Bu il laçınlı məcburi köçkünlər üçün 1500 ev inşa olunacaq

Bu il laçınlı məcburi köçkünlər üçün 1500 ev inşa olunacaq
18:58 21 Fevral 2015
339 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 21 fevral, AzərTAc 
2015-ci ildə Laçın rayonundan olan məcburi köçkünlər üçün 1500 ev inşa ediləcək.
Bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunlarına həsr olunan yığıncaqda məlumat verilib.
AzərTAc xəbər verir ki, yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü ərazisində geniş abadlıq işləri aparılıb, 4444 ədəd müxtəlif ağac və gül kolları əkilib.
Bakı şəhər Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində laçınlı məcburi köçkünlər üçün mərasim evi, Qaradağ rayonunun Ümid qəsəbəsində salınmış qəsəbədə 7 saylı tam orta məktəb üçün yeni bina, Malıbəy obasında tibb məntəqəsi inşa olunaraq istifadəyə verilib. Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən Çıraqlı kənd tam orta məktəbi, Qaradağ rayonu Sahil qəsəbəsində məcburi köçkünləri məskunlaşdığı 16 saylı yataqxana binası, Xətai rayonunda 81 məcburi köçkün ailəsinin yerləşdiyi 25 saylı yataqxananın istilik sistemi əsaslı təmir olunub. 1, 12 və 14 saylı yataqxanalarda daxili elektrik xətləri dəyişdirilib. Taxtakörpü ərazisində Hacısamlı, Şeylanlı-2 nömrəli tam orta məktəbləri üçün əlavə sinif otaqları inşa edilib, 8 kəndin tam orta məktəb binaları əsaslı təmir olunub.
Həmçinin məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə elektrik enerjisi ilə təchizat sahəsində də bir sıra mühüm işlər görülüb.
Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə yararsız su borularının 12 min 600 metr hissəsi dəyişdirilib, 4750 metr hissədə təmir işləri aparılıb. Mişni-Mayis magistral içməli su xəttinin 1700 metr hissəsi polietilen boru ilə əvəzlənib. Mişni və Qarıqışlaq obalarında modul tipli sutəmizləyici qurğuların tikintisinə başlanılıb.
Məruzə və çıxışlarda görülən işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunub, onların həlli yolları müzakirə edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, 2015-ci ildə 1500 evin tikilməsi, geniş abadlıq və quruculuq işlərinin aparılması, sakinlərin təsərrüfat suyuna olan tələbatının ödənilməsi məqsədi ilə əlavə su xəttinin çəkilməsi, muzey və idman kompleksinin inşası nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_lachinli_mecburi_kochkunler_uchun_1500_ev_insa_olunacaq-833989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR