübədə yenidən tətbiqi, sistemli və şəraitə uyğun təhlil metodlarının, idarəçilik mədəniyyətinin müasir texnologiyalarının mənimsənilməsi “ASAN xidmət” işçilərinə özlərində müxtəlif, hətta fors-major hallarda düzgün qərar qəbul etmək bacarıqlarının formalaşdırmalarına kömək göstərir. Bütün bunlar, eləcə də xidmətin şəffaflığı, rahatlığı və keyfiyyəti “ASAN xidmət”in fəaliyyətindən vətəndaş məmnunluğunu gündən-günə artırır ki, bu da öz növbəsində Agentliyin ölkəmizdə milli mədəniyyətin, insan kapitalının və sosial-siyasi sabitliyin yüksəlişinə mühüm töhfədir.
Bizə elə gəlir ki, “ASAN xidmət”in iş təcrübəsini araşdırmaq və ondan əmək mədəniyyəti səviyyəsinin və analoji dövlət strukturlarında milli insan kapitalının inkişafına yönələn, Azərbaycan Respublikasının davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişaf maraqlarına cavab verən fəaliyyətin effektivliyini təkmilləşdirmək üçün istifadə etmək məqsədəuyğun olardı. “ASAN xidmət” işçilərinin yüksək əmək və servis mədəniyyəti nazirliklərin və ölkədəki idarələrin çoxunda yayılması üçün “ustad dərsi” olardı. Bu isə Azərbaycanda “Bilik cəmiyyəti”nin və “Bilik iqtisadiyyatı”nın inkişafında heç də az əhəmiyyət daşımır.
Fuad Məmmədov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının tarix kafedrasının professoru
Nazənin Hüseynova
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amek_medeniyyeti_ve_milli_inkisaf-833959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR