Yaponiyanın Okinava şəhərində Azərbaycan haqqında ilk seminar keçirilib

Yaponiyanın Okinava şəhərində Azərbaycan haqqında ilk seminar keçirilib
08:53 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Tokio, 22 fevral, AzərTAc
Yaponiyanın turizm, loqistika, incəsənət və əyləncə mərkəzi kimi tanınan Okinava adasında "Incorporated association of Okinawa Ekkyo Consortium” konsorsiumunun təşkilatçılığı ilə Azərbaycan haqqında ilk seminar keçirilib.
Seminarda yerli hakimiyyət orqanlarının nümayəndələri və iş adamları iştirak ediblər.
Azərbaycanın coğrafi mövqeyi, tarixi, iqtisadiyyatı və müasir inkişafı barədə məlumat verən “World İnvesters TV” internet televiziyasının prodüseri, iqtisadçı ekspert Kazuyasu İşida Okinava ilə Azərbaycan arasında tarixi baxımdan oxşarlıqların olduğunu bildirib. Bunun hər iki tərəfin iş adamları arasında yaxşı əməkdaşlıq əlaqələrinin qurulması üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Azərbaycanın iqtisadiyyatıdan danışan K.İşida aparıcı sahələr və son illər müşahidə olunan dinamik inkişaf barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, ölkə rəhbərliyinin karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəətdən bacarıqla istifadə etməsi nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edir. Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirirlər.
Hazırda icra edilən “Khazar İslands”, “Baku White City” kimi nəhəng layihələrdən danışan K.İşida Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı, Heydər Əliyev Mərkəzi, Bakı bulvarının genişləndirilməsi və Bakı Metropoliteninin yeni xətlərinin çəkilməsi işlərindən də söz açıb. Bildirib, “Avesta” konserni tərəfindən həyata keçirilən “Khazar İslands” layihəsi çərçivəsində Bakıda dünyanın ən hündür qülləsinin və ən böyük məscidinin inşası planlaşdırılır.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevirildiyini vurğulayan iqtisadçı ekspert cari ilin iyununda ilk Avropa Oyunlarının da ölkəmizdə keçiriləcəyini diqqətə çatdırıb.
Azərbaycanda biznes imkanları barədə danışan K.İşida qeyd edib ki, əlverişli biznes mühitinin yaradılması istiqamətində ölkəmizdə son illər mühüm irəliləyişə nail olunub. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayır.
Okinavanı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə müqayisə edən K.İşida hər iki anklav arasında coğrafi baxımdan oxşar cəhətlərin mövcudluğunu qeyd edib.
Sonda yerli iş adamlarına cari ilin martında və aprelində Azərbaycana təşkil olunacaq işgüzar səfərlər barədə də ətraflı məlumat verilib.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_Okinava_seherinde_Azerbaycan_haqqinda_ilk_seminar_kechirilib-834039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR