Göylərdəki və yerdəki hər şey Allahı təsbih edər

Göylərdəki və yerdəki hər şey Allahı təsbih edər
22:27 21 Fevral 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

“Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib, şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (əl-Hədid, 57/1)
 
Varlıq aləmində mövcud olan hər bir şey Uca Yaradanı öz dilində təsbih edir, hamısı ona tərif deyir və ucaldır. Çünki bütün mülk və səltənət Allahındır və həmd yalnız Ona məxsusdur. O hər şeyə layiqi ilə gücü çatandır. Quranın “Göylərdə və yerdə kim varsa, istər-istəməz özləri də, kölgələri də səhər-axşam Allaha səcdə edər (baş əyər)” (ər-Rəd, 13/15) ifadəsi çox böyük bir incəlik daşıyır. Hörmət üçün alnını yerə qoymaq mənasına gələn səcdə itaətin, boyun əyməyin və təslim olmağın son həddidir. Uca Allaha səcdə və təsbih etmək, Allahın hökmünün hər zaman və hər yerdə qüvvədə olduğunu, heç bir şeyin Onun əmrinin xaricinə çıxa bilməyəcəyinin bilinməsi deməkdir. Quranda “Yeddi göy, yer və onların içində olanlar Allahı təsbih edər. Ancaq siz onların tasbihini başa düşməzsiniz.” (əl-İsra, 17/44) bildirilir. Günəş, ay, ulduzlar, dağlar, ağaclar, heyvanlar və bütün varlıqlar, hər an Allaha səcdə edir və onun əmrlərinə tabe olurlar.
 
Göylərdəki və yerdəki bütün varlıqların Onu təsbih etməsi, Uca Allahın yüksək iradəsinin və mütləq gücünün təbii bir nəticəsidir. Hər şey Uca Allahın elminin əhatəsindədir. Beləliklə, Allah olanlardan xəbərdardır və bəndələrinin bütün hərəkətlərini bilir. İnsanlar iradələrindən istifadə etməklə Allahı hər cür qüsur və əskiklərdən tənzih etməli, ona qüsurlu vəsflər isnad etməkdən uzaq durmalıdırlar. Allah elə bir Məlikdir ki, göyləri, yerləri, bütün kainatı yaradıb nizamlamışdır. Sağlam ağıl sahibləri üçün Uca Allah “Onlar ayaq üstə olanda, oturanda və uzananda Allahı anarlar. Göylərin və yerin yaradılışı haqqında düşünürlər. Rəbbimiz, bunu boş yerə yaratmadın, səni əskikliklərdən uzaq tutarıq deyərlər.” (Ali-İmran, 3/191) buyurmuşdur. Bədəni və ruhu saflaşdırmağın yolu Allahı tanımaq və Onu uca tutmaqdır. Demək ki, yerdə və göylərdəkilərin hamısı öz dilləri ilə hər an Allahı təsbih edirlər.
 
Varlıqların bu təsbihini insanların bilib başa düşməsi mümkündürmü? İnsanın xaricində başqa varlıqların Allahı təsbih etməsi, insanlarınkı kimi səs və hərflərlə olan bir təsbih deyil. Onların Allahı tənzih və təsbih etməsini varlıqlarının nəticəsi olaraq, öz funksiyalarının həyata keçməsi kimi də düşünmək olar. Varlıqlar aləmində hər bir şey dönmə hərəkəti ilə Allahı təsbih edir. Bütün yaradılanlar bu aləmə gəldikləri zaman Allahı tanıyıb, Onu təsbih etdilər. Onların yaradılmaları da Allahın varlığına və ucalığına bir şəhadətdir. Bu varlıqlar yaradılışdan gələn xüsusiyyətlərlə onlara verilən vəzifələri layiqli şəkildə yerinə yetirirlər. Varlıq aləmində insan və cinlərin xaricində Allaha üsyan edən, Allahın əmrlərindən kənara çıxan, özbaşına başqa bir varlıq yoxdur. Göylərdə və yerdə olanlar istəsələr də istəməsələr də, Allaha səcdə edirlər. Səcdə etmək Allahı təsbih etməyin mühüm bir şəklidir. Səcdə edən insan bəndə olmağın ən son nöqtəsinə çatır, böyük bir məqamın qarşısında üzünü yerə sürtür, insanın mənliyini qürur və təkəbbürdən saflaşdırmağın ən son səviyyəsini yaşayır. Beləliklə, demək mümkündür ki, Allaha səcdə etmədən Onu təsbih etmək tam şəkildə həyata keçməyəcək, həmçinin bütün hallarda Allahı təsbih etməyənlərin də yalnız səcdə etmələri gözlənilən nəticəni verməyəcəkdir.
 
Allahı təsbih etmək onun heç bir əskik vəsfi daşımadığının, hər şeyə gücü çatan, yoxdan yaradan, heç bir varlığa oxşamayan, tayı və bənzəri olmayan bir ilah olduğunu qəbul və təsdiq etməkdir. “Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir...” (ən-Nur, 24/41) Elə isə hər zaman Uca Yaradan xatırlamalı, daim şükür etməli, onu sonsuz və sərhədsiz bir şəkildə mədh etməliyik.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR