Mövlanə Rumi və Paulo Koelyo

Mövlanə Rumi və Paulo Koelyo
22:05 21 Fevral 2015
298 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az kult.az-a istinadən Yaşar Qasımbəylinin yazısını təqdim edir.
 
Köhnə dostum, Özbəkistan Elmlər Akademiyasının professoru Zuhriddin İsaməddinov özbək dilinə bu yaxınlarda tərcümə edilmiş məşhur “Kimyagər” romanı haqqında maraqlı yazı yazdığını söylədi. Romandakı bir çox motivlərin Mövlanə Ruminin “Məsnəviyi-mənəviy”si ilə yaxından səsləşdiyini inamla bildirdi. Özbək mətbuatında əməlli-başlı rezonans yaratmış həmin məqaləni mənə göndərməyi xahiş etdim. Ədəbiyyatşünas dostumun məqaləsini dilimizə çevirərkən xeyli düşündüm və son nəticədə yazı müəllifinin əsas konsepsiyasını bəyəndim. Ümid edirəm ki, bu məqalə azərbaycanlı oxucular üçün də maraqlı duyulacaq.
 
Dörd-beş il əvvəl Braziliya ədibi Paulo Koelyo “Kimyagər” əsərini professor Azad Şərəfəddinovun tərcüməsində maraqla oxuduq. Bu roman oxucular arasında geniş rəğbət qazandı və bunun nəticəsində romanın Əhməd Atabayev və Əziz Səid tərəfindən edilmiş tərcümələri də hərarətlə qarşılandı – 2 il ərzində özbək dilində bir romanın üç tərcüməsi peyda oldu. Bir əsərin üç dəfə çevrilməsi ədəbiyyatımız tarixində əvvəllər baş verməmiş hadisələrdəndir. Lev Tolstoyun “Dirilmə” romanı Yaponiyada düz qırx dəfə çevrildiyini, N.Barataşvilinin “Merani” şeirinin 250 dəfə rus dilinə tərcümə edilməsini eşitmişdik, bizdə də nə vaxtsa belə hadisələr baş verəcəyini arzulayırdıq və nəhayət, arzumuza çatdıq.
 
Əslində bu roman coğrafi cəhətdən bizdən çox uzaq olan bir ölkə yazıçısının əsəridir. Bu uzaqlıq əsərin üslubunda, təsvir olunan həyat tərzinin bizə yadlığında, personajlar xarakteri və psixologiyasının özgəliyində, ifadə edilən bədii məzmunun bizə o qədər də uyğun olmamasında və s. özünü büruzə verir. Bu qeyd etdiklərimiz və digər cəhətlər əsəri dilimizə çevriməmək üçün yetərli idi.
 
Amma əksinə oldu. Düzdür, roman hadisələri Brazilyada cərəyan etmir, əvvəlcə İspaniyada, sonra isə baş qəhrəman Santyaqonun Mərakeşi keçib, oradan da Misirə qədər davam edən səyahəti ərzində qarşılaşdığı ölkələrdə baş verir. Amma bununla Paulo Koelyo ərəb ədibinə çevrilmir, əlbəttə. Bəs onda bu əsərə olan güclü marağın əsas səbəbi nədir?
 
Əvvəlcə əsərin adına fikir verək – “Kimyagər” sərlövhəsinin özündə şərqanə bir ruh nəzərə çarpmaqdadır. “Kimya” sözü latınca “ximiya” sözündən alınsa da, “Əlkimya” elmi (adi metalları qızıla, gümüşə çevirməyə cəhd) Şərqdə geniş yayılmışdı. Əlkimya vasitəsi ilə fəlsəfə, hikmət daşını tapmağa inanıblar. Əlkimya sufiyanə təkamül – adi adamın sufiyə çevrilməsi prosesini ifadə edən təşbeh kimi də işlədilib.
 
“Kimyagər” romanının məzmununu sizə xatırladım: Santyaqo adlı çoban oğlan kasıbçılıqla ömür-gün keçirir, o da əksəriyyət yoxsul adamlar kimi qəfildən varlanmağı arzulayır. Bir gün xaraba bir kilsəyə qoyunlarını salıb, özü də dərin yuxuya gedir. Yuxusunda ona Misir ehramları yaxınlığındakı çöldə, bir təpəlikdə saysız-hesabsız var-dövlət basdırıldığı, bu xəzinə onu gözlədiyi əyan olur. Bu yuxunu o iki dəfə görür. Xəyalpərəst Santyaqo işini-gücünü atıb, Allaha təvəkkül deyib yola düşür. Səfər ərzində qarşılaşdığı hər cür cadügər və falabaxanlar, yolda ona yoldaş olan yaxşı-yaman adamların təsviri əsərin süjet xəttinə və məzmununa xeyli cazibədarlıq və maraq bəxş etmişdir. Nəhayət, Misir ehramlarının yaxınlığına gedib çatan Santyaqo oğru-quldurların əlinə düşür, onalr tərəfindən döyülür, var-yoxu talanır. “Bura niyə gəlmisən, nəyə görə yeri qazırsan?” – deyə ondan soruşan quldurbaşıya Santyaqo yuxuda gördüklərini söyləməyə məcbur olur. O, Santyaqonun avamlığına gülüb, mən də bir vaxtlar eynən sən uzandığın yerdə yatıb, bir yuxu görmüşdüm, yuxumda güya İspaniyanın filan vilayətinə gedib, filan məhləsindəki xaraba kilsənin həyətindəki böyük bir çinarın altında gizlədilmiş saysız-hesabsız xəzinəni qazıb çıxarmağım mənə əyan olmuşdu. Bu yuxunu mən də düz iki dəfə gördüm, amma mən yuxuya inanıb İspaniyaya-zada gedən, orda yer qazıb xəzinə axtaran axmaqlardan deyiləm, deyir. Bun bax, ömründə İspaniyanı görməyən bu qaçaq quldur Santyaqoya çox tanış, doğma məhləsindəki yerlərdən danışır, onun dediyi kilsə elə Santyaqonun qoyunlarını hər gün saldığı kilsənin özüdü! Santyaqo yenə də cəsarət edir – tez Vətəninə qayıdır və həmin deyilən yeri qazıb, böyük bir xəzinə tapır.
 
Bu sərgüzəşt-roman bir qədər fəlsəfi məna daşıdığı, baş qəhrəman axırda öz arzusuna çatdığı, ikinci dərəcəli vaqiə-hadisələr təsvirində də yazıçı əxlaqi-estetik məsələləri bizim ruhumuza uyğun tərzdə bəyan etməsi “Kimyagər” romanını özbək oxucusuna sevdirdi.
 
Əsərin müvəffəqiyyətinin səbəbi yalnız bundan ibarət deyil, o özünün süjeti ilə də Şərq adamlarının ruhuna uyğun olan təsəvvüfi bir məna daşıyır – salik (sufi olmağı qarşısına məqsəd qoyan adam) idealına çatmaq üçün səfərə çıxır, amma bir çox möhnət-məşəqqətlərə sinə gərəndən sonra məlum olur ki, onun axtardığı uzaqda, özgə yerlərdə deyil, Vətənində, qəlbində, özündə imiş... Bu bizə Əlişir Nəvayinin “Lisanut təyr” (“Quş dili”), əsərini – otuz quş Simurqun vüsalına yetmək üçün yeddi vadidən uçub ötüb, axırda Simurqa çatmaq anında qəfildən “simurq” – bu onların özləri olduğunu, “si murq” (otuz quş) olduqlarını fəhm etməsini və ya Əbdüxaliq Ğijdüvani təsəvvüf fəlsəfəsinə daxil etdiyi “Səfər dər Vətən” (“Vətəndə səfər etmək”) hikmətini xatırladır. Səhrayi-kəbir içindən keçərək Misirə yol alan karvan (bu karvanın içində Sanyaqo da vardı) yola düşməzdən əvvəl karvanbaşı hamıya “yol əzabı çox ağır, təhlükələrlə doludur, bundan başqa malımıza və canımıza qəsd edən quldurlar rastımıza çıxacaq, belə bir vəziyyətdə kim ki, bunlara dözə bilməsə, bizimlə yola çıxmasın”, deyə xüsusi vurğulayır. Bu, başqa sözlə, yəni ezoterik mənada pirin salik qarşısına qoyduğu birinci şərt-tələbi idi.
 
Bundan sonra, karvanbaşı yola düşmək istəyən adamalrı ətrafına yığıb, aramızda müxtəlif din və məzhəblərə aid adamlar var, səfərimiz başlanmasından əvvəl hər kəs öz dininə görə, Allahdan mədət istəyib, ibadət eyləsin, deyə onlara tapşırıq verir. Bu hökm isə Mövlanə Cəlaləddin Ruminin bütün dinlər – Allahı anlamaqda özünəxas yoldur, madam ki, belədir, demək hər bir din ehtirama layiq-dir, mənasındakı məşhur qayəsinin məcazi ifadəsidir.
 
Roman özünəməxsus romantik bir ruh aşılayır. İnsan hərəkətdən və axtarışdan bezməməli, bir gün arzuların çin olacağına inam, yalnız gün-güzəran qayğılarına gömülməmək, mal-dünya ardınca qovub, dünyadan gözü ac getmək haqqındakı nəsihət – romanın leytmotivini təşkil edir. Əsər bu keyfiyyəti ilə hazırkı qərb ədəbiyyatının bir sıra nümunələrindən ciddi surətdə fərqlənir.
 
Məhz bu keyfiyyətlərinə görə, “Kimyagər” romanını özbək məktəb proqramlarına daxil etmək, “Ədəbiyyat” dərsliklərində ona yer ayırmaq üçün təşəbbüslər də göstərildi. Bu iş həyata keçsəydi, iki cəhətdən faydalı olardı: uşaqlar dünya ədəbiyyatının ən seçmə nümunələrindən biri ilə tanış olar, bunun nəticəsin-də, əxlaqən qeyri-məqbul, mənəvi cəhətdən keyfiyyətsiz, hansısa modern və ya absurd ədəbiyyat nümunəsini deyil, bizim şərqanə ruhumuza uyğun təmiz və pak qayələrlə qidalanardılar.
 
Bu da maraqlıdır ki, Paulo Koelyo – uzaq Braziliyada necə və hansı yolla öz əsərini bu qədər şərqanə nur və ruhla dolğunlaşdırıb? Düzdür, Kristafor Marlo “Böyük Teymur” faciəsini, Höte “Qərb-Şərq divanı”nı, Puşkin “Qurana nəzirələr”i yazıb. Bu siyahını davam etdirmək də mümkündür. “Kimyagər” də belə əsərlərdən biridir. Amma islam Şərqinə xas olan sufiyanə ruh bu romana necə və hansı yolla hopub?
 
Braziliyalı bir yazıçının romanı haqqında bu qədər geniş bəhs etməyimiz bəlkə də qəribə duyula bilər. Amma məsələ bundadır ki...
 
“Mən həyatımın on ilini əlkimyanı öyrənməyə həsr etdim...” – deyə Paulo Koelyo öz əsərinin müqəddiməsində belə yazır. – Əl İksir (dirilik suyu)nu tapmaq mənim bütün fikir və xəyalımı zəbt etmişdi... 1981-ci ildə həyatıma ustadım – Rama daxil oldu... mən Öz Yolumu və Tanrı Əlamətlərini kəşf etdim...” Sonra o ustadları – “Aləm ruhu”nu kəşf edən və ona uyğunlaşmağı bacaran, Ümumbəşəri Dili mənimsəyən böyük yazıçılar: Heminquey, Bleyk, Borxes, Malba Taqana və başqalarının misilsiz xidmətlərini” etiraf edir, amma o Şərq fəlsəfəsini, Şərq əlkimyasını dilinə gətirmir, heç olmasa, Mövlanə Rumi həzrətlərinin adını da xatırlamır. Halbuki “Kimyagər” romanının təkcə süjeti deyil, fəlsəfəsi və qayələri də ulu Ruminin “Məsnəviyi-mənəviy”sindən alınıb, tamamilə onun təsiri ilə yazılıb. “Məsnəviyi-mənəviy” Özbəkistan xalq şairi Camal Kamal tərəfindən özbək dilinə çevriləndən sonra bu məsələ daha çox diqqəti cəlb elədi. Professor Nəcməddin Kamilov haqlı olaraq qeyd etdiyi kimi, “Fəlsəfəni Hegel və Marksdan, Şopenhauer və Kantdan, Nitsşe və Freyddən öyrənənlər, Mövlanə Rumi əsərlərini oxuyub görsünlər, hamısı və hər şey özümüzdə əvvəllərdən də var imiş, hər şeyi babalarımız söyləyib, gediblər. Bəli, Rumi hələ kəşf edilməmiş təfəkkür xəzinəsidir, bizim hələ tam və axıra kimi anlamadığımız mənalar ümmanıdır...”
 
“Məsnəviyi-mənəviy” – XIII yüzil dünya ədəbiyyatının şah əsəridir. Bu möhtəşəm əsərin özbəkcəyə tərcüməsi 2001-2004-cü illərdə həyata keçirilmişdir. Mənəvi-fəlsəfi epopeyanın sonuncu kitabındakı bir çox yerlərdə sərvət, xəzinə tapmaq üçün səy göstərmək barəsində söz gedir. Amma 272-ci səhifədə konkret olaraq belə bir cümlə var. “Bir adam yatıb yuxu görür, kimsə ona Misir məmləkətində filan məhəllədəki filan evin altında xəzinə basdırıldığını deyir...”. Bu xəbər-sərlövhəyə Mövlanə Ruminin kitabında rast gəlirik (yadınızdadırsa, Santyaqoya da yuxusunda xəzinəni Misirdən axtarmaq lazımlığı söylənir).
 
Bundan sonra Rumidə bədii mətn başlanır – bir adamın ehtiyac içində olması, Allaha münacat edib, yuxusunda qeybdən səs gəlib, onun Misirə getməsinin zəruriliyi vurğulanır: “O, filan mənzildə mədfun siymuzər, Lazım olur amma əzmi səfər”, şəklində ifadə edilir.
 
Beləliklə, o adam Misirə gəlib, qarnı ac, heç nəsiz, pulsuz-parasız qaldığından çətin vəziyyətə düşür. Xəzinəni qazmamışdan əvvəl adamların çox olduğu, izdihamlı küçədə əl açıb dilənməyə, çörək istəməyə başlayır. Onu mirşablar tutub döyürlər. Həmin adam mən oğru-quldur deyiləm, deyə dad-fəryad qoparır. Sonra isə başına gələnləri söyləyir; deyir ki, mən Bağdaddan gəlmişəm, yuxumda Misirə getməli olduğum mənə tapşıırılmışdı, mənə buradan xəzinə tapmağım əyan olmuşdur, deyə bütün sərgüzəştlərini bir-bir nağıl edir (“Kimyagər”də isə qəhrəman quldurların başçısına başına gələnləri söyləyir!). Bu vəziyyəti Rumi aşağıdakı kimi təsvir edir (sətri tərcümə):
 
 
 
Dedi mirşab: oğru deyil, əyri əl,
 
Yaxşı adamsan, amma nadansan bil.
 
 
 
Gənc gömülmüş guşə bir mənzil oyun,
 
O qəribin adın söylədi yeyin.
 
 
 
Yuxu deyə bunca yoldan gəlmisən,
 
Varmı səndə zərrə ağıl, huş?
 
 
 
Neçə dəfə mən də yuxu gördüm, yazıq,
 
Dedilər: Bağdaddan axtar simuzər.
 
 
 
O qonağın məhəllə, köyünü,
 
Söylədi mirşab sonra mənzil, soyunu.
 
 
 
Dedi ki, gördüm bu yuxunu neçə dəfə,
 
Dedilər: Bağdada get, Bağdada.
 
 
 
Yuxuya inanmadım, mən getmədim Bağdada,
 
Sən isə yuxu deyib, qalmısan yolda.
 
 
 
Olar nadan yuxusu nadana xas,
 
Boş bir şeydir, heç nəyə dəyməz.
 
 
 
Ruminin qəhrəmanı məəttəl qalır, bu da bir bəşarətdir deyə, Bağdada qayıdır və mirşabın söylədiyi xəzinəni öz həyətindən qazıb tapır:
 
 
 
Evə qayıtdı, tapdı gənc şadan olub,
 
Həyatı Haqq lütfündən bostan olub.
 
İndi isə “Kimyagər”da oxuyuruq: “ – Mən xəzinə axtarıram, – deyə Santyaqo bağırdı. O, susuzluqdan çatlamış, qan daman dodaqlarını zorla tərpədib, quldurlara Misir ehramları yanında gizlədilmiş xəzinəni iki dəfə yuxusunda gördüyünü söylədi... Onlardan biri, deyəsən, quldurbaşıya oxşayan birisi bunu eşidib xeyli fikirə getdi...
 
...Santyaqo arxası üstdə yıxıldı. Quldurbaşı onun gözlərinə baxmaq istədi., amma oğlan gözlərini ehramlardan çəkmədən uzanmışdı.
 
– Gedək burdan, – quldurbaşı yoldaşlarına dedi, sonra isə, Santyaqoya tərəf döndü:
 
– Nə qədər axmaq olduğunu başa düşməyin üçün səni öldürmürəm. Mən də iki il bundan əvvəl düz sənin yatdığın yerdə bir yuxunu bir neçə dəfə görmüşəm. Yuxumda guya mən İspaniyaya getməli imişəm, çobanların qoyunları ilə birlikdə girib yatdığı, qarşısında böyük bir çinar olan xaraba kilsəni tapmağı mənə buyururdular, amma mən sənin kimi hansısa yuxudan ötrü bu səhranı piyada kəsib keçən axmaqlardan deyiləm.
 
Bu sözləri deyib, quldurlar dərhal uzaqlaşdılar”.
 
Düzdür, ədəbiyyatşünaslıqda “səyyar süjetlər” anlayışı var. Məsələn, “Zümrüd və Qiymət” nağılı bir çox xalqlarda mövcuddur. Baş qəhrəmanın öz nökəri ilə səfərə çıxması və əcaib-qəraib sərgüzəştləri ilə bağlı səyyar süjet “Don Kixot”dan əvvəl vardı. Bu yöndəki bizə məlum olan yaxşı əsərlərdən biri Puşkinin “Kapitan qızı” povestidir, Abdulla Qədirinin “Ötən günlər” romanını da həmin süjet sisteminə aid etmək olar.
 
Amma biri-birinə eynən əkizlər tək oxşayan bütün əsərləri “səyyar süjet” qəlibi ilə ilə dəyərləndirmək düzgündürmü? “Kimyagər”də isə nəinki süjet, hətta süjet məzmunundan çıxan fəlsəfi məna – qayə də eynidir: Rumi də, Paulo Koelyo da insan həyatda öz yerini tapması üçün öz qəlbinə səfər etməlidir, hər şey onun özündə mövcuddur, deyirlər. Yeri gəlmişkən, Mövlanə Rumi “Fihi ma fihi” (“İçindəki içindədir”) əsərində bu məsələ barəsində, demək olar ki, heç kimə bir söz belə əlavə etməyə imkan vermədən, mükəmməl dərəcədə öz fikirlərini ifadə etmişdir.
 
“Məsnəviyi-mənəviy” yazılmasından 750 ildən çox keçir. Allah bilir, Brazilya ədibi Paulo Koelyo Ruminin bu böyük əsərindən tamamilə, bəlkə də, xəbərsiz olub. Bəlkə də buna görə, o Ruminin adını çəkməyib. Əslində, Y.E.Bertels dünya ədəbiyyatının Şekspir və Höte kimi əvəzedilməz klassikləri ilə bir sıraya qoyduğu Rumi buna heç möhtac da deyil. Amma bir məsələ şübhəsizdir, Ruminin kitabındakı məşhur süjet – nüvə olmasaydı, “Kimyagər” romanı “Bütün Aləm Ruhu”, “Yaradıcı Əl”, “Taleyə aparan Əlamətlər” kimi bir sıra ezoterik anlayışlar haqqındakı qeyri-müəyyən bəyandan ibarət olardı. Əgər zaman tərsinə dönüb, Paulo Koelyo “Kimyagər” romanını XIII əsrdə, Rumi isə “Məsnəviyi-mənəviy”sini XX əsrin axırlarında yazıb qurtarsaydı, mən “Məsnəviy”dəki həmin yerlər Paulo Koelyonun “Kimyagər” romanından təsirlənib yazılıb, amma Rumidə ulu bir qüdrətlə tərənnüm olunub, deyə söyləyərdim. Amma Paulo Koelyo bunu etiraf etmir. Allah bağışlasın, həqiqət isə bundan ibarətdir ki, fars, ərəb və türk dillərində yazıb-yaradan, əslən özbək olan dahi şairimizin “cibindən düşüb qalmış” kiçik bir lövhə – “Məsnəviyi-mənəviy” dəryasının bir damlası dünyanın o biri ucundakı bir ədibin qələminə qida verib, gözəl bir əsərin məğzinə çevrilib və bu roman hal-hazırda dünyanın 120 ölkəsində maraqla, sevilərək mütaliə edilməkdədir. Mövlanə Rumi məhz belə bir ulu və bənzərsiz mütəfəkkirdir.
 
Yuxarıda Paulo Koelyonun romanının ədəbiyyat dərslərində tədris edilməsinin zəruriliyini vurğulamışdıq. Biz yenə də bu fikirdəyik.
 
Amma... Mövlanə Rumini uşaqlarımız nə vaxt oxuyacaqlar? Dərslik yazan, hazırlayan pedaqoq alimlərimiz nə vaxt bizim balalarımıza Rumi və Əttarların dünyasına yol açacaqlar? Hamı bilir ki, Abdulla Qədiri, Çolpan, Fitrət, Qafur Qulam, Aybək həqiqi və ulu ziyalılar olub. Çünki onlar Şərqin müqəddəs və mötə-bər mənəvi xəzinələrindən nur alıb, qidalanıb yetişiblər. Bəs bugün dünyagö-rüşü teleseriallar və sarı qəzetlərlə formalaşdırılan uşaqlar necə və nə dərcədə ziyalı olub yetişəcəklər?
 
İspaniyadan Misirə yol alan Santyaqo öz vətəninə (qəlbinə, öz mahiyyətinə) qayıtmasa, arzusuna çatmazdı – əsl məqsəd yoxa çıxardı.
 
Biz də qoy uzaq ədəbi səfərlərə çıxaq. Amma son nəticədə öz mənəvi vətən-lərimizə qayıtmağı unutmayaq. Çünki məhz o zaman əsl və əbədi xəzinə sahibinə çevriləcəyik...
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR