Bunu da gördük: "1000 manat verin, işıq verim"

Bunu da gördük: "1000 manat verin, işıq verim"
15:37 22 Fevral 2015
106 Sosial
Ölkə mətbuatı
A- A+

Dünəndən Bakıda müşahidə olunan qarlı-çovğunlu hava şəraiti şəhər təsərrüfatını yenə iflic edib, bu sahəyə məsul olan qurumların, daha doğrusu, onların rəhbərlərinin yarıtmazlığını və məsuliyyətsizliyini ortaya qoyub.

Virtualaz.org yazır ki, paytaxtın əksər rayonlarında iki gündür işıq yoxdur. Sabunçu, Suraxanı, Nizami, Xətai Binəqədi rayonlarının işıq və qaz təchizatında da ciddi problemlər yaşanır. Doğrudur, “Azərişıq” və “Azəriqaz” rəsmiləri bunu özləri də etiraf edir, bu problemlərin yaranmasının səbəbi kimi güclü küləyi, çovğunu göstərir və yaranan problemləri həll etməyə çalışdıqlarını bildirirlər.

Amma “Azərişıq” Abşeron rayonunda yaşanan rəzalətə, çətin ki, ağlabatan izah verə biləcək. Çünki burada küləklik bir iş yoxdur. Abşeron rayonunun Xırdalan qəsəbəsində yüzlərlə ailəni bu qarlı-çovğunlu havada külək yox, inanılmaz kələk işıqsız qoyub.

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1A ünvanındakı çoxmərtəbəli binanın sakinləri virtualaz.org saytına müraciət edərək işıqsız qalmalarından şikayətləniblər.

Amma sakinləri binanın elektrik enerjisinin kəsilməsindən daha çox, “Azərişıq” ASC-nin Xırdalan şəhəri şöbəsinin rəhbərliyinin onlara verdiyi cavab hiddətləndirib.

Bina sakinlərinin şikayətindən: “İşıqlarımız dünəndən bəri bir neçə dəfə söndürülüb-yandırılıb. Şikayət etmişik, gəlib yandırıblar. Bu gün səhər saat 10-un yarısından isə işıqlarımız yenə yanmır. Bizim binaya qaz çəkilməyib deyə evləri elektriklə qızdırmağa məcburuq. İşıq da ki, yoxdur. Bu gün binanın bütün sakinləri yığılıb “Azərişıq” ASC-nin Xırdalan şöbəsinə getmişik. Orada Çingiz adlı bir rəhbər işçi bizə açıq-açığına, heç nədən çəkinmədən dedi ki, sakinlər 1000 manat pul yığıb versinlər, işığınızı qoşaq. Ona borcumuzun olmadığını dedik. Cavabında qayıtdı ki, borcunuzun olub-olmamasının məsələyə dəxli yoxdur, əgər bu soyuqda işıqsız qalmaq istəmirsinizsə, dediyim pulu verməlisiniz, yoxsa adını qəza qoyub işığı yandırmayacağıq, bu işə mən baxıram...”

Şikayətçilər bildirir ki, onların xahişləri, şikayət xəbərdarlığı heç bir nəticə verməyib: “Çingiz adlı həmin şəxsin yanında 3-4 nəfər də var. Hamısı bir ağızdan az qala irişə-irişə dedi ki, pul yığılmasa, işıq olmayacaq. Əslində bu, Çingiz və dəstəsinin ilk belə kələyi deyil. Payız girəndən bəri başımıza dəfələrlə bu oyunu açıblar. Bəzən gecələr xəlvətcə gəlib ayrı-ayrı mənzillərin işıqlarını ayırıb gedirlər. Sakinlər şikayət edir, gəlirlər, ən azı 50-60 manat alıb işığı verirlər. Haraya şikayət edəcəyimizi bilmirik”.

Bunlar Mehdi Hüseynzadə küçəsi, 1A saylı binanın sakinlərinin dedikləridir. “Azərişıq” ASC-nin səslənən bu ittihamlara nə deyəcəyi çox maraqlıdır. Hər halda idarənin də mövqeyini öyrənməyə çalışacağıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/326006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR