Bakıdan Şanxaya körpü - ARAŞDIRMA

Bakıdan Şanxaya körpü - ARAŞDIRMA
21:17 21 Fevral 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almaq üçün quruma ərizə ilə müraciət edib. "TASS" xəbər verir ki, bunu ŞƏT-in baş katibi Dmitri Mezensev açıqlayıb. Baş katib eyni məqsədlə quruma Suriya, Belarus, Ermənistan və Banqladeşin də müraciət etdiklərini bildirib.
 
Qeyd edək ki, hazırda ŞƏT çərçivəsində əməkdaşlığa İran, Pakistan, Hindistan və bu qurumda müşahidəçi olan bir sıra digər dövlətlər də maraq göstərir. Üstəlik, ŞƏT artıq Pakistanın və Hindistanın qurumun daimi və tamhüquqlu üzvü olmaqla bağlı müraciətlərini nəzərdən keçirir.
Azərbaycanın Xarici İşlər Nazirliyindən ölkənin ŞƏT-ə üzv olmaq niyyətilə bağlı məlumata münasibət bildirməyiblər. Hər halda, Azərbaycanın bu təşkilata maraq göstərməsi qanunauyğundur və hətta müraciətin indiyədək ləngiməsi bir qədər təəccüblü də görünür. Məsələ ondadır ki, Azərbaycanla ŞƏT-in inkişafının əsas istiqamətləri praktiki olaraq, üst-üstə düşür. Rəsmi məlumata görə, ŞƏT ilə əməkdaşlıqda prioritet nəqliyyat infrastrukturunun, telekommunikasiyanın, neft-qaz sektorunun, kənd təsərrüfatının inkişafıdır. Bütün bu sahələr Azərbaycan üçün də prioritetdir. Ölkə bütün regional enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Bundan başqa, bu gün Azərbaycanın inkişafında qeyri-neft sektoruna, ilk növbədə, İKT-yə və kənd təsərrüfatına diqqət getdikcə artırılır.
 
Daha bir vacib məqam: Azərbaycan potensial müşahidəçi dövlətlər arasında, məsələn, Ermənistandan fərqli olaraq, quruma əliboş getmir. Onun kifayət qədər ağır portfelində bir sıra qlobal əhəmiyyətli layihə təklifləri var. Onlar, şübhəsiz ki, təşkilata üzv ölkələrin marağına səbəb olacaq. Söhbət heç də yalnız enerji sahəsindən getmir. Bu il nəhəng nəqliyyat layihəsi, yaxın perspektivdə Çinin və Mərkəzi Asiya ölkələrinin Avropa ilə birləşdirilməsinə imkan verəcək Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi başa çatdırılacaq. Ekspertlərin hesablamalarına görə, bu dəmir yolu Çindən Avropa bazarlarına yükdaşımalarının müddətini 2 dəfəyədək azaltmağa imkan verəcək. Tərəflər arasındakı məsafədə isə təxminən, 7,5 min kilometr qısalma olacaq.
 
Azərbaycanın, demək olar ki, bütün ŞƏT üzvlərilə çoxdan möhkəm münasibətlərə malik olması da əhəmiyyətli məqamdır. İndi onların heç birilə münasibətlərin inkişafına sıfırdan başlamağa ehtiyac olmayacaq. Hazırda ŞƏT-ə üzv olan dövlətlər Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır. Göründüyü kimi, söhbət Azərbaycanın ənənəvi tərəfdaşlarından gedir. Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşıdırsa, Mərkəzi Asiya ölkələrilə də Bakının münasibətləri dünən qurulmayıb. Zaman ötdükcə tərəflər istər iqtisadi, istərsə də siyasi sahədə ikitərəfli əlaqələri genişləndirir. Bununla yanaşı, Çinin rəsmi şəxsləri Azərbaycanı dəfələrlə özləri üçün Cənubi Qafqazdakı əsas tərəfdaş adlandırıblar. Azərbaycan isə öz növbəsində Asiya-Sakit okean regionu ölkələrinin bazarlarına böyük maraq göstərir.

Söhbət Asiyanın fond və valyuta bazarlarına Dövlət Neft Fondunun və Mərkəzi Bankın aktivlərindən və valyuta ehtiyatlarından nəhəng investisiyaların yatırılmasından, bu regionda valyuta, səhm və daşınmaz əmlak alınmasından gedir. Yalnız Dövlət Neft Fondu Çin valyutasının alınmasına 500 milyon dollar sərmayə yatırıb. Mərkəzi Bank bu işə 2 dəfə artıq - 1 milyard dollar xərcləyib. Bundan başqa, Dövlət Neft Fondu Cənubi Koreyada daşınmaz əmlak alınmasına 447 milyon dollar investisiya yatırıb. İndi o, regionun digər ölkələrində də daşınmaz əmlak almağı planlaşdırır. Bu mənada ŞƏT Azərbaycana bu cür və daha miqyaslı layihələrdə indikindən də fəal iştirak etmək imkanı verəcək.
 
Bütün bunlarla yanaşı, regionda iqtisadi və siyasi əməkdaşlığın müxtəlif formatlarına son dərəcə praqmatik yanaşan Azərbaycanın ŞƏT-ə marağına səbəb olan daha vacib siyasi məqam var. Bakı üçün ŞƏT-də iki regional nəhəngin - Rusiya və Çinin yer alması böyük üstünlükdür. Məsələ heç də yalnız onların dünyanın ən güclü sənaye potensialına malik aparıcı dövlətləri olmasında deyil. ŞƏT-də iştirakçılardan birinin hakim mövqeyə malik olmaması Azərbaycan üçün onu daha qəbuledilən regional inteqrasiya formatına çevirir. Məsələn, Bakının fəal şəkildə dəvət olunduğu Avrasiya İttifaqında vəziyyət fərqlidir. Yeri gəlmişkən, "Rusiya desantı"nın Bakıya bu həftə etdiyi növbəti səfərini çoxları Moskvanın Azərbaycanı Aİİ-yə qoşulmağa razı salmaq cəhdinin davamı kimi qiymətləndirir. Söhbət Rusiya baş nazirinin müavini Arkadi Dvorkorviç və Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun səfərindən gedir. Züqanov jurnalistlərə səfəri zamanı verdiyi açıqlamasında Bakının "Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya xəttinə dəstək verəcəyinə" ümidini dilə gətirib. Aİİ-nin yaradılmasının təşəbbüskarı Qazaxıstan prezidenti Nursultan Nazarbayev olsa da, sonradan bu təşkilat özünü "Rusiyanın layihəsi" kimi tanıdıb.
 
ŞƏT-in inkişafında Çin-Rusiya tandeminin həlledici olduğuna şübhə yoxdur. Kanadanın Laval Universitetinin ŞƏT üzrə eksperti Nikolya Kontesi hesab edir ki, bu qurumun gələcəyi əsasən Rusiya-Çin münasibətlərinin inkişafından asılıdır. Onun fikrincə, Rusiya Çinin Mərkəzi Asiyaya getdikcə daha çox "yeriməsini" narahatlıqla izləyir və ŞƏT-in inkişaf perspektivi əsasən Pekinin bu məsələdə təmkinlilik göstərməyə hazır olub-olmayacağından asılıdır.
 
Amma kanadalı ekspertin fikirlərinə rəğmən, bu gün Çin Rusiyanın alternativsiz tərəfdaşıdır. Məlum olduğu kimi, Moskvanın Qərblə münasibətlərində, bəlkə də, tarixin ən pis dönəmi yaşanır. Bundan başqa, Pekin dünya iqtisadiyyatının lideri və lokomatividir və bu, Çinin yer aldığı bütün təşkilatların gələcəyinə nikbinliklə baxmağa imkan verir.
İstənilən halda, Azərbaycanın hər hansı regional inteqrasiya layihəsində iştirakı bütün tərəflər üçün böyük fayda vəd edir. Bu, Avrasiyanın ən nəhəng layihəsi olan ŞƏT-ə də aiddir.
 
Yeri gəlmişkən, Rusiya prezidentinin ŞƏT-dəki xüsusi nümayəndəsi Bəxtiyar Hakimov bildirib ki, Moskva qurumun bu il iyulun 9-10-da Ufada keçiriləcək sammitində genişlənmə ilə bağlı qərar qəbul olunacağına ümid edir. Dövlət Başçıları Şurasının iclasında təşkilatın 2025-ci ilədək İnkişaf Strategiyasının təsdiqlənməsi planlaşdırılır. Sənədin əsas maddələrindən biri isə ŞƏT-ə yeni üzvlərin qəbuludur. 
 
DOSYE
 
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) regional beynəlxalq birlikdir. Təşkilat 2001-ci il iyunun 15-də 1996-cı ildən fəaliyyətdə olmuş "Şanxay beşliyi"nin bazasında yaradılıb. "Beşliyə" Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxil idi.
Hazırda ŞƏT-ə üzv dövlətlər Rusiya, Çin, Qızaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır. Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan qurumda müşahidəçi statusuna malikdirlər. Bundan başqa, ŞƏT-də Belarus, Şri-Lanka və Türkiyə "dialoq üzrə tərəfdaş" statusu ilə yer alırlar. 2004-cü ildən ŞƏT BMT Baş Assambleyasında müşahidəçi kimi iştirak edir. Qurumun Yeni üzvlərin qəbul qaydalarına dair əsasnaməsinə əsasən, ŞƏT-ə üzv olmaq istəyən ölkələrə qarşı BMT TŞ-nin sanksiyası olmamalıdır.
ŞƏT-in ərazisi müşahidəçi üzvlər də daxil olmaqla, bütünlükdə Avrasiya materikinin 61%-ni əhatə edir. Onun ümumi əhalisi 1,597 milyard nəfərdir (bu, 2013-cü ilə olan məlumatdır və Yer kürəsi əhalisinin, təxminən, dörddə biri deməkdir). Müşahidəçi ölkələri də nəzərə alsaq, onda quruma daxil olan ölkələrin ümumi əhalisi Yer kürəsi əhalisinin az qala yarısını təşkil edir (2013-cü ilin məlumatına görə, 3,17 milyard nəfər).
Təşkilata daxil olan ölkələrin birlikdə ÜDM-i 11,6 trilyon dollardır. Dünyanın neft ehtiyatının, təxminən, 25%-i, qaz ehtiyatının 50%-dən çoxu, kömür ehtiyatının 35%-i, uran ehtiyatının, təxminən, yarısı ŞƏT üzvlərinin payına düşür.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR