Yerin fırlanmasına şübhə edən azərbaycanlı alim yenə danışdı - MÜSAHİBƏ

Yerin fırlanmasına şübhə edən azərbaycanlı alim yenə danışdı - MÜSAHİBƏ
19:37 21 Fevral 2015
251 Sosial
Ölkə mətbuatı
A- A+

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun “facebook”da yazdığı status sosial şəbəkələrdə böyük etirazla qarşılanıb. O, statusda Yerin öz oxu ətrafında fırlanmasına şübhə ilə yanaşdığını deyib. Bundan sonra bəzi sosial şəbəkə istifadəçiləri Milli Elmlər Akademiyasının üzvünü qınayıblar.
 
Milli.Az kult.az-a istinadən Əkrəm Həsənovla müsahibəni təqdim edir:
 
– Əkrəm müəllim, istərdim oxucularımız üçün özünüzü təqdim edəsiniz...
 
– Mən Həsənov Əkrəm Bəhram oğlu 5 iyun 1979-cu ildə Qubadlı rayonunun Çaytumas kəndində ziyalı ailəsində anadan olmuşam. 1986-cı ildə Çaytumas kənd orta məktəbində birinci sinfə getmişəm. 1993-cü ildən Sumqayıt şəhərində 16 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm. 1993-cü il 30 avqust tarixində Qubadlı rayonu erməni işğalçıları tərəfindən mühasirəyə alınıb işğal olunduğu zamandan ailəmizlə birlikdə Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışam. 1994-cü ildə Azərbaycan Respublikası Bakı şəhəri H. Z. Tağıyev adına Maliyyə-İqtisad kollecinin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” fakültəsinə daxil olmuş, 1998-ci ildə həmin kolleci bitirərək mühasib-iqtisadçı ixtisasına yiyələnmişəm. 1998-ci il 28 aprel tarixində “Azərneftlayihətikinti” Birliyi Təsərrüfat Hesablı Binəqədi Tikinti Quraşdırma İdarəsinə ikinci dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1999-cu ildə ali-təhsil almaq üçün öz xahişimlə işdən azad olunmuşam. 1999-cu ildə Bakı Dövlət Universitetinin “İlahiyyat” fakültəsinə daxil olmuş, 2004-cü ildə universiteti bitirərək “ilahiyyatçı, ərəb-dili müəllimi” ixtisasına yiyələnmişəm. 2004-cü il 16 fevral tarixində Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsində böyük laborant kimi işə başlamış, 4 iyul 2005-ci ildə kiçik elmi işçi, 1 dekabr 2009-cu ildən isə elmi işçi vəzifəsində çalışmışam. 2005-ci il 16 dekabr AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alimlər Şurasının yığıncağında institutun Gənc Alimlər Şurasının sədri təyin olunmuş, gənc alimlərlə bağlı keçirilən bir çox rəsmi dövlət konfranslarında, iclaslarında institutu təmsil etmiş, 2011-ci il şuranın sədrliyindən elmi işimə görə öz xahişimlə çıxmış, şuranın üzvlərindən biri və gənc alim kimi fəaliyyətimi davam etdirirəm. 2006-cı ildən Tələbə Qəbulu Üzrə Dövlət Komitəsində nəzarətçi, 5 may 2013-cü ildən isə komitədə imtahan rəhbəri kimi fəaliyyət göstərmişəm. 2009-2011-ci illərdə Azərbaycan Turizm İnstitutunda saat hesabı “Dinşünaslıq” fənnindən dərs keçmişəm. 2009-2013-cü illər ərzində “Salman əl-Farisinin erkən islam tarixində rolu (Əs-Səxavinin “ət-Təhsil vəl-bəyan fi siyaq qissəti seyyid əs-Səlman” əsəri əsasında)” adlı tədqiqat işi aparmışam. 2014-cü il 14 yanvar tarixli (protokol № 01 – k) qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə mənə ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Hal-hazırda dövlət planında nəzərdə tutulan Muhsin Demircinin “Təfsir tarixi” əsərinin türk-dilindən azərbaycancaya tərcüməsi və nəşrə hazırlanması üzərində çalışıram. İki elmi kütləvi kitabın müəllifiyəm. "Müasir cəmiyyətdə islam" və "Övladlarına namazı necə aşılamalısan?" 
 
– İqtisadiyyat üzrə təhsil almısınız. Bəs sonra ilahiyyat üzrə oxumaq hansı ehtiyacdan yarandı?
 
– Yox, ehtiyacdan yaransaydı, mühasibatlığı davam etdirərdim. Çünki həmin sahə həm sevdiyim sahədir, həm də kifayət qədər gəlir gətirən sahədir. Elmə olan həvəsim var idi. Valideynlərimin də məsləhəti ilə işdən də azad olub ali təhsil almaq qərarına gəldim. Bir neçə ixtisas seçmişdim və qismətimə məhz BDU-nun ilahiyyat fakültəsi düşdü. İlk əvvəl oranı oxumaq istəmədim. Çünki mollaların camaatı aldatdığını və hörmətsiz hərəkətlər etdiyini görürdüm. Daha sonra dini elmi əsaslarla öyrəndikdən sonra həqiqətləri anladım və bu fakültəyə daxil olduğum üçün indi də fəxr edirəm. Çünki ən azından, Allahı daha yaxşı tanıdım, Allahı daha yaxşı sevdim, Allahdan daha yaxşı qorxdum, dünya və axirətə aid böyük elmlər öyrəndim. Allaha çox şükürlər olsun bu nemətlərinə görə. 
 
– Yazdığınız status sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmadı.
 
– Birincisi, mən təəccüb etdim ki, nədən adi bir statusumu bu qədər şişirərək ictimailəşdirirlər?! Çünki balaca uşaqlar da bilir ki, Yer həm öz oxu ətrafında, həm də Günəş ətrafında dövr edir. İkincisi, nəyə görə mənim şəxsi səhifəmdə, özümə aid olan fikrimi AMEA-nın adından verirlər. Özü də buna onların səlahiyyəti çatmır. Bəlkə, mən zarafat da edə bilərəm. Bəlkə, mən Yerin fırlanmasını deyən alimlərin fərziyyəsini anlamaya bilərəm. Niyə mənim sualıma cavab olaraq özümə bu barədə sübut, dəlillərlə bilgilər verilmədi? Dərhal dini sevməyən insanlar, digər tərəfdən başqa ölkələrin təbliğatını aparanlar və onların mediası bunu AMEA adına yaydılar. Mən burada qərəzlilik və ədalətsizlik görürəm.

Sualıma cavab vermək əvəzinə bunu ictimailəşdirməyin yeganə adı qərəzlilikdir. Çünki mən elmlə də, məntiqlə də, dini mənbələr əsasında da bilirəm ki, Yer öz oxu ətrafında və Günəş ətrafında dövr edir. Bu sahə ilə məşğul olan kifayət qədər elmli mütəxəssislərimiz var. Xüsusilə AMEA-da bu sahə ilə məşğul olan mütəxəssislər bu barədə dəfələrlə Yerin öz oxu ətrafında və Günəş ətrafında dövr etməsini elmi əsaslarla deyiblər. Bu uşaqlar üçün dərs vəsaitlərində də vardır ki, bunu hamımız bilirik. Amma bəzi saytların AMEA-nın adını çəkərək mənim haqqımda yaydıqları informasiya dezinformasiya xarakteri daşıyır. Çünki onlar rəsmi olaraq bu barədə AMEA-nın institutlarında müsahibə götürməyiblər.

Məhz həm buna görə, həmçinin mənim mövqeyimi yanlış istiqamətə yönləndirdikləri üçün onların məsuliyyəti daha böyükdür. Mənim Coğrafiya elmindən az məlumatım olduğu üçün sadəcə, mənə bir sual qaranlıq qalmışdı ki, necə olur Yer Günəş ətrafında dövr edirsə, dünyanın bəzi yerlərində 6 ay gecə, 6 ay gündüz olur? Yəni səhvim mənim bu sahədə bilgisizliyimi göstərir. Bu da təbii haldır. Heç bir insan həyatda mükəmməl deyil. Bəzi insanlar bundan istifadə edərək, həqiqəti bilmədən dezinformasiyalara aldanaraq, mənim haqqımda hisslərinə qapılıb təhqiredici ifadələr belə işlətdilər. Bilmənizi istəyirəm ki, mən sakit təbiətli insanam. Bütün insanlara qarşı sevgi və hörmətdən başqa heç bir mənfi zərərim dəyməyib. Sevgi və hörmət isə xeyirdir. Həmçinin mən Yerin fırlanması haqda olan fərziyyəni də qeyd etmişdim. Məhz nədən bir cümlədən istifadə edib qaralamağa çalışdılar? Bunun da səbəbləri elə insanların səmimiyyətdən uzaq olmalarıdır. Başqa ad verə bilmirəm. 
 
– Bu statusunuzdan sonra sizə qarşı böyük kompaniya başladıldı. Yəqin ki, Elmlər Akademiyasının üzvü olmağınız, elmlə əlaqədar birinin dediyiniz kimi, məktəb dərsliyində olan bir məsələni bilməməyi insanları təəccübləndirib. Bildiyimə görə, statusunuzu da sildiniz.
 
– Necə yəni məktəb uşaqlarının bildiyini bilməməyiniz?! Onlar bu qədər avamdırlar? Bilmirlər ki, mən imtahan verəndə Coğrafiyadan da imtahan vermişəm?! Deməli, Coğrafiyanı yaxşı bilirəm. Statusları silməyimin səbəbi isə orada məntiqi və elmi cavab vermələri əvəzinə, təhqir, söyüş yazmaları idi. Ədəbli olsaydılar, statusu silməzdim. Mən əxlaq dərsi keçmişəm. 
 
– Bildiyiniz kimi, bu məsələ Səudiyyə Ərəbistanlı bir şeyxin sözü ilə meydana çıxdı. Daha sonra Hacı Qamət onun dediklərini təsdiq etdi və bildirdi ki, dində yerin fırlanmamasına aid dəlillər var. Ancaq Hacı Şahin və digər din xadimləri onun dediklərini təkzib etdi. Və onlar da Quranda Yerin fırlanmasına aid işarələrin olduğunu dedilər. Siz ilahiyyatçısınız. Dini yaxşı bilirsiniz. Quranda Yer haqda hansı məlumatlar verilir? Bu iki mülahizədən hansı doğrudur. Biz hansı din adamının dediklərinə inanmalıyıq?
 
– Quranda Yerin hərəkət edib-etməməsinə aid heç bir yazılı mətn, dəlil, sübut yoxdur. Ancaq Günəşin və Ayın hərəkətinə aid Quranda və hədislərdə mətnlər var. Bizdə bu söhbət təzədir deyə, camaatı da qınamıram. Çünki bu söhbətlər də bizdə köhnələcək. Mən deyirəm ki, ilk fikrə olan reaksiya həmişə birmənalı qarşılanmır. Yerin fırlanmasını deyənlər fərziyyə irəli sürürlər. Əslində, Yerin fırlanmadığını deyən qədim alimlər də fərziyə irəli sürüblər. Yəni Yerin fırlanması mövzusu fərziyyədən başqa bir şey deyil. Sadəcə, ateistlər və bəzi şüarçılar bunu başqa cür qələmə vermək istəyirlər. Bəzi fərziyyələr sonradan məlum olub ki, fərziyyədən başqa bir şey deyil. O fərziyyə isə reallıq demək deyildir. Baxın məşhur islam alimi əsrlər əvvəl nə deyib. İmam Qurtubi böyük islam alimlərindən biri olub. Deyib ki, Yerin fırlanmasına aid açıq dəlil yoxdur (deyilənlər fərziyyədir). Əksinə, belə bir ayə var ki, uca Allah buyurur ki, biz Yeri sizin üçün sabit etdik, onu sizin üçün qərargah etdik. İmam Qurtubi bu barədə buyurur ki, Yer kürəsi hərəkət etmir. Hətta bu barədə həmin ayənin təfsirində bütün alimlərin icmasını qeyd edir ki, bütün alimlər yekdilliklə deyiblər ki, Yer kürəsi hərəkət etmir.

Bəzi alimlər də İmam Qurtubinin bu sözünü rədd edərək deyiblər ki, bu barədə alimlərin icması yoxdur. Yəni İmam Qurtubi belə desə də, bu barədə alimlərin heç də hamısı onun fikri ilə razılaşmayıblar. Biz də açıq-aşkar bilirik ki, Yerin hərəkət etməsi sübut olunmuş bir məsələdir. Amma bu mövzunun bizim heç birimizə aidiyyəti yoxdur. Çünki Yerin öz oxu ətrafında, Günəş ətrafında, Günəşin Yer kürəsi ətrafında dövr etməsinin bizim həyatımıza, münasibətlərimizə, məsuliyyətimizə aidiyyəti yoxdur. Elmə əvvəllər Yerin fırlanması məlum deyildi deyə, islam alimləri də bu məsələdə belə mövqe bildirirdilər. Amma bu gün elm əsri, texnika əsri artıq fərziyyə hesab olunan məsələləri dəqiqləşdirir, necə ki, Yerin fırlanması da dəqiqləşdirilib. Sadəcə, mənim "şübhəli" sualım özümə aid idi. Bunu öz şəxsimdən vermələri daha yaxşı olardı. Yenə də şükür Allaha ki, bəzi insanlar hücum taktikası qurmadılar, mövqeyimi dəqiqləşdirmək üçün ədəblə özümün bu barədə fikrimi soruşdular. 
 
– Siz ilahiyyatda oxumusunuz, yəqin ki, fəlsəfə ilə də maraqlanmısınız?
 
– Bəzi islam alimləri də əsrlər boyu bu elmlərlə məşğul olaraq Allahın varlığını sübut ediblər. Dünyanın yaranması, necə olması, insanın necə dünyaya gəlməsi və s. kimi məsələlərdə fəlsəfənin və kəlamın böyük rolunu da danmaq olmaz. Fəlsəfə və kəlam elmi islama sonradan daxil olub. Əvvəl bu elmlər olmayıb. İslam alimləri də bu elmlə məşğul olmağı birmənalı qarşılamayıblar. Bəzi alimlər fəlsəfə və kəlam elmi ilə məşğul olanları da qınayıblar. Çünki islamda fəlsəfənin və kəlamın olmasının səbəbi ateistlərə elmi dəlillərlə cavab vermək üçün lazım idi. Bəzi islam alimləri də əsrlər boyu bu elmlərlə məşğul olaraq, Allahın varlığını sübut ediblər. Dünyanın yaranması, necə olması, insanın necə dünyaya gəlməsi və s. kimi məsələlərdə fəlsəfənin və kəlamın böyük rolunu da danmaq olmaz. 
 
– Ədəbiyyatla maraqlanırsınızmı? Məsələn, bilmək istərdim, gənc yazarlardan kimləri oxuyursunuz?
 
– Bəli, ədəbiyyatı sevirəm. Çünki mən beşinci sinifdə oxuyandan həmişə ədəbiyyat oxumuşam. Demək olar ki, bir çox ədiblərimizi oxuyuram. Özüm də məktəbli vaxtlarımdan çoxlu hekayə və şeirlər yazmışam. Bu gün də gənc nasir dostlarımızın kitablarını oxuyuram. İndi ad çəksəm, başqaları narazı qalar. Əlbəttə, dini ədəbiyyata daha çox yer verirəm. Əsas da özüm kitablar üzərində çalışıram. Həm elmi işlərim, həm məqalələrim və kitablarımın üzərində çalışmağım vaxtımı ədəbiyyata çox ayırmağa imkan vermir. Amma kifayət qədər romanlar, povestlər, oçerklər də oxuyuram. İstəsəniz, gəlib evdə kitabxanamla da tanış ola bilərsiniz. 
 
– Müəllim, ilahiyyat fakültəsi dinləri öyrənən bir elm ocağıdır. Bəs sizcə, bizdə ilahiyyatda oxuyan tələbələrin çoxu niyə sırf İslam dininə maraq göstərir və bunun ardınca gedir. Ümumiyyətlə ilahiyyatçı alimin bütün dinləri araşdırması lazım deyilmi?
 
– Bəli, lazımdır. İlahiyyat fakültəsində təkcə islam dini yox, bütün dinlər öyrədilir. Orada xüsusi "Dinlər tarixi", "Din fəlsəfəsi", "Din psixologiyası", "Kəlam", "Din sosiologiyası" və s. kimi fənlər tədris olunur. Onsuz da, islam mükəmməl din olduğu üçün əvvəlki səmavi dinlərdə olan yanlışları düzəldir, təkmilləşdirir və həmin dinlərin daşıyıcılarını da bu dini seçməyə dəvət edir. Çünki Allah-taala Quranda buyurmuşdur ki, islamdan başqa dinlər sizdən qəbul olunmayacaqdır. Bildiyimiz kimi, Adəm peyğəmbərdən Məhəmməd peyğəmbərə qədər gələn bütün peyğəmbərlərin dini – islam dini, təkallahlıq dini, müsəlman dini olub. Sonradan insanlar özləri dini öz istədikləri kimi yaşamağa çalışmışlar ki, bütün din müxtəlifliyi və məzhəb müxtəliflikləri də buradan qaynaqlanmışdır. 
 
– Xüsusi olaraq əlavə etmək istədiyiniz nəsə varmı?
 
– Demək istədiyim budur ki, bir sualıma cavab vermək əvəzinə, insanlar bu sualımı müxtəlif istiqamətlərə yönəltdilər. Bu da təbii haldır. Çünki onların inandığı, elmi dedikləri də fərziyyədir. Elə fərziyyələr var ki, sonrakı elmi fərziyyələr onun çürük olduğunu ortaya çıxarıb. Belə fərziyyələr tam elmi şəkildə izah olunduqdan sonra inanıram ki, insanların sualları da cavabsız qalmayacaq.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR