İslamın sözünü eşidin!

İslamın sözünü eşidin!
09:36 22 Fevral 2015
669 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz müsəlmanlarının XII Şeyxülislamı Hacı Allahşükür Paşazadənin Azərbaycan xalqı qarşısında göstərdiyi əsas xidmətlərindən biri də Bakı İslam Universitetinin yaradılması sayılır. Şeyx Bakıda İslam elminin öyrədən bir tədris müəssisəsinin yaradılması arzusunun onda hələ gənclik çağlarından yarandığını deyir. “Əgər Quran olmasaydı, onu elmi şəkildə öyrənməsəydik, İslam indi ayaqüstə dayanmazdı. Şəxsən mən özüm elm öyrənmək üçün illərlə gecələr mollaların yanına getmişəm, “KQB”nin qorxusundan lampa işığında çətinliklər çəkmişik. Mənimlə yanaşı başqa adamlar da oxuyub. İslamı bu yollarla 1990-cı illərə kimi gətirmişik. Amma biz ehtiyac duyduq ki, daha çox gənclərimiz İslam elmini öyrənsin”,- deyə Hacı Allahşükür Paşazadə ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirir.


Sovet ideologiyasının tüğyan etdiyi bir dövrdə - 1989-cu ildə Bakı İslam Mədrəsəsinin açılmasına nail olmuş Şeyxülislam o vaxt Moskvadan bunun üçün icazə alınmasının çox çətin olduğunu bildirir: “Bütün Sovet İttifaqında bir mədrəsə var idi, o da Buxarada idi. Mən özüm də orada oxumuşam. Oraya qəbul bütün sovet müsəlmanlarından 50 nəfərdən artıq olmazdı. Say 50 nəfərdən artıq olanda, tələbəni aşpaz, qarovulçu və s. kimi rəsmiləşdirirdilər ki, Moskvadan gəlib yoxlayanda artıq adam olmasın”.

Hacı Allahşükür Paşazadə 1980-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri seçildikdən sonra bu arzusuna nail olmağa çalışır. Nəhayət 1988-ci ildə SSRİ Nazirlər Sovetinin dini işlər şöbəsi Bakı İslam Mədrəsəsinin yaradılmasına icazə verir. Amma birinci qəbul üçün tələbə sayı çox az - 15 nəfər müəyyən edilir. “Bizə qarşı ikili standartla davrandılar. Onda Azərbaycanın əhalisi 8 milyona yaxın idi, 15 nəfər tələbə qəbul edilməsinə icazə vermişdilər. Amma əhalisi Azərbaycanın əhalisindən iki dəfə az olan Gürcüstanda Xristian Dini Akademiyasının yaradılmasını və birinci il 100 nəfər tələbə qəbul edilməsini qərara almışdılar. Amma biz həmin il Şeyxin icazəsi ilə 21 nəfər qəbul etdik”,- deyə həmin günlərin canlı şahidi, hazırda Bakı İslam Universitetinin rektoru işləyən Hacı Sabir Həsənli bildirir.


Bakı İslam Mədrəsəsinin yaradılmasından bir neçə aydan sonra 1990-cı ildə 20 yanvar faciəsi baş verir. Mədrəsənin 21 nəfər tələbəsi, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dəvət edilmiş Quran oxumağı bilən 60-dan çox gənc düz 40 gün indiki Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin məzarı üzərində dayanır. O vaxtkı respublika rəhbərliyi İslam təhsili görmüş gənclərin ölkə üçün çox vacib olduğunu anlayır. 1990-cı ildə 100-ə yaxın tələbə qəbuluna icazə verilir və mədrəsənin adı Bakı İslam İnstitutu qoyulur. İnstitut 1994-cü ildə Ədliyyə Nazirliyindən Qafqaz İslam Universiteti kimi qeydiyyatdan keçib. 1997-ci ildə isə adı dəyişdirilərək Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçib. 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yenidən qeydiyyata alınıb. 2009-cu ildə isə Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinin fəaliyyətinə lisenziya verilib. Lisenziyaya əsasən Universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunur. Təhsil əyani və qiyabi şöbələrdə aparılır. Universitetdə həm islami, həm də ictimai-siyasi fənlər tədris olunur, təxminən 10 fənn İslamı öyrədir, 12-13 fənn isə ictimai-siyasi sahəyə aiddir. Azərbaycan tarixi, klassik Azərbaycan ədəbiyyatı, ərəb və fars dilləri, ingilis dili, informatika, pedaqoqika, psixolgiya fənləri tədris edilir.
Fəaliyyət göstərdiyi müddət ərzində Universitet Azərbaycanda dövlətçiliyin inkişafına xüsusi xidmət göstərib. Bakı İslam Universitetinin əsas xidməti ölkə üçün savadlı dini kadrlar yetirmək olub. “Sovet vaxtı Azərbaycanda 17 məscid var idi. İndi məscid sayı 2 mini keçir. Onların xeylisində fəaliyyət göstərən imam və axundlar məhz Bakı İslam Universitetinin yetirmələridir”,- deyə Şeyxülislam Hacı Allahşükür Paşazadə vurğulayır.
Universitet regionlarda islami savadı olmadan dini ayinləri icra edən həvəskar dindarlara sistemli təhsil vermək sarıdan böyük işlər görüb. “Müəyyən məscidlərdə işləyən bu adamlar qiyabi bölməyə qəbul olunurdular. Yaşı 40-50 arasında dəyişən bu dindarlar illərlə məscidlərdə ayinləri icra ediblər, yas mərasimlərini idarə ediblər. Onların sistemli təhsil alması faydalıdır. Bu da onların zərərli radikal dini təriqətlərin nümayəndələri ilə müzakirələrdə layiqli cavab verməsinə şərait yaradır”,- deyə Universitetin rektoru Hacı Sabir Həsənli vurğulayır.
Rektorun dediyinə görə, bu ali təhsil müəssisəsi Azərbaycan üçün vətənpərvər diplomatik kadrlar da hazırlayır: “Məktəbdə tədrisin əsas prinsipi dövlətçilikdir. Tələbələrimizə Vətəni sevməyi öyrədirik. Həzrəti Peyğəmbərimiz buyurub ki, Vətən sevgisi imandandır. Bizim Universiteti bitirənlər heç zaman rüşvətə bulaşa bilməzlər, çünki tədris prosesində heç zaman rüşvətlə qarşılaşmırlar. Onlara rüşvətin nə qədər böyük günah olduğunu öyrədirik. Allah təala Quranda buyurur ki, rüşvət zinaya bərabər bir şeydir”.
Bakı İslam Universiteti həm də Azərbaycanda məzhəblər arası mehribanlıq şəraitinin formalaşmasında böyük rol oynayıb. Balanslı şəkildə həm sünni, həm də şiə məzhəblər üçün kadrlar yetişdirib. Hər iki cərəyanın məzhəblərindən təxminən bərabər sayda tələbələr qəbul edilib. Onlar hər iki cərəyana məxsus elmlərlə tanış edilib. Ümumiyyətlə, Azərbaycanın məzhəblər arası mehribanlıqla bağlı gözəl ənənələri var və bu, həmişə görənlərdə xoş bir həsəd, heyranlıq duyğusu oyadır. Hacı Sabir Həsənli hələ 1982-ci ildə Hacı Allahşükür Paşazadə ilə birlikdə səfər etdikləri İordaniyada baş vermiş bir hadisəni xatırlayır: “Onda biz Şeyx həzrətləri ilə İordaniya kralı Hüseynin qonağı idik. Kral bizim Azərbaycandan olduğumuzu biləndə heyranlığını gizlədə bilmədi. “Bir tanışım gəlib. Deyir ki, sizin ölkədə sünnilərlə şiələr eyni məsciddə yanaşı duraraq cümə namazı qılırlar. Bunu necə bacarırsınız? Biz burada bu məqsədlə Əhli-Beyt mərkəzi tikdirmişik. Amma sünnilərlə şiələri bir yerə yığa bilmirik”,- deyə Kral Hüseyn sual verdi. Şeyx isə ona zarafatla “Bəlkə siz də bizim kimi sosialist olasınız” dedi. Kral isə gülərək “Bəlkə də ayrı yolumuz yoxdur” cavabını verdi”,- deyə rektor xatırlayır.
Amma Hacı Sabir Həsənlinin dediyinə görə, indi Bakı İslam Universitetinin bu cür balanslı şəkildə sünni və şiə kadrlar yetişdirməyə imkanı yoxdur. 2011-ci ildən başlayaraq Bakı İslam Universitetinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılır. Daha öncə isə bu işi Bakı İslam Universiteti özü görürmüş. Abituriyent ilk öncə qabiliyyət imtahanı verirmiş. Bu imtahandan sonra gənclər TQDK-nın sualları əsasında Universitetin təşkil etdiyi daxili testdən keçirilirmiş. Bu yolla hər il 120-130 tələbə seçmək mümkün olurmuş.
Qabiliyyət imtahanı zamanı tələbə olmaq istəyən gəncə namaz qılıb - qılmadıı soruşulur, müsbət cavab aldıqda namazı icra etmək xahiş edilirmiş. “Namazın icrası artıq onun imanlı olub-olmadığını, hansı məzhəbə aid olduğunu ortaya çıxarırdı. Azərbaycanda təmsil olunan şiə və sünni məzhəblərinin nümayəndələrini eyni sayda qəbul edirdik. Balansı qorumağa məcbur idik. O vaxt oğlanlar və qızlar arasında da balansı qoruya bilirdik. İndi bəzən testdən keçib gələnlərin böyük əksəriyyəti qızlar olur. Halbuki, bizə daha çox oğlan lazımdır. Çünki məscidlərdəki imam və axund vəzifələrinə oğlanları göndərməliyik. Biz qəbul edəndə qızların payı 25 faiz olurdu, 75 faiz isə oğlan götürürdük”,- deyə Hacı Sabir Həsənli vurğulayır.
Qabiliyyət imtahanı imam və axundları xarici görünüşcə də seçməyə də imkan yaradırmış. Məsələ bundadır ki, bütün dinlərdə olduğu kimi din xadimi lider kefiyyətləri daşımalıdır - xarici görkəmi xarizmatik, danışığı bəlağətli olmalıdır. Yəni hər hansı bir əlilliyi olan insan imam və ya axund ola bilməz.
Məhz elə bu səbəblərdəndir ki, yarandığı tarixdə ilk dəfədir ki, bu il Bakı İslam Universiteti öz məzunlarını məscidlərə göndərə bilmir. Səbəb bu ilki məzunların TQDK xətti ilə qəbul edilməsidir. “Əvvəllər biz tələbələri 5 il oxudurduq. Amma bakalavr sisteminə görə təhsili 4 ilə endiriblər. Dini biliklər üçün 4 il yetərli deyil”,- deyə Hacı Sabir vurğulyır.
41 il bu sistemdə işləyən rektor bildirir ki, vaxtı ilə Azərbaycanda ad çıxarmış axundların, şeyxlərin hamısı 20-25 ilə din xadimi kimi yetişiblər. Yəni onlar hələ sovet rejimindən qabaq 10-15 il molla yanına gediblər. Xaricdə Qum, Nəcəf, Bağdad, Dəməşq, Hələb şəhərlərində 10 illərlə mədrəsə təhsili alıblar. TQDK tərəfindən qəbul olunan uşaqların ilin hazırlığı da yetərli. Keçid üçün lazım olan 100 balı toplamış bu uşaqların əksəriyyətinə Universitetdə əlifbadan başlayaraq Quran öyrədilir.
Nəticədə, Bakı İslam Universitetindən imam və ya axund gözləyən dini icmaların istəyi təmin olunmur. “Azərbaycanda bu gün 2000-dən bir qədər artıq məscid var. Bunların cəmi 500-dən bir qədər artığı rəsmi qeydiyyatdan keçib. Yəni bu məscidlərin imamı və ya axundu var. Yerdə qalan 1500 məscid imamsızdır”,- deyə Hacı Sabir Həsənli problemin dərinliyini təsvir edir.
Onun sözlərinə görə, Azərbaycanda orta məktəblərdə din dərslərinin də keçirilməsinə ehtiyac var və Universitetin məzunları bu işdə yardımçı ola bilərlər: “Putinin göstərişi ilə Rusiyanın 19 vilayətində dini dərslərə başlayıblar. Bizdə də heç olmazsa Bakı şəhərinin məktəblərinin birində bu dərslər keçilsə yaxşı olar. Demirəm ki, məktəblərdə şagirdlərə namaz, oruc öyrədilsin, sadəcə İslam barədə məlumat verilsin. İndi aşağı siniflərdə keçilən “Həyat” dərsi bu boşluğu doldurmur, əksinə, bəzən səhv hədislər verilir. Övladlara ziyansız elm verilməlidir. Həzrət Əli buyurub ki, övladınıza bu günün deyil, sabahın elmini verin. Amma bu sabah üçün verilən elm salamat olmalıdır. Dağıdıcı, ailə olcaqlarını söndürən elm olmalı deyil”.
Universitetin məzunlarının bir problemi də var. 2011-ci ildən qabaq, yəni TQDK-nın testində iştirak etmədən, Bakı İslam Universitetinin daxili testi ilə qəbul edilmiş məzunların diplomları dövlət qurumları tərəfindən tanınmır. Hacı Sabir Həsənli bunu “Dini etiqad haqqında”qanunun 10-cu maddəsinin pozulması kimi dəyərləndirir: “Maddəyə görə, dini təhsil müssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlarla eyni hüquq və güzəştlərdən istifadə edirlər. Amma buna baxmayaraq, Bakı İslam Universitetinin verdiyi diplomlar qəbul edilmir”.
Məhz buna görədir ki, Universiteti bitirmiş tələbələrin yazdığı elmi işlər də qəbul olunmur, dissertasiya müdafiə edə bilmirlər. Halbuki, Bakı İslam Universiteti geniş beynəlxalq əlaqələrə malikdir. Kiyev Universiteti, Rusiya Linqvistika Universiteti ilə gözəl əlaqələrivar malikdir. Bu yaxınlarda Bolqarıstan universitetləri ilə də müqavilə bağlanıb ki, elmi fəaliyyəti daha dərinləşsin. Universitetdə həm də elmi şura yaratmaq düşünülür.
Hacı Sabir Həsənli bunu indiyə kimi göstərdiyi fəaliyyətə bir növ sayqısızlıq kimi dəyərləndirir. “Mənə 60 yaşımla bağlı verilən “Şöhrət” ordeni məhz Azərbaycanda dini təhsilin inkişafına görə verilib. Əgər mənim yetişdirdiyim məzunların diplomu tanınmırsa, deməli, mənim fəaliyyətim də tanınmır”- deyə 70 yaşlı ilahiyyatçı alim vurğulayır.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR