Dünya kuboku yarışlarının qalibi olan yunan-Roma güləşçilərimiz Vətəndə böyük sevinclə qarşılanıblar

17:23 21 Fevral 2015
68 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, Səxavət Quliyev, AzərTAc
Tehranda böyüklər arasında dünya kuboku yarışlarının qalibi olan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri fevralın 21-də Vətənə qayıdıblar.
AzərTAc xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri qarşılyıblar.
AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov millimizin uğurunu tarixi nailiyyət kimi dəyərləndirib. Bildirib ki, indiyədək Tehranda təşkil olunan dünya kuboku yarışlarında İran millisinə heç bir ölkənin komandası qalib gələ bilməmişdi. Qrup mərhələsində əzəli rəqibimiz olan İran millisini məğlub edərək liderliyi ələ aldıq. Bu görüşdə güləşçilərimiz yüksək əzimkarlıq nümayiş etdirməsi bizi çox sevindirdi. Biz güləşçilərimizdən bunu gözləyirdik.
Qələbənin əldə olunmasında məşqçilər korpusunun əməyini yüksək qiymətləndirən baş katib deyib ki, millimiz qrup mərhələsini ilk pillədə başa vuranda biz bunu tarixi qələbə kimi qəbul etmişdik. Final görüşündə Rusiya millisi üzərində qazanılan qələbə isə ölkəmizdə güləşin inkişafından xəbər verir.
Dünyada idmanın güləş növü üzrə üç güclü milli komandadan birinin Azərbaycan yığması olduğunu diqqətə çatdıran Ə.Cəfərov final görüşündə millimizə qarşı hakim ədalətsizliyinə də toxunub. Qeyd edib ki, Elman Muxtarov (59 kq) və Orxan Nuriyev (98 kq) hakimlərin qeyri-obyektivliyi nəticəsində xalçanı məğlub tərk etdilər. Amma buna baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Bu qələbə Bakıda təşkil olunacaq birinci Avropa Oyunları öncəsi milli komandamız üçün çox vacib idi.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Cəmşid Xeyrabadi görüşlərin gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirib və ölkəmizi bu qələbə münasibətilə təbrik edib.
Gənclər arasında Avropa çempionu Rəsul Çunayev deyib: “Cari ildə ilk hədəfimiz dünya kubokunu qazanmaq idi. Çox sevinirəm ki, ilk istəyimizə nail olduq. Komanda yoldaşlarımla birgə əzmkarlıq nümayiş etdirərək bu qələbəni qazandıq. Bu uğurun əsasında dövlətimizin başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı dayanır. Bizim üçün yaradılan yüksək şəraitdən yararlanaraq biz də öz üzərimizdə çalışıb yeni uğurlar qazanırıq”.
İsveç güləşçisi ilə görüşün prinsipail xarakter daşıdığını bildirən Rəsul Çunayev əslən erməni olan Şarur Vardanyanı təmiz qələbi ilə məğlub etdiyini diqqətə çatdırıb.
Gənclər arasında Avropa və dünya çempionu İslam Abbasov tarixi qələbədə payı olduğu üçün qürur hissi keçirdiyini bildirib: “Tehranda İran millisini məğlub etməyimiz bizə stimul verdi. Çünki yarış Tehranda təşkil olunduğu üçün İran millisi inamlı təsir bağışlayırdı. Hakimlərin haqsızlıqlarına baxmayaraq, millimiz gücünü nümayiş etdirdi və tarixində ilk dəfə dünya kubokuna sahib oldu”.
Qeyd edək ki, turnirin qrup mərhələsində millimiz ilk olaraq yerli İran idmançıları ilə qarşılaşıb və pəhləvanlarımız gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurublar. Ardınca Almaniya və İsveç komandalarını 7:1 hesabı ilə məğlub edən yığmamız qrup mərhələsini lider kimi tamamlayıb. Azərbaycan yığmasının Rusiya millisi ilə final görüşü 4:4 hesabı ilə başa çatıb. Hesab bərabər olsa da, güləşçilərimiz xalların keyfiyyətinə görə qələbəyə layiq görülüb.
Yarışda bürünc medallar uğrunda görüşdə Türkiyə millisinə qalib gələn İran yığması üçüncü pillədə qərarlaşıb. Beşinci yer uğrunda görüşdə Macarıstan İsveç millisinə qalib gəlib. Almaniya güləşçilərinə məğlub olan Ermənistan yığması isə dünya kuboku yarışlarını sonuncu pillədə başa vurub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_kuboku_yarislarinin_qalibi_olan_yunan_Roma_guleschilerimiz_Vetende_boyuk_sevincle_qarsilaniblar-833964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR