Argentinada Dağlıq Qarabağ münaqişəsinə dair kitabın təqdimatı olub

20:43 21 Fevral 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu” adlı kitabın təqdimat mərasimi keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tədbirdə Argentinanın icraedici və qanunverici orqanlarının, akademik dairələrinin, ictimai təşkilatlarının, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən azərbaycanşünaslıq kafedrasının təşəbbüsü ilə dərc olunan kitabın ön sözünün müəllifi həmin kafedranın professoru Paulo Bottadır. Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin rəsmi sənədləri kimi yayılmış məruzələr, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələri, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair xəritə və müvafiq statistik məlumatlar öz əksini tapıb.
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə tədbirdə çıxış edərək kitabın ispan dilində nəşr edilməsinin ispandilli oxuculara Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair həqiqətlərin, habelə beynəlxalq təşkilatların məsələ ilə bağlı münasibətinin çatdırılması baxımından önəmini qeyd edib.
Kitabda Xocalı soyqırımına dair sənədi xüsusi vurğulayan M.Əhmədzadə həmin sənədin Xocalı şəhərində baş vermiş cinayətin müəllifləri, onun kvalifikasiyası və ona münasibətdə beynəlxalq hüquqi məsuliyyətin müəyyənləşdirilməsi üçün əhəmiyyətli mənbə olduğunu qeyd edib.
Professor Paulo Botta bildirib ki, İberoamerika bölgəsində ilk və hələ ki, yeganə olan azərbaycanşünaslıq kafedrasının öz fəaliyyətinin üçüncü ilində belə bir təşəbbüslə çıxış etməsinin səbəbi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı obyektiv və dolğun məlumatın ispandilli ictimaiyyətə çatdırılmasıdır. P.Botta kitabdakı sənədlər barədə məlumat verib və onun Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətinin, tarixinin, problemin nizamlanması üçün hüquqi əsaslarının öyrənilməsi nöqteyi-nəzərindən dəyərli mənbə olduğunu bildirib. P.Botta münaqişəyə dair digər beynəlxalq və regional təşkilatlar tərəfindən də BMT-nin mövqeyinə uyğun çoxsaylı sənəd və qətnamələrin qəbul edildiyini və bütün bu sənədlərin münaqişənin həlli üçün önəmli hüquqi-normativ baza təşkil etdiyini vurğulayıb.
Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Argentinada_Dagliq_Qarabag_munaqisesine_dair_kitabin_teqdimati_olub-834012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR