Mənzil bazarında ajiotaj: satan satmır, alan almır

Mənzil bazarında ajiotaj: satan satmır, alan almır
20:32 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Makler: “Evlərini satışa çıxaranların çoxu zəng vurur ki, daha satası olmadıq” 
Artıq bir neçə gündür ölkə mətbuatının əsas müzakirə mövzularından biri də daşınmaz əmlakın alğı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulmasıdır. Xatırladaq ki, daşınmaz əmlakın alğı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi. Vergilər naziri Fazil Məmmədovun açıqlamasına görə, sadəcə, bunun uçotu aparılmırdı. Bu gün isə bütün alğı-satqılar notarial qaydada rəsmiləşdirildiyi üçün və həmin notarial münasibətlər Prezidentin sərəncamına əsasən Vergilər Nazirliyinə təqdim olunur. Artıq Vergilər Nazirliyində məlumat bazası var.
 
Nazirin dediyinə görə, daşınmaz əmlakın alğı-satqısından ƏDV-nin tutulmasına ötən ilin əvvəlindən başlanılıb. Mövzu ilə bağlı qəzetimizə danışan maklerlər son günlər daşınmaz əmlak bazarında ajiotaj yaşandığını bildiriblər. Onların sözlərinə görə, mövcud sistem zəncirvari olaraq bir sıra problemlərə səbəb olub. Bu barədə bir qədər sonra.
 
İndi isə ƏDV tutulmasının təfərrüatları barədə məlumat verək. Belə ki, daşınmaz əmlakın alışı-satışı zamanı əldə edilən gəlirdən vergi fiziki şəxslərin gəlir vergisi formasında tutulacaq. 30 min manata qədər gəlir 14 faizlə, 30 min manatdan artıq hissə isə 25 faizlə vergiyə cəlb ediləcək. Məsələn, 50 min manata alınmış mənzil 100 min manata satılırsa, əldə edilən 50 min manat gəlirdən vergi tutulur. Bu məbləğin ilk 30 min manatından 14 faizlə vergi tutulur (4200 manat), sonrakı 20 min manat isə 25 faizlə vergiyə cəlb edilir (yəni 5000 manat). Başqa sözlə, 50 min manatlıq gəlirdən tutulan vergi 9,2 min manat təşkil edir və s.
 
Əgər vətəndaş satdığı evdə qeydiyyatdadırsa və orada 3 il ərzində yaşayıbsa, o zaman əldə olunan gəlir vergidən azaddır. Mənzil sahibi qeydiyyatda olmadığı evi hətta uzun müddət bundan əvvəl almış olsa da, onu satanda vergi ödəməlidir.
 
Bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa, onların yalnız birinin, yəni vətəndaşın daimi yaşayış yeri olan mənzilin satışı vergidən azaddır. Bir şərtlə ki, həmin mənzil alınandan 3 il sonra satılsın.
 
Təmir pulundan vergi tutulmaya bilər, amma sübut edə bilsən
 
Son günlər bir məsələ də müzakirə mövzusudur. Məsələ bundadır ki, yeni tikililərdən alınmış mənzillər “quru divar” olduqlarına görə təmirinə böyük vəsaitlər sərf edilir. Mənzilin sahəsindən asılı olaraq təmir xərci 25-30 min manatdan başlayaraq, 50-75 min manat arasında dəyişir. Nəticədə təmir xərci də sonradan mənzillərin qiymətinin üzərinə əlavə edilir. Beləcə, vaxtilə 35-36 min manata alınmış mənzilin real qiyməti 90 min manata qədər yüksəlir. Alış və satış qiymətləri arasındakı fərq isə 55-56 min manata qalxır. Mənzil sahiblərini ən çox narahat edən məsələlərdən biri də bu xərclərin mənzillərin alğı-satqısı zamanı nəzərə alınıb-alınmamasıdır. Çünki bu xərclərin nəzərə alınmaması mənzil sahiblərinin böyük məbləğdə vergi ödəməsi ilə nəticələnə bilər.
 
“Fins.az”ın məlumatına görə, Vergilər Nazirliyindən bildiriblər ki, mənzillərin alışı-satışı zamanı təmir xərcləri nəzərə alına bilər və gəlirdən çıxıla bilər: “Vergilər Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, vətəndaş evə vəsait yatırdığını təsdiqləyə bilsə, bu xərclər onun gəlirindən çıxıla bilər.
 
Bir şərtlə ki, mənzilin sahibi təmir xərclərini təsdiq edən sənədlər təqdim edə bilsin. Bu sənədlərə tikinti materiallarının alınması zamanı verilən kassa qəbzləri, eləcə də usta pulu ödənilməsi ilə bağlı təmir briqadasının və ya ayrı-ayrı ustaların verdiyi qəbzlərdir. Amma burada da müəyyən tələblərə əməl olunmalıdır, yəni ustaların verdiyi heç də bütün sənədlər qəbul edilmir. Vergilər Nazirliyindən bildirirlər ki, usta pulunun təsdiqlənməsi üçün ustalar vergi ödəyicisi kimi qeydiyyatdan keçməli və tamamilə qanuni qaydada tərtib edilmiş qəbzlər verməlidir. Bu qəbz də Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş tamamilə rəsmi sənəd olmalıdır. Əgər bu sənədlər yoxdursa, təmirin xərci nəzərə alınmayacaq”.
 
“Bir çox vətəndaşlar hələ də xəbərsizdirlər”
 
Mövcud vəziyyətin daşınmaz əmlak bazarına necə təsir göstərməsinə gəlincə, bununla bağlı makler Şamo Mikayılov "Zaman Azərbaycan"a geniş məlumat verdi. Şamo Mikayılovun sözlərinə görə, hazırda mövcud bazarda bir ajiotaj hökm sürür: “Bir çox vətəndaşlar hələ də bundan xəbərsizdirlər. Dünən belə bir hadisə ilə üzləşdik. Vətəndaş evini satırdı, alan tərəf hətta xeyli əvvəl beh də qoymuşdu. Satan şəxsə deyəndə ki, filan qədər vergi ödəməli olacaqsınız, çaşıb qaldı. Hay-küy saldı ki, daha evi satmaq istəmir. Evə beh qoymuş şəxs isə bizə iradını bildirdi ki, axı beh qoyub, bu necə ola bilər. Son vaxtlar belə hallar çox olur”.
 
Ş.Mikayılov hesab edir ki, bu vəziyyət, ilk növbədə, evlərin bahalaşmasına gətirib çıxaracaq: “Tutaq ki, bir nəfər evini 100 min manata satırdısa, mövcud şərtlərə görə, daha baha satmaq istəyəcək. Hər halda ödəməli olacağı vergini də mənzilin ümumi satış qiymətinin üzərinə əlavə edəcək ki, o pulu çıxarsın. Nəticədə mənzillərin qiyməti kəskin bahalaşacaq”.
 
“Evini satanların bir çoxu zəng vurur ki, daha satası olmadıq”
 
Şamo Mikayılov bir maraqlı məqama da toxundu. Onun sözlərinə görə, son günlər daşınmaz əmlak alğı-satqısı minimum səviyyəyə düşüb: “Rusiyada baş verənlər, neftin qiymətinin ucuzlaşmasının ölkəmizə təsiri və digər səbəblərlə əlaqədar daşınmaz əmlak bazarında onsuz da durğunluq idi. Amma daşınmaz əmlakın alğı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulması məsələsi gündəmə gələndən sonra evini satanların bir çoxu zəng vurur ki, daha satası olmadıq. Çoxlu sayda müştərimiz var idi ki, hətta evinin açarını da bizə vermişdi ki, müştəri olduqca aparıb evə göstərək və s. Həmin adamların hamısı gəlib açarları bizdən alıblar ki, daha satası olmadıq. Çünki vergi məsələsi onları düşünməyə məcbur edib. Alanlar da tərəddüd edirlər. Hər halda hər kəs mənzillərin son vaxtlaradək olan qiymətini bilir. Alan görəndə ki, satan dövlətə ödəyəcəyi vergini də mənzilin qiymətinə əlavə edib “haqq-hesabı” onun üzərinə qoyur, onda almaqdan imtina edir. Bütün bunların ziyanı isə kasıb-kusuba, ailəsini maklerliklə dolandıran insanlara dəyir. Alğı-satqı yoxdursa, bizim üçün gəlir də, iş də yoxdur”.
 
Bəziləri isə iddia edirlər ki, vergidən “xilas olmaq” üçün bir çoxları alternativ axtarış variantına çıxmağa çalışacaqlar. Məsələn, ola bilər ki, vergini ödəmək istəməyən şəxs notariusda alğı-satqını (tərəflər əvvəlcədən öz aralarında razılaşmaqla) bağışlama ilə əvəz eləsinlər. Bu halda mənzil bağışlama adı ilə rəsmiləşdirildiyi üçün yuxarıda sadalanan vergilər tətbiq olunmur.
 
Bundan başqa, mənzilin real qiymətini rəsmi sənədlərdə az göstərməyə cəhd edənlər də ola bilər. Lakin bu, alan və satan adama sərfəli görünmür...
 
Daşınmaz əmlak bazarından milyonlar qazananlara zərbə
 
Daşınmaz əmlakın alğı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulması məsələsi bir çoxları üçün “hər şeyin sonu” kimi görünə bilər. Amma məsələnin başqa bir məqamı da var. Söhbət əlində külli miqdarda pulu olub, hər il daşınmaz əmlak alıb-satmaqla milyonlar qazanan, ucuz vaxtı alıb, qiymətlər yüksələndə baha qiymətə satan adamlara təsirdən gedir. Bəli, bəzi iddialara görə, bu cür “kölgə” insanlar var və onlar sırf bu işdən külli miqdarda gəlir əldə edirdilər. Onların asan qazancı isə istər-istəməz mənzillərin və digər obyektlərin qiymətinin yüksəlməsinə təsirsiz ötüşmürdü.
 
Makler Samir Hüseynov (ad-soyad şərtidir) isə bu fikirdədir ki, daşınmaz əmlakın alğı-satqısına vergi tətbiq olunması normaldır, amma indiki faiz dərəcələri çox yüksəkdir: “Məsələn, 5 faiz vergi tutulsa, hər kəs aparıb normal bir şəkildə ödəyər, amma indiki şərtlər çox ağırdır”.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/325693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR