Naxçıvanda bayram şənlikləri keçirilir

Naxçıvanda bayram şənlikləri keçirilir
20:12 2 Yanvar 2015
235 Sosial
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikasının bütün şəhər, qəsəbə və kəndlərində bayram şənlikləri yanvarın 2-də də davam etdirilib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, muxtar respublikanın Şərur rayonunun rəngarəng işıqlarla bəzədilmiş rayon mərkəzində kütləviliklə müşahidə olunan bayram tədbirləri keçirilib. Yaradıcı kollektivlərin çıxışları alqışlarla qarşılanıb.

Bayram tədbirində ən çox sevinən isə uşaqlar olublar. Onlar küknarlar ətrafında rəqs edib, mahnılar oxuyub, şeir söyləyiblər.

Rayon Mədəniyyət Evinin “Arpaçay” instrumental, “Şərur qönçələri” və “Şərur” Xalq Yallı ansambllarının ifalarında səslənən musiqi nömrələri və rəqslər, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayevanın, Cabbar Əliyevin və digərlərinin ifa etdikləri mahnılar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Muxtar respublikanın hər yerində olduğu kimi, Babək rayonunun Babək qəsəbə mərkəzində, Nehrəm və Cəhri kəndlərində yanvarın 1-ndə və 2-də bayram şənlikləri keçirilib. Şənliklərdə Vətənimizi, Yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, rayon Mədəniyyət Evinin musiqi kollektivlərinin çıxışları şənliyə gələnlərdə xoş ovqat yaradıb, paylanan hədiyyələr balacalara əsl bayram sevinci bəxş edib.

Ordubad rayonunun mədəniyyət müəssisələrinin və musiqi məktəblərinin kollektivlərinin Ordubad şəhərindəki tədbirlər meydanında rayon ictimaiyyətinə təqdim etdikləri musiqi nömrələri alqışlarla qarşılanıb. Tədbirdə ulu öndər Heydər Əliyevə, dövlətçiliyimizə, müstəqilliyimizə, Azərbaycana, qədim diyarımız Naxçıvana həsr olunmuş şeirlər səsləndirilib.

Culfa şəhərində keçirilən Yeni il bayramı şənliyində Şaxta babanın, Qar qızın, nağıl qəhrəmanlarının, rayon Mədəniyyət Evinin özfəaliyyət və Culfa şəhərindəki Uşaq musiqi məktəbi kollektivlərinin iştirakı ilə tamaşa və konsert proqramı təqdim olunub. Nağıl qəhrəmanları ilə görüşən və Şaxta babadan yeni il hədiyyələri alan uşaqlar bayram sevinci yaşayıblar.

Geniş quruculuq-abadlıq işlərinin aparıldığı Kəngərli rayonunda da silsilə bayram tədbirləri keçirilib. Rayonun Qıvraq qəsəbəsindəki hərbi hissədə möhtəşəm şənlik olub. Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Kəngər” instrumental ansamblı hərbçilərimiz qarşısında bayram proqramı ilə çıxış edib. Vətənimizin tərənnümünə həsr olunan şeirlər böyük coşqu yaradıb. Rayon mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında keçirilən yeni il şənliyində də “Kəngər” instrumental ansamblı solistlərinin və Naxçıvan şəhərindən dəvət olunmuş müğənnilərin ifasında səsləndirilən mahnılar çoxsaylı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Şaxta baba və Qar qızın gəlişi uşaqlara şən əhval bəxş edib, onları sevindirib.

Şahbuz şəhərində keçirilən tədbirdə füsunkar təbiətə malik olan Şahbuz rayonunda aparılan quruculuq işlərindən geniş danışılıb. Rayon ictimaiyyətinə bölgənin musiqi kollektivlərinin ifasında bir-birindən maraqlı musiqi nömrələri təqdim olunub.

Naxçıvanın alınmaz qalası adlandırılan Sədərək rayonunda keçirilən tədbirdə sərhəd bölgəsinin sakinləri yüksək fəallıqla iştirak ediblər. Bayram tədbirində rayonun musiqi kollektivləri sədərəklilərə xoş ovqat bəxş ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR